SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Daha bir universitet dəyişiklik yolunda - İDDİA

Daha bir universitet dəyişiklik yolunda - İDDİA

Tarix:

31-01-2017, 09:32

/ 1 796 dəfə oxundu.
Daha bir universitet dəyişiklik yolunda - İDDİA

Ayasofiya məbədi 916 il kilsə, 480 il cami olaraq istifadə olunandan sonra 1935-ci ildə muzeyə çevrildi. Çünki türk sultanları məbəddəki xristianlığa aid mozaikaları sökməmiş, sadəcə üstünü örtmüşdülər. Nurlana Əliyeva isə Bakı Slavyan Universitetinə (BSU) rektor təyin olunan kimi universitet binasının fasadındakı, dühalarımızın təsvirləri həkk olunmuş mozaikaları sökdürməyə qərar verdi. Səbəbini də mozaikaların sovet dönəmindən qalma, köhnəlmiş olduqları ilə əlaqələndirdi.

Bu əməli narazılıqla qarşılansa da, təzə rektor inadından dönmədi. Nəzərə almadı ki, o mozaikaların daşıdıqları dəyərlər həmişəyaşardırlar. Çox keçmədi ki, xanım rektor belə etinasız münasibəti özünün müasirləri olan tarixi şəxsiyyətlərə də qarşı sərgiləməkdən çəkinmədiyini ortaya qoydu. Azərbaycanın Milli Qəhrəmanı Məhəmməd Həsənov məzunu olduğu Bakı Slavyan Universitetini ziyarət etmək istəyəndə içəri buraxılmadı.

Məlum həqiqətdir, hər hansı məclisə dəvət olunan şəxs üstün nüfuza, hörmətə malikdirsə, harada əyləşməsindən asılı olmayaraq, o yer həmin məclisin başı sayılır. BSU rektoru Nurlana Əliyeva isə dəvət olunduğu Beynəlxalq Multikulturalizm Mərkəzinin Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirini yarımçıq tərk etdi. Universitetin mətbuat xidməti bu kuryoz olayın səbəblərini belə izah etməyə çalışdı: "Tədbirdə Azərbaycanın tanınmış siyasi və ictimai xadimi, ədəbiyyatşünas alimi, ağsaqqal və xanım ziyalısı N.Əliyevaya qapının ağzında yer təklif etməklə professorun statusuna, yaşına və ümumiyyətlə, Azərbaycan xalqının qadına münasibətdə tarixən formalaşmış ənənələrinə uyğun olmayan bir davranış göstərilib və rektor da buna öz etirazını bildirib”.

Gəlin razılaşaq, tale insana uzun ömrü, saqqalı-birçəyi ağartmaq şansını ona görə vermir ki, cəmiyyətdən hörməti məhz yaşına görə umsun. N. Əliyeva bu hərəkəti ilə şübhələnməyə əsas verib ki, tərk etdiyi tədbir Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BSU-da bir sıra mütərəqqi ənənələr yaratmış, silinməz izlər buraxmış sabiq rektor Kamal Abdullayevin aktivinə yazılacaq deyə orada özünü diskomfort hiss edib.

Bu yaxınlarda jurnalistlərlə görüşündə Nurlana Əliyevanın sabiq rektor Kamal Abdulla barədə söylədiyi "qədirşünas” fikirləri də birmənalı qarşılanmayıb. Sələfi barədə deyib: "Kamal Abdulla bura 16 il rəhbərlik edib, onu Bakı Slavyan Universitetinin tarixindən silmək mümkün deyil. Kamal Abdullanın bu illər ərzində universitetə rəhbərlik etməsi tarixi faktdır. İndi durub bunu inkar etmək qətiyyən olmaz. Əgər ona qarşı belə bir cəhd olarsa, bu, bizim qədrbilməzliyimiz, öz tariximizə hörmət qoymamağımızın əlaməti olar. Mən burada nə qədər işləyəcəyimdən asılı olmayaraq, BSU-nun tarixinə yazıldım artıq. Mən şübhəsiz ki, Kamal müəllim qədər işləyə bilmərəm, çünki 70 yaşım var. Lakin hansı müddətdə BSU-ya rəhbərlik etməyim universitetin tarixinə düşdüyüm gerçəkliyini dəyişə bilməz”.

Alman filosof Emmanuil Kant deyirdi ki, görünən hər şey görünməyənin kölgəsidir. N. Əliyevanın mətbuatda yayılan təzadlı sözləriylə onun məqsədi arasında rabitə olmadığını düşünənlər yanılırlar. Sadəcə olaraq, o məqsəd nədirsə, onunçün gənclərə təhsil verməkdən daha önəmlidir. Bəzən sosial amil, qarın doyurmaq, itirdiyi enerjinin yerini doldurmaq ehtiyacı o qədər güclü olur ki, hətta vampirlər də gün işığına çıxmağa məcbur olurlar. Belə kritik hallarda etika yada düşmür.

