SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ECO Xankəndidə: Zəfərdən tərəfdaşlığa

ECO Xankəndidə: Zəfərdən tərəfdaşlığa

Tarix:

6-07-2025, 18:30

/ 630 dəfə oxundu.
ECO Xankəndidə: Zəfərdən tərəfdaşlığa

Bu gün dünyadan nisgillə köçən əcdadlarımızın və şəhidlərimizin ruhu şaddır. Onların topaqlarımızla bağlı arzuları çin olub. Azərbaycan tam müstəqil və bütöv dövlət kimi Ermənistanın işğalından azad etdiyi torpaqlarında bir neçə mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Görüşlərin işğaldan azad olunan torpaqlarda keçirilməsi isə Azərbaycanın növbəti diplomatik uğurlu siyasətidir. İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv regionun güclü dövlətlərinin liderlərinin Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində iştirakı həm siyasi, həm də iqtisadi baxımdan çoxşaxəli və dərin mənalar daşıyır. Bu Zirvə görüşü həm siyasi, həm də sivilizasiya baxımından mühüm hadisədir. Beləki, müxtəlif ölkələri bir araya gətirən regional  əməkdaşlıq platformasının gündəliyini ticarətdən tutmuş iqlim dəyişiklərinə qədər mövzular əhatə edir və  ECO Azərbaycanın ən aktiv təmsil olunduğu qurumlardandır.

İyulun 2-də Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Zirvə Görüşü Azərbaycanın müasir tarixində mühüm hadisələrdən biri olmaqla yanaşı, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzunun, sarsılmaz suverenliyinin və regionda aparıcı aktor statusunun daha bir göstəricisi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində Azərbaycan bu gün tam müstəqil və bütöv dövlət kimi işğaldan azad edilmiş ərazilərində irimiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bu tədbirlərin sırasında Şuşada keçirilmiş ECO Nazirlər Şurası toplantısı, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, Laçında Azərbaycan–Türkiyə–Pakistan formatında sammit və nəhayət, Xankəndidəki tarixi ECO Zirvəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin sözləri ilə desək, bu hadisələr Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğuna və beynəlxalq birlik tərəfindən qəbul olunduğuna əyani sübutdur. Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində keçirilən bu Zirvə təkcə diplomatik baxımdan deyil, həm də siyasi, iqtisadi və sivilizasiya müstəvisində çoxşaxəli məna daşıyır. İƏT kimi regional əməkdaşlıq platformasının müxtəlif sahələri – ticarət, nəqliyyat, iqlim dəyişikliyi, enerji, turizm və humanitar əməkdaşlıq üzrə gündəliyi Azərbaycanın bu təşkilatdakı fəal və təşəbbüskar rolunu bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev Zirvə görüşündəki nitqində bildirdi ki, Azərbaycanın təşkilata üzv ölkələrlə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı dərinləşir. Son illərdə 350 milyard dollardan çox sərmayənin cəlb olunduğu ölkədə bunun yarıdan çoxunun xarici mənbəli olması Azərbaycanın sabit, proqnozlaşdırılan və etibarlı tərəfdaş imicini gücləndirir. Bu gün ölkəmiz 12-yə yaxın dövlətə təbii qaz ixrac edir, enerji sahəsində regional təhlükəsizliyin təminatçısı kimi çıxış edir. Prezidentin vurğuladığı kimi, Azərbaycanın təşəbbüsləri nəticəsində ECO ölkələri ilə əməkdaşlıq təkcə enerji və ticarətlə məhdudlaşmır. Şuşada keçirilən ECO Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu bu əməkdaşlığın sosial-humanitar aspektlərini də önə çəkir. Eyni zamanda, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi ölkəmizi regionun əsas logistik mərkəzinə çevirib.

