SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » 109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Tarix:

19-04-2024, 16:33

/ 297 dəfə oxundu.
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Hər ilin 24 aprel tarixi ermənilər üçün xüsusi bir gün sayılır. Həm Ermənistanda, həm də digər ölkələrdə yaşayan haylar 24 aprel tarixini vay-şüvən, ahu-zarla keçirərək uydurulmuş soyqırımını qeyd edirlər. Ulu babaları sərgərdan qaraçı olan və Cənubi Qafqaza əsasən XVIII əsrdə zorla yerləşən bu xalqın nümayəndələri işlərini o qədər ustalıqla icra edirlər ki, bir neçə ölkə bu qondarma günü tanıyaraq, parlamentlərində erməni soyqırımı barədə qanun da qəbul ediblər. Düzdür, bu qərarların qəbulu əsasən siyasi motivlərə dayanır.Hətta Amerikada yaşayan ermənilər bir az da irəli gedərək, məsələnin ABŞ Konqresində müzakirəsinə çıxarılmasını istəsələr də, Türkiyə tərəfinin sərt mövqeyi və hələ də ayıq-sayıqlığını itirməyən bir sıra konqresmenlərin sayəsində bu addım atılmayıb. 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 109-cu ildönümü ərəfəsində İrəvanda maraqlı hadisələr qeydə alınıb. Baş nazir Nikol Paşinyanın bəyanatı Türkiyə tərəfindən müsbət dəyərləndirilə və münasibətlərin normallaşdırılması üçün xoş addım sayıla bilər.

Məsələ burasındadır ki, 13 aprel tarixində baş nazir “Ermənistan Respublikasının sosial psixologiyası” mövzusunda mühazirə oxuyub. Qondarma erməni soyqırımı məsələsinə toxunan Paşinyan bir dəfə də olsun bu termindən istifadə etməyib. Bunun əvəzinə isə “böyük fəlakət” və “qətliam” sözlərinə üstünlük verib. Eyni zamanda vurğulamaq lazımdır ki, bir saatlıq leksiya zamanı hökumət başçısı bu məsələdə də Rusiyanı günahlandırıb. O, qeyd edib ki, qondarma soyqırımı məsələsi SSRİ tərəfindən qızışdırılıb və məsələ 1946-cı ildən başlayıb. Daha dəqiq desək, Rusiya ilə Türkiyə arasında münasibətlərin pisləşməsi və NATO-nun yaranması ilə eyni dövrə təsadüf edib. Baş nazir iddiasına görə, Kreml “soyqırımı”ndan qaçan mühacirlərin geri qaytarılmasını təşkil etdi.

109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH

Dövlət başçısı eyni zamanda qeyd edib ki, Rusiya 1915-ci ildə regionu tərk edib və böyük fəlakət baş verib. Guya bir sıra daxili problemlər səbəbindən Moskva ərazini tərk ediblər və dəqiq seçim edən ermənilər Türkiyə ilə təkbətək qalıblar.

Qeyd etmək yerinə düşər ki, Paşinyan bu məsələdə tarixi faktları təhrif edib. Birincisi, rus ordusu Qafqazı 1915-ci ildə yox, 1917-ci ildə tərk edib. İkincisi, Osmanlı İmperiyasında fəaliyyət göstərən erməni siyasi partiyaları ilə “Gənc Türklər” arasında Şərqi Anadoluda erməni dövlətinin yaradılması ilə bağlı razılaşmalar barədə məlumatı olan Çar Rusiyası erməni məsələsindən Osmanlı imperiyasını zəiflətmək üçün bir vasitə kimi istifadə etməkdə ehtiyatlı davranırdı. “Böyük Ermənistan” xülyası adlı xəritədən isə Fransadakı rus kəşfiyyatı 1902-ci ildən məlumatlı idi. 1914-cü ildə Türkiyə ilə müharibənin başlanması erməni planlarının həyata keçirilməsini asanlaşdırdı. Yaşadıqları dövləti arxadan vuraraq türk kəndləri qılıncdan keçirən erməni silahlı dəstələri isə ordu mənsubları tərəfindən cəzalandırıldı. Bir sıra ermənilər isə qorxuya düşərək ərazini tərk etdilər. Bu isə sonradan soyqırımı nağılını yaratmaq üçün əla fürsətə çevrildi.

Göründüyü kimi, baş nazirin çıxışı Türkiyə ilə münasibətləri normallaşdırmaqla yanaşı, Rusiyanı günahlandırmağa yönəlib. Dövlət başçısı bu addımı ilə bu günə qədər az qala Ermənistanın başına gələn bütün müsibətlərdə Kremli günahlandırmaq dəst-xəttinə davam edir. Onun bu çıxışı isə İrəvanda siyasi qalmaqala səbəb olub. Müxalifətlə yanaşı, diaspor və kilsə də Paşinyanı sərt şəkildə tənqid edərək, Türkiyənin qulu olmaqda ittiham edib.

Maraqlıdır ki, baş nazirdən sonra hakim partiyanın ruporlarından biri sayılan, deputat Andranik Köçəryan da bənzər bəyanatla çıxış edərək bildirib ki, 1915-ci il hadisələrinin qurbanlarının tam siyahısını hazırlamaq lazımdır. Erməni təbliğat maşını bu günə qədər tarixi faktları gözardı edərək, qondarma soyqırımı nəticəsində 1.5 milyon dinc erməninin qətlə yetirildiyini iddia edir. Bununla yanaşı, rəqəmi sübut edən heç bir sənəd və sübut da yoxdur. Köçəryanın sözlərinə görə, bütün qurbanların adlarını dəqiqləşdirmək lazımdır.

