SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Elman Rüstəmov nədən getməlidir... - MİN BİRİNCİ SƏBƏB

Elman Rüstəmov nədən getməlidir... - MİN BİRİNCİ SƏBƏB

Tarix:

17-03-2021, 10:44

/ 591 dəfə oxundu.
Elman Rüstəmov nədən getməlidir... - MİN BİRİNCİ SƏBƏB

Martın 16-da hökumət Milli Məclisdə hesabat verdi. Əslində “hesabat verdi” ifadəsi çox həşəmətli səslənir. Bəlkə də “hökumət Milli Məclisdə məruzə etdi” yazsaq, daha doğru olardı. Çünki hesab, hesab sorulan yerə verilir. Milli Məclisdə kimdənsə hesab soruşan deputat korpusu yoxdur. Olsa-olsa xahiş edən deputatlar dəstəsi var. O xahişlər isə təbii ki, fərdi qayğılar çərçivəsindən kənara çıxmır.

Bizim deputatlar adətən tərif demək üstündə bəhsə girirlər. Problem qaldırmaq, xalqın dərdini söyləmək bizim deputatlar üçün yad məsələdir. Axı deputatlarımız kiməsə görə hansısa nazirlə və yaxud məmurla nəyə görə pis olmalıdır ki?!

“El üçün ağlayan gözündən olar”, – deyiblər. Ona görə də bütün deputatlarımız ancaq öz qayğılarını, bir də qohum-əqrəbalarının problemlərini ağlayırlar. Xalq ancaq seçki günü yada düşür. Yalnız seçki ərəfəsində deputat olmaq istəyənlər xalq və hakimiyyət qarşısında ağlayırlar.

Bu səbəbdən də Milli Məclisdə keçirilən “hesabat” tədbiri qarşılıqlı anlaşma şəraitində keçdi. Heç bir deputat heç bir məmurun toyuğuna kiş demədi. Bir-iki deputat danışdı. O da protokol qaydasına əsasən. Danışan deputatlardan yalnız birinin-Fəzail Ağamalının çıxışı bir qədər diqqət çəkdi.

O dedi ki, “İllərdir 10 minlərlə Azərbaycan vətəndaşını zəlil günə qoyan, ölkədə ailə institutuna ağır zərbələr vuran, insanların evlərini, mülklərini əllərindən alan müasir, başabəla Azərbaycan bank sisteminin yaradıcısı olan Mərkəzi Bankın rəhbəri hələ də bu missiyanı davam etdirir. 100 faizli deyilən istehlak kreditləri ailə quranların faciəsinə çevrilib. 50-60 min manat kredit götürüb sahibkarlıqla məşğul olmaq istəyən iş adamları kiçik bir uğursuzluğa, kreditin ödənişini gecikdirdiyinə görə əlavə faizlərlə, cərimələrlə fantastik rəqəmə çevrilən kreditin əvəzinə girov qoyduğu 200-250 minlik daşınmaz əmlakı məhkəmələrin hökmü ilə müsadirə olunur. Bu cür yanaşma, yüksək faiz hansı ölkədə var?”.

Fəzail Ağamalı bir az da qabağa gedib bildirdi ki, “Mərkəzi Bankın sədri elan edir ki, 31 mərtəbəli 430 milyon manatlıq Mərkəzi Bankın yeni binasının tikintisi üçün tenderin qalibi müəyyən olunub: Baş bankirə xatırlatmaq istərdim ki, həmin pulla indiki bazar qiymətilə yüksək standartlara cavab verən 1 milyon 720 min m2 mənzil və yaxud 12 min 300 yaşayış evi, bir necə məktəb, xəstəxana, uşaq baxçası və digər sosial obyektləri tikib istifadəyə vermək olar”.

Fəzail Ağamalı deməyinə dedi. Amma yel qayadan heç nə aparmır. Elman Rüstəmov Azərbaycan maliyyə bazarının sal qayasıdır. 26 ildir ki, Fəzail Ağamalı kimi o qədər danışanları Baş bankirimiz yola verib ki…

Təsəvvür edin ki, dünya ölkələri, xüsusilə də Avropa Birliyi ABŞ dollarının qarşısında diz çökür. Amma dünyanı sındıran ABŞ dolları Elman Rüstəmovun qarşısında diz çökür. Düz 5 ildir ki, 1 dollar ilişib qalıb 1 manat 70 qəpiyin boğazında. Nə irəli gedir, nə də ki geri. Manatımız da baxır mattım-mattım Elman Rüstəmovun sifətinə. Sizləri inandırım ki, Elman müəllim bir balaca “him” eləsə manat dolların belini qırar. Eliyər bir dolları bir manat. Mərcə girsə, dolları 78 qəpiyə qədər alçalda da bilər. Necə ki, 1998-ci ildən 2016 –cı ilə qədər Elman Rüstəmov imkan vermədi ki, dollar çınqırın çıxarsın.

