XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Vətən uğrunda“ medallı II qrup Qarabağ əlilindən I Vitse-Prezidentə AÇIQ MƏKTUB - "Elə yaşımdır ki..."

"Vətən uğrunda“ medallı II qrup Qarabağ əlilindən I Vitse-Prezidentə AÇIQ MƏKTUB - "Elə yaşımdır ki..."

"Vətən uğrunda“ medallı II qrup Qarabağ əlilindən I Vitse-Prezidentə AÇIQ MƏKTUB - "Elə yaşımdır ki..."
23-12-2019, 11:12

Azərbaycan Respublikasmın I Vitse - Prezidenti Mehriban xanım Əliyevaya

AÇIQ MƏKTUB

Hörmətli Mehriban xanım!

Mən II qrup Qarabağ müharibəsi əliliyəm. Ehtiyyatda olan kapitanam. Müharibəyə qədər Quba Təhsil şöbəsində fizika fənni üzrə metodist işləmişəm. Üç körpə övladımı evdə qoyub Vətənin müdafiəsinə yollandım. Döyüşlərdə ayrı-ayrı vaxtlarda düşmənin 7 ( yeddi ) tank və PDM-ni və xeyli sayda canlı qüvvəsini məhv etmişəm. Çoxlu döyüş texnikasım qənimət kimi ələ keçirmişəm. Ordumuzun formalaşmasında əlimdən gələni etmişəm. İki dəfə qapalı kəllə-beyin travması almışam. Axırıncı kontuziyamı biz kəşfiyyatdan qayıdanda öz tankımız bizi səhvən vuranda almışam. Bunların hamısı məhkəmədə öz təsdiqini tapıb. 2008-ci ildə mən “Vətən uğrunda“ medalına layiq görülmüşəm.

1997-ci ildə ordudan tərxis olundum və yenidən müəllim işləməyə başiadım. 1998-2002-ci illərdə mənim və İsmayılov Mülkəmir müəlliminin birgə hazırladığı şagirdlər Dünya Olimpiadsında Respublikamızı Fizika fənni üzrə müvəffəqiyyətlə təmsil etdilər. 2002-ci ildə hətta qızıl medala da layiq görüldülər. Nədənsə, rəsmi orqanlar tərəfindən biz iki müəllimə quru “sağ ol“ deyən tapılmadı. Hətta mənə istəmirsənsə işləmə dedilər. Dünya, SSRİ, Çin olimpiadalarından seçilmiş 360 məsələni tərcümə və həll etdik. Onları kitab şəklində ərsəyə gətirmək üçün vəsaitimiz olmadı. O vaxt bizim çox məharətlə gördüyümüz bu olimpiada işini indi “ölü “ nöqtədən tərpətmək üçün 2 dəfə və hər reysində 50 nəfər müəllimi uzun müddətə İsrailə ezamiyyətə göndəriblər. Bizə bir müəllimə çəkilən ezamiyyət xərci kifayət idi ki, biz o kitabı çap edə bilək.

Hörmətli I Vitse-prezident!

Məlumat üçün bildirim ki, “Fizika kursu“ kitabının müəllifiyəm. Kitab X - XI sinif şagirdləri üçün nəzərdə tutulub. Keçən il Coğrafiya, Kimya və Fizika fənləri üzrə Təhsil Nazirliyinin xətti ilə hazırlanan “Situasiya testləri“ kitabının hazırlanmasmda fəal və təmənnasız iştirak etdim.

Mənə məlum olmayan yollarla qidama qatılan radioaktiv - kimyəvi zəhər orqanizmimdə ciddi fəsadlar törətməyə başladı. Müəllim kimi fəaliyyətimi dayandırmalı oldum. 2006-cı ildə mənə “ bağırsaq xərçəngi“ diaqnozu qoyuldu. Bu səhv qoyulan diaqnoz məni ömürlük şikəst etdi. 2011-ci ildə Türkiyə səhiyyəsi vasitəsi ilə apardığımız laborator analizləri təsdiq etdi ki, məndə ümumiyyətlə xərçəng olmayıb. Yalnız həmin zəhərin izləri aşkarlandı.

Mənim müalicəm və bərpam mümkündür. Lakin Türkiyə və Almaniyada. 14 ildir kömək istəmədiyim ünvan qalmadı. Evində brilliant qaşlarla bəzədilmiş qızıl çıl-çıraq asıb, "büdcədə sənin müalicən üçün pul yoxdur" deyənlərlə, bizə verilən mənzilləri başımıza qaxınc edənlərlə və s. kişilərlə rastlaşdım.
Qısası, qeyrətli bir kişi tapılmadı ki, mənim müalicəmi və bərpamı öz öhdəsinə götürsün.

Çox dəyərli Mehriban xanım!

Ona görə də Sizə müraciət edirəm. Mənim elə yaşımdır ki, (62 yaşım var) mənə hansısa təltif, kiminsə “sağ ol“u, kimlərinsə məsuliyyətə cəlb olunması qətiyyən lazım deyil. Mənə müalicəm və sağlamlığımın qismən də olsa bərpası lazımdır ki, ömrümün qalan hissəsini insan kimi yaşayım. Sadə həyat yaşayan mənim üçün aldığım təqaüd və pensiya tamamilə kifayətdir.

Çox hörmətli Mehriban xanım!

Mənim xaricdə - Türkiyə və ya Almaniyada müalicəmi və bərpam üçün müvafiq tapşırıq verəcəyiniz ümidi ilə bu məktubu bitirirəm. Bunun üçün 25-30 min ABŞ dolları və Sizin şəxsi nəzarətiniz lazımdır.

Hörmətlə: Tağıyev Nazif Hacıverdi oğlu
Ünvan: Quba şəhəri, Əzizbəyov küç. ev 52 mənzil 22. //moderator.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.