XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Hicran Hüseynovadan qanun pozuntusu: təbliğat-təşviqat kampaniyası başlamamış mediada təbliğat aparır

Hicran Hüseynovadan qanun pozuntusu: təbliğat-təşviqat kampaniyası başlamamış mediada təbliğat aparır

Hicran Hüseynovadan qanun pozuntusu: təbliğat-təşviqat kampaniyası başlamamış mediada təbliğat aparır
12-01-2020, 22:22

2006-cı ildən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyən Hicran Hüseynovanın bu günə qədər necə işləməsi heç kimə sirr deyildir. O, bundan sonra deputat olmaq istəyir, seçkilərə qatılır, namizədliyi də qeydə alınıb, amma…

Uşaqların, qadınların, bütövlükdə Azərbaycan ailəsinin problemləri ilə məşğul olmalı olan H.Hüseynovanın varlığından bu illər ərzində kimsənin xəbəri olmadı: nə azyaşlı qız uşaqları zorlanan valideynlər onu tanıdılar, qəbulununa düşə bildilər, nə dağılan ailələr öz problemlərini ona çatdıra bildilər, nə də qadınlarımızın qorunmasında nəzərəçarpacaq bir iş görə bildi. Əksinə, H.Hüseynovanın rəhbərlik etdiyi qurumdan narazılıqlar günbəgün durmadan artdı.

İndi isə deputat olmaq istəyir. Olsun, heç kim etiraz etmir, hər bir vətəndaş kimi seçkidə iştirak etmək onun da hüququdur. Amma görünən budur ki, H.Hüseynova ölkədə dövlət başçısının apardığı uğurlu islahatların mahiyyətini tam dərk etmək istəməyib. Artıq ölkəmizdə bütün sahələrdə ciddi inkişaf əldə edilib, dövlət başçısı da Azərbaycanın gələcək inkişaf perspektivlərini nəzərə alaraq gənclərin önə çəkilməsinin vacibliyini dəfələrlə vurğulayır. Yaşlı məmurların bir hissəsi könüllü çıxıb getdi, bir hissəsi vəzifəsindən göndərildi, özünü əvəzedilməz hiss edən, aparılan islahatlara mane olan məmurlar da bundan sonra işdən çıxarılacaqlar. Artıq H.Hüseynovanın da 64 yaşı var, Allah can sağlığı versin… Amma istirahət zamanıdır.

Bütün bunlar haqda daha sonra… Nəzərlərinizi bir məqama çəkmək istəyirik. Bu günə qədər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olan H.Hüseynovanın namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 41 saylı Sumqayıt birinci seçki dairəsindən irəli sürülüb. Yəni H.Hüseynova bu dəfə deputat olmaq istəyir. Qanunla yanvar ayının 10-da deputatlığa namizədlərin qeydiyyat dövrü bitir, yanvar ayının 17-də isə deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyalarına start veriləcək.

H.Hüseynova isə qanunları kobud şəkildə pozaraq təbliğat-təşviqat kampaniyası başlamamış mediada təbliğatla məşğul olur. Bu isə ciddi qanun pozuntusudur. Əslində bu adamın namizədliyi dərhal ləğv edilməlidir.

H.Hüseynova yanvar ayının 7-də mətbuata verdiyi açıqlamada deyir:

“14 ildir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədriyəm. Ölkəmizin elə bölgəsi yoxdur ki, orada görüşlər keçirtməyim. Hər bölgəmiz mənə əzizdir. Başqa cür ola da bilməz. Sumqayıt və sumqayıtlılar isə mənim üçün doğmadır. Hər bir sumqayıtlı ilə daha yaxından maraqlanmağa, onlarla işləməyə çalışacağıq”.

Göründüyü kimi, H.Hüseynova açıq təbliğatla məşğul olaraq bütün sumqayıtlıların adından özünə qarşı “sevgi” aşılayır. Sanki hər bir sumqayıtlı oturub gözləyirmiş ki, Hicran xanım gəlib namizədliyini versin. Daha geniş səlahiyyətlərə sahib olan komitədə heç bir işə yaramayan, problemli sumqayıtlı qadınları qəbul etməyən (hətta intihar edən olub, bu haqda daha sonra), fəaliyyəti ilə zərrə qədər diqqət çəkməyən H.Hüseynova deputat kimi nə iş görə bilər ki!? Ümmiyyətlə, bu günə qədər varlığı ilə yoxluğu bilinməyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri kimi daha geniş arealda işləyə bilməyən bir adam bircə şəhərdə necə işləyəcək!? Mümkün deyil! Deputatın problem həll etmək kimi bir səlahiyyəti yoxdur, deputat yalnız təqdimat verə, problemləri qabarda bilər. Deputat məmur da deyil. H.Hüseynova bu amilləri bəlkə də bilmir, 14 ildir nazir statusunda olan postda oturması ona haqq vermir ki, bundan sonra da öz fəaliyyətsizlik təcrübəsini sumqayıtlılar üzərində sınasın.

Regionpress.net

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.