
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) cari ilin may-iyun aylıarında keçirdiyi 5 tenderin qalibi eyni şirkət – “Harmony İndustrial Construction and Engineering Group” MMC seçilib.
Tenderlər aşağıdakı satınalma predmetləri üzrə keçirilib:
Ağdam rayonu Güllücə, Nəmirli, Tağıbəyli, Qərvənd və Salahlı Kəngərli yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik verilişi xətlərinin çəkilişi;
Cəbrayıl rayonu Soltanlı, Sarıcallı, Maşanlı, BöyüK Mərcanlı və Karxunlu yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik verilişi xətlərinin çəkiməsi;
Müdafiə Nazirliyinə məxsus hərbi hissələrin elektrik təchizatının təmin edilməsi məqsədilə komplekt transformator məntəqələrinin quraşdırılması və 35 kV-luq yeni elektrik verilişi xətlərinin çəkilişi;
“Ağdərə” yarımstansiyası ilə “Suqovuşan” yarımstansiyası arasında 35 kV-luq yeni iki dövrəli ÖİN(SİP-3) elektrik verilişi xəttinin çəkilməsi;
Xocavənd rayonu ərazisində yeni 35 kV-luq yarımstansiyasının tikintisi və şəbəkə ilə əlaqələndirilməsi işlərin satın alınması.
Bu tenderlər üzrə satınalma müqavilələrinin toplam maliyyə dəyəri 26 334 227, 02 manat təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Harmony İndustrial Construction and Engeering Group” MMC 28 fevral 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı isə Ceyhun Hacıbəyli küçəsi, ev 52, mənzil 20-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğludur.
“Harmony İndustrial Construction and Engeering Group” MMC 2020-ci ilədək “Piramida-F.R.” adı altında fəaliyyət göstərib. “Piramida F.R.” təkcə 2020-ci ildə 1 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Maraqlıdır ki, həmin vaxt şirkətin 542 min manat vergi borcu olub. Bu barədə yerli mediada da yazılıb.
Adətən bu tip şirkətlər tender oyunlarında istifadə üçün yaradılır. Bir müddət sonra isə şirkətin fəaliyyəti dayandırılır, yaxud da adı dəyişdirilir. Böyük ehtimalla “Piramida F.R” MMC ilə də bağlı belə olub. Şirkət bir neçə iri məbləğli tender əməliyyatından sonra “Harmony İndustrial Construction and Engeering Group” MMC-yə çevrilib.
“Harmony İndustrial Construction and Engeering Group” MMC-nin hüquqi ünvanına gəlincə, bu ünvanda daha iki şirkət qeydiyyatdadır. Onlardan biri “Piramida-2001” MMC, digəri isə “A-Marble” MMC-dir.
Əlövsət Orucov həm də “A-Marble” MMC-nin qanuni təmsilçisidir. “Piramida-2001” MMC də onun nəzarətindədir.
Bu şirkətin qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı olub. Ehtimal olunur ki, Maya Orucova Əlövsət Orucovun xanımıdır. Hazırda isə şirkətin qanuni təmsilçisi Əlövsət Orucovun özüdür.
Maraqlıdır ki, “Azərişıq”ın iri məbləğli tenderlərininm qalibi seçilən “Harmony İndustrial Construction and Engeering Group” MMC haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. Şirkətin adicə verb-saytı da yoxdur.
Əlövsət Orucovun da haqqında hər hansı məlumata rast gəlinmir. Baxmayaraq ki, o, 3 şirkətin sahibidir.
Reportyor.info