SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ələkbər Ələkbərovun Qazaxıstanda qanlı oyunu ifşa olundu

Ələkbər Ələkbərovun Qazaxıstanda qanlı oyunu ifşa olundu

Tarix:

11-08-2020, 11:44

/ 1 110 dəfə oxundu.
Ələkbər Ələkbərovun Qazaxıstanda qanlı oyunu ifşa olundu

Bu günlərdə musavat.com və ona istinadən bir çox KİV-lər Qazaxıstanda, yaxud Özbəkistanda Azərbaycan vətəndaşının girov götürüldüyü, naməlum şəxslərin ona işgəncə verdiyi və yaxınlarından iri məbləğdə pul tələb etdiyi barədə xəbər dərc etmişdi. Bildirilirdi ki, 1983-cü ildə anadan olmuş Ələkbərov Ələkbər Rövşən oğlu Özbəkistana, yaxud Qazaxıstana qonaq qismində gedib və orada girov götürülüb. Sayt həmin şəxsin qan içində, paltarları cırılmış və əlləri bağlanmış halda yerə uzanmış vəziyyətdə fotosunu və videosunu da dərc etmişdi. Kadrlarda naməlum şəxsin ona itlə yaxınlaşdığı görünürdü.

Lakin bu qəddar işgəncə görüntüləri əslində Ələkbər Ələkbərovun qurduğu qanlı oyunun bir hissəsi imiş. Çünki onu heç kim oğurlamayıb, adam oğurlandığı barədə əhvalatı səhnələşdirməyi və bu yolla yaxın adamından pul qoparmağı qərara alıb. Əhvalatın üstünü isə Almata şəhərinin kriminal polisi açıb.

NUR.kz portalının yazdığına görə bu günlərdə Almata kriminal polisi qeyri-adi cinayət işinin təhqiqatını aparır. Belə ki, 37 yaşlı azərbaycanlı özünün oğurlandığını səhnələşdirib və Nur-Sultan şəhərində olan tanış biznesmendən girov müqabilində pul qoparmaq istəyib. Qazaxıstan polisinin yaydığı məlumatda deyilir ki, həmin şəxs işlə bağlı Qazaxıstanda tez-tez olub-o, meyvə-tərəvəz aparıb və satıb. Bu iri fırıldağa isə əmisi oğlu, tanışı və münasibətdə olduğu qadınla birlikdə əl atıb.

Plana əsasən Ələkbər Ələkbərovun bir vaxtlar birlikdə işlədiyi və hazırda Nur-Sultanda olan tanış biznesmendən “oğurlanmış şəxsə görə pul” tələb edilməli idi. Plana uyğun olaraq həmin biznesmenin telefonuna Ələkbərin qan içində olan həmin fotosu göndərilib və onun azad edilməsi üçün 100 min dollar verilməli olduğu bildirilib.

Bu görüntüləri alan kimi həmin qazaxıstanlı biznesmen dərhal polisə müraciət edib. Əməliyyatçılar təhqiqata başlayıblar və gözlənilməz nəticə əldə ediblər. Məlum olub ki, Azərbaycan vətəndaşını heç kim oğurlamayıb, fotodakı qan isə dovşan qanıdır. Plan iştirakçıları dovşanı işgəncəni səhnələşdirmək üçün əvvəlcədən xüsusi olaraq kəsiblər.

“Oğurlanmış” azərbaycanlı isə kirayə qaldığı mənzildə, tanışları ilə birlikdə sağ-salamat tapıblar. Polisdən bildiriblər ki, bu “tamaşanın” bütün iştirakçılarının əməllərinə hüquqi qiymət veriləcək.
Ələkbər Ələkbərovun Qazaxıstanda qanlı oyunu ifşa olundu

Şərhlər

XƏBƏR LENTİ