SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Xuraman Muradova: Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

Xuraman Muradova: Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

Tarix:

14-06-2021, 14:55

/ 2 545 dəfə oxundu.
Xuraman Muradova: Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır

15 İyun Azərbaycan xalqının milli qurtuluş günü ilə əlaqədar Milan Hospitalda video konfrans formatında tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan hospitalın rəhbəri Xuraman Muradova, Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından danışıb.
Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu.
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə ildir ki, Azərbaycan Respublikasının milli qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir, uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş gününün mənası və verdiyi ibrət dərsləridir. Bu onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla, irəliyə aparacaqdır.
"...Heydər Əliyev qalib idi. O, bütün döyüşlərdən qalib kimi çıxıb, heç kim ona qalib gələ bilməmişdir. Əslində, O, yeni güclə,yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.
Bu gün Heydər Əliyev bizimlə deyil, ancaq O, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır"!  Azərbaycan Prezidenti cənab İlham Əliyevin söylədiyi bu fikirlər zaman keçdikcə öz əhəmiyyətini saxlayacaqdır...
Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri etmiş, ömür yolu doğma vətənə xidmət nümunəsinə çevrilmişdir. Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutmuşdur. Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz ümummilli lider mövqeyi qazandırmışdır. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmişdir. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir. Mən bu dahi insanın ruhu qarşısında baş əyirəm və ona rəhmət diləyirəm. Sonda Milan Hospitalın rəhbəri Xuraman Muradova tədbir iştirakçılarını həmçinin bütün xalqımızı Azərbaycanın Milli Qurtuluş Günü münasibəti ilə bir daha təbrik etdi.

Şərhlər

XƏBƏR LENTİ