Deputat Ovik Ağazaryan da polemikalara qoşularaq, bildirib ki, müasir Türkiyə 1915-ci ildə baş verən hadisələrə görə hüquqi məsuliyyət daşımır. O, həmçinin xatırladıb ki, həmin dövrdə ermənilər Osmanlı imperiyasının tərkibində yaşayıblar və öz dövlətləri olmayıb. Deməli, Ermənistanın 1915-ci il hadisələri ilə bağlı Türkiyədən heç nə tələb etməyə haqqı yoxdur.

Qeyd etmək yerinə düşər ki, dünya ermənilərinin uzun illər Türkiyəyə qarşı apardıqları saxta “soyqırımı” ittihamları və təbliğat Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına mane olan səbəblərdən biridir. Bu səbəbdən də hakim partiyanın birdən-birə bu məsələyə maraq göstərməsi və az-çox reallıqları etiraf etmə cəsarəti əslində qonşu dövlətlə münasibətləri həqiqətən də normallaşdırmaq istəyindən xəbər verir.

Yuxarıda da qeyd edildiyi kimi, bu açıqlamalar Ermənistanda çox ciddi rezonansa səbəb olub. Edmon Marukyan, Tiqran Abramyan, Arman Tatoyan kimi siyasətçilər kəskin bəyanatlarla çıxış edərək “Vətəndaş müqaviləsi” deputatlarını vətənə xəyanətdə ittiham ediblər. Məsələ burasındadır ki, Paşinyan və komandasını tənqid edən şəxslər tarixi çox yaxşı bilirlər və anlayırlar ki, erməni mifinin sonu yaxınlaşır. Çünki Köçəryanın dediyi kimi, 1.5 milyon nəfərin siyahısını tərtib etmək mümkün deyil. Bu qədər ad və soyadı uydurmaq isə son dərəcə çətin olacaq.

Məsələyə Türkiyə prizmasından yanaşsaq, Prezident Rəcəb Tayyip Ərdoğan dəfələrlə bəyan edib ki, Ermənistan arxivlərini açmalıdır. Türkiyə arxivlərini açıb və gizlədiləsi heç nə yoxdur. Erməni tərəfi isə hər dəfə müxtəlif bəhanələr gətirərək, nə arxivi açır, nə də müştərək tarix komissiyası yaratmaq fikrinə müsbət yanaşır. Hər şey aydındır. Həqiqət ermənilərə lazım deyil. Çünki bu, onların hər il ritual şəklində qeyd etdikləri soyqırımı bayramını dağıda bilər.

Hakimiyyəti tənqid edənlərin arasında Milli Arxiv İdarəsinin keçmiş direktoru Amatuni Virabyan da var. Virabyanın açıqlaması tənqidə yönəlsə də, bir sıra mətləblərdən xəbər verir. “Tarixçi” bildirir ki, Osmanlı imperiyası dövründə kənd və sakinlərin heç bir siyahısı olmayıb, bu səbəbdən də siyahı hazırlamaq mümkün deyil. Əslində bu fikir cəfəngiyyatdır. Türkiyə arxivlərində Anadolunun ən ucqarlarına qədər kəndlərin və yaşayan sakinlərin siyahısı mövcuddur. Virabyan eyni zamanda qeyd edib ki, gərgin iş nəticəsində 200-300 min qurbanın siyahısını hazırlamaq mümkündür. Yaxşı, o zaman sual ortaya çıxır, əgər Osmanlı imperiyasında heç bir siyahıya alınma olmayıbsa, 200-300 min erməni ilə bağlı siyahı necə hazırlanacaq? Eyni zamanda, əgər söhbət 1.5 milyon nəfərdən gedirsə, niyə birdən-birə rəqəm kəskin azalaraq 200-300 min arasında dayanır?

Göründüyü kimi, nə Paşinyanı, nə də Köçəryanı tənqid edənlərin heç bir tutarlı dəlili və əsası yoxdur. Bununla yanaşı, açıqlamaları ilə niyyətlərini büruzə verərək, soyqırımı nağılının cəfəngiyyat olduğunu bir daha sübuta yetirirlər.

24 aprel ərəfəsində hakim partiyanın elitası tərəfindən belə açıqlamaların verilməsi isə erməni dövlətinin regionda tək qaldığını, partiyadaşların, xüsusən də Paşinyanın ABŞ və Aİ tərəfindən aldadıldığını dərk etməsindən xəbər verir. Görünür, dalana dirənən baş nazir anlayır ki, yeganə çıxış yolu Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdan keçir. Bu iş üçün isə ilk addım olaraq, Türkiyənin qırmızı xətti olan qondarma soyqırımı söhbətlərini yığışdırmaq lazımdır. Türkiyə ilə münasibətləri normallaşdırmaq, Azərbaycanla da münasibətləri nizama salmaq kimi qəbul edilə bilər. Hökumət başçısının yəqin ki, əsas hədəflərindən biri Marqara körpüsünün nəhayət açılmasını təmin etməkdir. 24 aprel tarixinə isə az qalıb. Əgər Paşinyan belə bir gündə də soyqırımı kəlməsindən istifadədən imtina etsə, bu, Ankara ilə münasibətlərdə ciddi müsbət addım kimi dəyərləndirilə bilər. Bununla yanaşı, bu gün dediyini sabah təkzib edən Nikola o qədər də etibar etmək də olmaz.(Report)

Şərhlər

XƏBƏR LENTİ