Zirvə görüşü zamanı ölkə başçısının çıxışında səsləndirdiyi fikirlər Ermənistanın işğalçılıq siyasətinə və onun doğurduğu ağır nəticələrə dair qlobal auditoriyaya mühüm mesajlar idi. Dövlət başçısı Ermənistan tərəfindən 67 məsciddən 65-nin dağıdılması, qəbiristanlıqların vandalizmə məruz qalması, bir milyondan çox minanın basdırılması və yüzlərlə vətəndaşımızın mina partlayışı nəticəsində həyatını itirməsi kimi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, Azərbaycanın üzləşdiyi dağıntının miqyasını faktlarla ortaya qoydu. Ən mühüm məqam isə Qərbi Azərbaycana Qayıdış məsələsinin beynəlxalq gündəmdə öncül yer tutması oldu. Prezident İlham Əliyev Qərbi azərbaycanlıların hüquqlarının bərpası, onların tarixi torpaqlarına qayıdışının təmin edilməsi ilə bağlı çağırışını Zirvə tribunasından bir daha səsləndirdi. 57 üzv ölkənin dəstəklədiyi bu mövqe Azərbaycanın ədalətli və prinsipial siyasətinin beynəlxalq aləmdə tanındığını və qəbul edildiyini sübut edir. İƏT Nazirlər Şurasının yekun sənədi – İstanbul Bəyannaməsində bu məsələ öz əksini tapdı və Ermənistanın bu məsələdə dialoqun qurulmasından imtinası qınandı.

Zirvə çərçivəsində həmçinin Azərbaycan Prezidenti tərəfindən COP29-un 2024-cü ildə Bakıda keçirilməsi ilə bağlı hazırlıqlara da toxunuldu. İƏT məkanında ilk dəfə olaraq bu səviyyədə iqlim sammitinə ev sahibliyi edilməsi Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüslərdə öncül rol oynadığını bir daha nümayiş etdirdi. Bu tarixi Zirvə görüşü həm də bir daha sübut etdi ki, işğal altındakı torpaqlarını azad edən Azərbaycan bu gün təkcə regionun deyil, qlobal əməkdaşlıq və sülh naminə çalışan aparıcı ölkələrdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar Azərbaycanın suverenliyinin, iqtisadi gücünün və diplomatik fəallığının bariz təzahürüdür.

Xankəndi Zirvəsi yalnız diplomatik tədbir deyildi – bu, eyni zamanda Azərbaycanın haqlı mövqeyinin, qətiyyətli siyasətinin və ərazi bütövlüyünün beynəlxalq səviyyədə qəbul olunmasının simvolik təsdiqi idi. Bu Zirvə görüşü bir daha sübut etdi ki, Azərbaycan təkcə hərbi-siyasi deyil, həm də iqtisadi və diplomatik müstəvidə böyük uğurlar əldə etmiş güclü dövlətdir. Xankəndidə – illərlə işğal altında qalan, amma bu gün modern şəhər obrazı ilə beynəlxalq tədbirlərə ev sahibliyi edən bir məkanda ECO Zirvəsinin keçirilməsi regionda yaranan yeni reallıqların və Azərbaycanın regional liderliyinin simvoluna çevrildi. Prezident İlham Əliyevin prinsipial mövqeyi, ardıcıl siyasəti və uzaqgörən liderliyi nəticəsində Azərbaycan bu gün regional əməkdaşlıqda aparıcı rola malik ölkə kimi çıxış edir. Xankəndidə keçirilən ECO Zirvəsi isə Azərbaycanın zəfərdən tərəfdaşlığa, münaqişədən sülhə, dağıntıdan quruculuğa doğru inamlı addımlarla irəlilədiyini nümayiş etdirdi. Bu zirvə təkcə diplomatik qələbə deyil, həm də sivilizasiyaların qovuşduğu Qarabağda sabitliyin, inkişafın və birgə tərəqqinin rəmzi kimi tarixə yazıldı.

Samirə Hüseynova

Şərhlər

XƏBƏR LENTİ