SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Dövlət Məşğulluq Xidmətinin rəisi də yola salınacaq – İddia

Dövlət Məşğulluq Xidmətinin rəisi də yola salınacaq – İddia

Tarix:

15-05-2018, 14:01

/ 7 937 dəfə oxundu.
Dövlət Məşğulluq Xidmətinin rəisi də yola salınacaq – İddia

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev nazirlikdə köklü islahatlara başlayıb.
Cari ayın 8-də nazirliyin aparat rəhbəri Əjdər Cəbiyev, Daxili nəzarət şöbəsinin müdiri Soltan Hacıyev, Kadr və kadr hazırlığı şöbəsinin müdiri Qurbanəli Əsədov və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev nazirin əmri ilə işdən çıxarıldı.
Uzun illərdir ki, korrupsiya və rüşvətin tüğyan etdiyi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində adları bu kimi neqativ işlərdə hallanan şəxslərin vəzifələrindən azad olunmaları ictimaiyyət tərəfindən də məmnunluqla qarşılanır. Sahil Babayev mediaya verdiyi açıqlamada da, şəffaflığın təmin olunması istiqamətində aparılan kadr islahatlarının davam etdiriləcəyini vurğulayıb.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində vəzifəsi ilə vidalaşacaq növbəti şəxs nazirliyin nəzdində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylidir.
Ölkənin sosial vəziyyəti acınacaqlı durumda olan vətəndaşlarının rifah hallarının yaxşılaşdırılması istiqamətində son bir neçə ildə dövlətin başlatdığı bir çox layihələrinin effektiv olmamasının səbəbi məhz Dövlət Məşğulluq Xidmətinin neqativ fəaliyyəti ilə əlaqələndirilir. Belə ki, əmək yarmarkalarının keçirilməsindən tutmuş işsizlik müavinətlərinin verilməsinə qədər süründürməçiliyin və rüşvətin baş alması insanlarda rayon Məşğulluq Mərkəzlərinə qarşı inamsızlıq və ikrah hissi yaradıb. Dövlətin vətəndaşların maddi vəziyyətlərinin yaxşılaşdırılması məqsədilə hər il bu quruma ayırdığı milyonlarla vəsait Dövlət Məşğulluq Xidmətinin və eləcə də rayon Məşğulluq Mərkəzlərinin vəzifəli şəxsləri tərəfindən müxtəlif maxinasiyalarla mənimsənilib.
Əksər hallarda Mərkəz direktorları öz yaxın ətraflarına, qohum-əqrabalarına işlədikləri halda işsizlik müavinəti ödəyərək dövlət vəsaitlərini mənimsəyiblər.
Bütün bunlara isə birbaşa cavabdeh olan Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəylinin vaxtında və əsaslı müqavimət göstərmək əvəzinə, “göz yumduğu” deyilir.
Dövlət Məşğulluq Xidmətinin yol verdiyi digər neqativ hal isə işsiz və kasıb vətəndaşların işlə təmin olunması üçün ev heyvanlarının və digər texniki avadanlıqların alınması məqsədilə keçirilən tenderlər zamanı maxinasiyalara yol verilməsidir. Belə ki, bu tenderlərdə rayon Məşğulluq Mərkəzlərinin vəzifəli şəxsləri, bəzi hallarda isə qohumları iştirak edərək “qalib” olublar. Bu kimi halların tək ötən il iyirmiyə yaxın rayonda təkrarlandığı əldə etdiyimiz məlumatlarda əksini tapır.
Məlumatlarda o da qeyd olunur ki, bu tenderlərin sifarişçisi olan Dövlət Məşğulluq Xidmətinin rəhbərliyi “tender”in keçirilməsini, müqavilələrin həcmini öz şəxsi maraqlarına uyğun olaraq müəyyənləşdiriblər.
Ağdaş, Cəlilabad, Masallı, Ağdam, Tovuz, Göygöl və bir neçə rayonların Məşğulluq Mərkəzlərinin tenderlərində korrupsiya faktlarının və maxinasiyaların daha aşkar olduğu bildirilir.
Məsələ ilə əlaqədar nazirlikdən açıqlama ala bilmədik.

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