XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Keçmiş MTN polkovnikinin cəzası azaldıldı

Keçmiş MTN polkovnikinin cəzası azaldıldı

Keçmiş MTN polkovnikinin cəzası azaldıldı
23-10-2017, 17:48

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə M. Əsgərov çıxış edib.

O, verilən ittihamları qəbul etmədiyini deyib. M. Əsgərov zərərçəkmiş V. Əzizova qarşı yalnız verilən göstərişləri icra etdiyini deyib: "Vidadi Əzizov ona qarşı silahlı basqın təşkil edildiyini yalan deyir. Onun işi ilə bağlı hər şey sənədlər əsasında aparılıb və mən bunları istintaq orqanına təqdim etmişəm. Zərərçəkmiş mənə qarşı 193 min manatlıq mülki iddia qaldırıb. Hansı halda? Bu mülklər mənim yaxınlarımındır və bunlardan da mənə yalnız 25 faiz düşür. Mən xahiş edəcəm ki, məhkəmə müəyyən hissədə qapalı olsun və mən sənədləri məhkəməyə təqdim edim".

M. Əsgərov məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş edib.

Daha sonra zərərçəkmiş V. Əzizovun nümayəndəsi mülki iddia ilə bağlı sənədi məhkəməyə təqdim edib.

Bu zaman M. Əsgərov yerindən danışaraq, zərərçəkmişin nümayəndəsinə etiraz edib.

Hakim M. Əsgərova xəbərdarlıq edib və onu yerindən danışmamağa çağırıb.

Sonra prokuror çıxış edib və o, M. Əsgərov barəsində şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılması istəyib.

Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra qərar elan olunub. Məhkəmə M. Əsgərovun şikayətini qismən təmin edib, onun cəzası 3 ilə endirilib.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə M. Əsgərov ‪1 il 6 ay rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum edilib. O‪na qarşı olan mülki iddia rədd edilib, əmlakları üzərindən həbs götürülüb. Onun mənzilində aparılan axtarış zamanı götürülən pullar da qaytarılacaq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.