Açıq deyək ki, Mərkəzi Bankın iş prinsipinin dünyada anoloqu yoxdur. Baxmayaraq ki, çoxları kimi Fəzail Ağamalı bu “innovativ” iş prinsipini bəyənmir. Deyir ki, “Bu cür anormal Bank sistemində ciddi islahatlara böyük ehtiyac var. Tam əminəm ki, nə qədər indiki bank siyasəti mövcuddur, nə qədər ki, bank – pul – krediti icrasında fundamental dəyişikliklər aparılmayıb, vətəndaş – bank münasibətləri hazırkı bataqlıqdan çıxmayacaq”.

Ay sağ olmuş, sən nə danışırsan?! Elman Rüstəmov bildiyini heç kimə demir. Və heç kimə də “açot” vermir. O dəfə deyir ki, “Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik (?). Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var (!). Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük (!)”.

Hörmətli Fəzail müəllim, görürsünüz, baş bankirimz necə qətiyyətlidir? Konkret olaraq deyir ki, 3 ildə büdcəyə 8 milyard manata yaxın pul vermişəm. Daha bəsdir. Bu il də kefimə düşsə, 250 milyon manat (hər il ödədiyindən 15 dəfə az) ödəyəcəm. Bu sözün qabağında bir nəfər, heç bu gün sizə hesabat verən hökumət də durub soruşmadı ki, “Niyə bu qədər az? Gəliriniz azalıb, yoxsa kefiniz belə istəyir?”

Gördünüz ki, heç kim cəsarət etmədi, soruşmadı. Çünki veriləcək cavabı bilirdi. Necə ki, yuxarıdakı fikirlərində deyir ki, “Yeni inzibati binamızı (!) öz vəsaitimiz hesabına tikəcəyik (!)”. Yəni Mərkəzi Bank ayrıca hökumətdir. Nə istəyir, necə istəyir onu da edir.

Yadınıza salım ki, 2016-cı ildəki devalvasiyalardan sonra Azərbaycanda yeni bir qurum yarandı. Maliyyə Bazarlarına Nəzarət Palatası adlı bu qurum cəmi-cümlətani 3 il ömür sürdü. Elman Rüstəmov o qurumun torbasını elə tikdi ki, heç kimin ruhu da incimədi. İqtisadçı ekspert Əkrəm Həsənov bu məsələ ilə bağlı bildirib ki, Prezidentin 28 noyabr 2019-cu il tarixli 1616 saylı Sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv olundu və onun səlahiyyətləri Mərkəzi Banka verilib, lakin Sərəncam heç Fərman da deyil, yəni normativ hüquqi akt deyil:

“Bu qərar hətta Fərmanla verilsəydi belə, yenə də Mərkəzi Bank haqqında Qanuna müvafiq dəyişikliklər edilməyincə o, bu səlahiyyətləri icra edə bilməzdi. Elə məhz buna görə də Sərəncamın 2.1-ci bəndində Mərkəzi Banka tapşırılmışdı ki, aidiyyəti qanunlara, o cümlədən özü haqqında Qanuna zəruri dəyişikliklərin edilməsi barədə təkliflərini hazırlayıb 1 ay müddətində Prezidentə təqdim etsin. Üstündən artıq 14 aya yaxın vaxt keçib, amma Mərkəzi Bank haqqında Qanuna hələ də müvafiq dəyişikliklər edilməyib. Buna görə də bu müddət ərzində Mərkəzi Bankın maliyyə bazarlarına nəzarət kimi qəbul etdiyi bütün qərarlar (əmək və əmlak münasibətlərindən tutmuş qəbul etdiyi qaydalar və ləğv etdiyi lisenziyalaradək) qanunsuzdur! Ümid edək ki, yeni binası hazır olanadək Prezidentin tapşırığını nəhayət icra edər…”

Amma mən Əkrəm Həsənovdan fərqli olaraq heç nəyə ümid etmirəm. Ona görə ki Elman Rüstəmov nə öz iş prinsipindən əl çəkəcək, nə də ki, “öz ərizəsi” ilə işdən getməyəcək.

Surxay Atakişiyev,
KONKRET.az

Şərhlər

XƏBƏR LENTİ