XalqXəbər.Az

www.XALQXEBER.az » Aktual » "İki milyon dolları Vüsal Ələkbərova vermişəm" - Zərərçəkmiş

"İki milyon dolları Vüsal Ələkbərova vermişəm" - Zərərçəkmiş

"İki milyon dolları Vüsal Ələkbərova vermişəm" - Zərərçəkmiş
1-12-2017, 09:36

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi Vüsal Ələkbərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Zərərçəkmiş Nizami Kazımov bildirib ki, V. Ələkbərova 2 milyon ABŞ dolları verib. O, dəymiş ziyanın ödənilməsi tələb edib.
Elşən Mədətov isə V. Ələkbərova 250 min manat məbləğində pul verdiyini deyərək, mülki iddia qaldırıb. Onun sözlərinə görə, V. Ələkbərov keçmiş "Texnika bank"ın sədrinin həbsindən sonra bankda pulu olduğu üçün ona da hədə-qorxu gəlib: "Dedi ki, məni də həbs edəcək. Buna görə məndən 250 min manat aldı".
Digər zərərçəkmiş Namiq Rzayev bildirib ki, V. Ələkbərova 200 min manat verib. N. Rzayev dəymiş ziyanın təqsirləndirilən şəxsdən tutularaq ödənilməsini məhkəmədən xahiş edib.
Sonra V. Ələkbərov çıxış edib. O, ittihamları qəbul etmədiyi, zərərçəkənlərin ona qarşı qərəzli olduğunu deyib. Onun sözlərinə görə, zərərçəkmiş şəxslərdən pul alması barədə verilən ittiham yalandır. V. Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.
Proses dekabrın 14-də davam etdiriləcək.
Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) və digər maddələrlə ittiham olunur. V. Ələkbərov Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbəsinin geri alınması barədə qərardad da çıxarıb.

***

Bu gün Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin İbtidai istintaq idarəsinin 2-ci şöbəsinin rəisi Vüsal Ələkbərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə zərərməkmiş Nizami Kazımov ifadə verib.
Zərərçəkmiş bildirib ki, ona 2 milyon dollar ziyan dəyib. N.Kazımov istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, mülki iddiasının təmin edilməsini, dəymiş zərərin ödənilməsini tələb edib. O qeyd edib ki, hadisə vaxtı şəxsi bizneslə məşğul olub: "İki milyon dolları Vüsal Ələkbərova vermişəm".
Digər zərərçəkmiş Elşən Mədətov söyləyib ki, 250 min dollarlıq mülki iddia qaldırıb. Həmin şəxs də pulu təqsirləndirilən V.Ələkbərova verdiyini deyib: "Həmin vaxt Şirvan şəhərində zavod rəhbəri idim. "Texnikabank"ın rəhbərliyini həbs etmişdilər. Mənim də bankda pul var idi. Sonra məni çağırıb, hədə-qorxu gəldilər, həbslə hədələdilər. 250 min dollar pulumu Vüsal Ələkbərova verdim. Hadisədən sonra şəkər xəstəliyi tapmışam".
Daha sonra zərərçəkmiş Namiq Rzayev dindirilib. O vurğulayıb ki, təqsirləndirilən V.Ələkbərova 200 min, Mövlan Şıxəliyevə isə 300 min manat pul verib.
İclasda V.Ələkbərov vəsatətlə çıxış edib. O, birinci isntansiya məhkəməsinin protokolu ilə tanış olmadığını və buna görə məhkəmədən həmin protokollarla tanış olmasını istəyib.
Vəsatət baxılmamış saxlanılıb.
V.Ələkbərov çıxışında özünə qarşı irəli sürülmüş ittihamlarla razı olmadığını, günahsız olduğunu, özünü təqsirli bilmədiyini söyləyib. O, zərərçəkmişlərin onunla qərəzli olduqlarını bildirib. V.Ələkbərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin mövbəti iclası dekabrın 14-nə təyin edilib.
Qeyd edək ki, V.Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Həbsdə olan V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 ha torpaq sahəsi və fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzili üzərinə həbs qoyulub. Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri isə 1 milyon 277 min manat hesablanıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərar da çıxarıb. Hökmə əsasən, V.Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilməsi barədə qərar qəbul edilib. Digər zərərçıkmiş iş adamlarının mülki iddiası təmin edilməmiş saxlanıb. Məhkəmə bunu belə əsaslandırıb ki, V.Ələkbərov və digər vəzifəli şəxslər iddiası təmin olunmayan zərərçəkmişlərdən pulu rüşvət kimi qəbul ediblər. Rüşvətlə bağlı iddia isə mülki qaydada həll oluna bilər.
Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və həmin nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması ilə bağlı xüsusi qərar da çıxarıb və həmin qərarın surəti icra olunması üçün adiyyəti üzrə prokurorluğa göndəriləcək.
Hökmdən narazı qalan V.Ələkbərov və zərərçəkmişlər apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.