Bəli, N. Əliyeva harda, hansı sözü necə deməyi, əsl məqsədini komuflyaj etməyi heç də çoxlarının fikirləşdiyi kimi pis bacarmır. Məsələn, eks-deputat Gülər Əhmədova ilə bağlı məlum qalmaqallı videomaterial və bu fonda davam edən hadisələr barədə sual veriləndə o vaxt YAP Qadınlar Şurasının sədri olan N. Əliyeva bununla bağlı özünün nəsə hamıdan fərqli, xüsusi münasibətinin olmadığını demişdi. Qorxmuşdu ki, artıq-əskik söz danışsa, G. Əhmədovanın "gül ağzı açılar” və deyər ki, N. Əliyeva ondan deputat qudası Hadı Rəcəblinin hayıfını çıxır. Bir vaxtlar G. Əhmədovanın başına külqabı çırpması ilə ölkə mediasının gündəmini silkələyən H. Rəcəbli isə qohumcanlı adamdır. N. Əliyevanın oğlunu Milli Məclisdə vəzifəyə də məhz onun düzəltdiyi məlumdur.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev KİV-ə verdiyi müsahibədən bu sətirlərin altını cızmağa dəyər: "Kimin pulu varsa, verir və onu da prezidentə elə formada təqdim edirlər ki, o da razılaşır. Bəzilərinə təhsil yox, sadəcə pul lazımdır. 1 milyonunu ver, get rektor ol. Sonra da gəlib verdiyi pulu geri qaytarmaq üçün rüşvət alır. Nurlana xanım məktəbdə hansı nailiyyət əldə edib ki, gətirib Slavyan Universitetinə rektor qoyublar? Universitetin professor heyəti, prorektor və digər savadlı şəxslər var, amma pul verən tapılmayıb deyə, başqa adamı rektor qoyublar”.

N. Əliyeva bir onunla öyünə bilər və indi də öyünür ki, vaxtilə Mirzə Ələkbərin adını daşıyan həmin orta ixtisas təhsili müəssisəsinə rəhbərlik etdiyi dövrdə Sabirin "Hophopnamə”sini əzbərləyib. Lakin onun vəzifəsi təkcə bundan ibarət deyildi. Azərbaycan Dövlət Pedaqoji Kollecində rüşvətxorluğun tüğyan etməsi barədə yazılanlar indi də internetdə durur. Bu barədə söz düşəndə keçmiş direktor özünə yaxın KİV-ə sifariş verir ki, onun BSU-nə birbaşa kollecdən deyil, tramplin kimi istifadə etdiyi Təhsil nazirinin müşaviri vəzifəsindən gəldiyini xatırlatsınlar. Yeri gəlmişkən onu da xatırlatmağa dəyər ki, tanınmış təhsil ekspertlərindən biri bu məsələyə başqa rakursdan nəzər salmağın vacibliyini vurğulayıb: "İndi belə təsəvvür formalaşır ki, işində qüsurlara yol vermiş rəhbər işçilər narahatçılıq keçirməməlidirlər. Çünki onların da müşavir olmaq şansları var…”

Etibarlı mənbələrin verdikləri məlumata görə, N. Əliyevanın özündən müştəbehliyi o səviyyəyə çatıbmış ki, kollecdə keçirilən tədbirlərdə iştirak edən elmi ictimaiyyətin nümayəndələrindən onun direktorluqdan daha çox rektor vəzifəsinə layiq olduğunu öz çıxışlarında tez-tez vurğulamaqlarını umurmuş. Bildirilir ki, belə tədbirlərin birində nitq söyləyən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxışının kulminasiya anında vicdanının səsinə qulaq asaraq rektorla direktor arasında fərq qoymağa üstünlük verib və diplomatik fənd işlədib. Deyib ki, pedaqoji kollec universitet statusu almağa layiq müəssisədir. Abel müəllimin söylədiyi bu fikir N.Əliyevanın gözlədiyi kimi alınmasa da, hər halda situasiyaya uyğun olub. Necə deyərlər, nə şiş yanıb, nə kabab.

Sonradan əlbəttə ki, kollec universitetə çevrilmədi, Pedaqoji Universitetə birləşdirildi. N. Əliyeva isə şəxsi ambisiyalarını reallaşdırmaq üçün bütün əlaqələrini işə salaraq BSU rektoru kürsüsünü ələ keçirdi. Ardıyca da universitetin maddi-texniki bazasını gücləndirmək, təmir işləri gördürmək üçün maliyyə vəsaiti göndərildi. Razılaşaq ki, belə "maliyyə korteci”nin müşayiəti ilə rəhbər vəzifəyə göndərilən şəxs ondan səmərəli istifadə edib daha yaxşı imic qazana bilərdi. Amma o, uğursuzcasına "kadr islahatı” apararaq özü ilə ali təhsil təcrübəsi olmayan kollec komandasını da universitetə gətirdi. Amansız "təmizləmə” əməliyyatı həyata keçirən xanım rektor universitetin köhnə rəhbər kadrlarından Rafiq Novruzovla Telman Cəfərova etimad göstərdi. Görünür, bu prorektorlar N.Əliyevanın "texnikum tələblərinə” cavab verən səviyyədədirlər ki, belə iltifata layiq görülüblər.

Bütün müşahidə olunanlar vəd edir ki, belə getsə, BSU kollec statusuna enəcək. N.Əliyeva isə öz köhnə DİREKTOR ampluasındadır, bircə vəzifəsinin adında "Dİ” sözönlüyü əskikdir. Əlbəttə, bununla nə "kollec” deyilən orta ixtisas təhsili müəssisəsinə, nə də "direktor” deyilən vəzifəyə qara yaxmaq fikrindəyik.
AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