“Azərişıq” ASC-nin tabeliyində olan rayon enerji təchizatı idarələri yaşayış binalarının girişində məzmunu qanunvericiliyin tələblərinə uyğun olmayan xəbərdarlıqlar yapışdırırlar.
Hətta heç bir borcu olmayan abunəçilərin işığının kəsilməsi faktları da mövcuddur. Bu məlumatı oxu.az yayıb.
“Azərişıq” ASC-nin rəsmi internet səhifəsində yerləşdirilmiş bildiriş barədə məlumatlar və hər bir abunəçiyə göndərdiyi bildiriş qüvvədə olan qanunvericiliyin tələblərinə cavab vermir, istehlakçıların hüquqlarının kütləvi şəkildə pozulması halı olmaqla sui-istifadə hallarına şərait yaradır.
Abunəçilərin aldığı bildirişlər “Azərişıq” ASC-nin rəsmi internet səhifəsində nümunə kimi göstərilmiş bildiriş ilə eynidir.
Məhz bu səbəbdən enerji təchizatı müəssisəsinin işçiləri sui-istifadə hallarına yol verir. Ödəniş müddəti çatmamış elektrik enerjisinin verilməsini “borc var” səbəbi ilə dayandırırlar.
“Azərişıq” ASC-nin aktivləri bu il yanvarın 1-nə 2,374 mlrd. manat təşkil edib. Bu, ötən il yanvarın 1-i ilə müqayisədə 17,1% çoxdur.
2016-cı ildə “Azərişığ”ın cəmi kapitalı 0,6% artaraq 1,377 mlrd. manat, nizamnamə kapitalı isə 32,8% azalaraq 886 mln. manat təşkil edib. Səhmdar cəmiyyətin öhdəlikləri isə 51,1% artaraq 996 mln. manat olub.
“Azərişıq” 2016-cı ili 25,636 mln. manat xalis zərərlə başa vurub. Bu isə 2015-ci ilə nisbətən 18,1% azdır.
“Azərişıq" sayğaclarının əvəz edilməsi üzrə aydın prosedurun olmaması və ilkin xəbərdarlıq olmadan abonentin elektrik enerjisinin kəsilməsi bəzən üzücü, hətta acınacaqlı nəticələrə gətirib çıxara bilər.
Nazirlər Kabinetinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qərarına əsasən, elektrik enerjisinin xəbərdarlıq edilmədən kəsilməsi qadağandır.
Elektrik enerjisinin kəsilməsi yalnız fərdi qaydada olmalıdır. Yəni, bu, kütləvi şəkildə ola bilməz. Bir ay müddətində fərdi şəkildə vətəndaşa xəbərdarlıq edilir.
Bir aylıq xəbərdarlıq müddətində borc ödənilməsə, onda elektrik enerjisi fərdi qaydada kəsilə bilər. Əfsus ki, “Azərişıq” ASC yaradılandan sonra onlar insanlara 10 günlük xəbərdarlıq müddəti göstərir. Təbii ki, bu, qanunsuzdur.