SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Laçın dəhlizi Azərbaycanın məqbul gördüyü qayda-qanunlar çərçivəsində işləyəcək - GƏLİŞMƏ

Laçın dəhlizi Azərbaycanın məqbul gördüyü qayda-qanunlar çərçivəsində işləyəcək - GƏLİŞMƏ

Tarix:

21-10-2020, 12:45

/ 915 dəfə oxundu.
Laçın dəhlizi Azərbaycanın məqbul gördüyü qayda-qanunlar çərçivəsində işləyəcək - GƏLİŞMƏ

Prezident İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinə uzun zamandır münaqişə tərəfləri arasında müzakirə mövzusu olan, daha sonra gündəmdən qalxan Laçın dəhlizi ilə bağlı sualı da cavablandırıb. Dövlət başçısı bəyan edib ki, rəsmi Bakının mövqeyi həmişə çox konstruktiv olub. Prezident vurğulayıb ki, Laçın dəhlizi kompromis paketin tərkib hissəsi idi: “Baza prinsiplərində yazılıb ki, təkcə Laçın dəhlizi deyil, bütün kommunikasiyalar, həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyalar açılır. Erməni tərəfi bu dəhlizin təhlükəsizliyinə zəmanət təqdim etməli idi”.

Prezident baza prinsiplərində Ermənistanla Azərbaycan arasında sərhəddə kommunikasiyaların açılmasının da nəzərdə tutulduğunu xatırladıb: “Nəzərdə tutulurdu ki, Ermənistan Rusiya Federasiyasının ərazisinə maneəsiz yerüstü keçmək imkanına malik olacaq.

Hazırda Ermənistan bu imkandan məhrum deyil, lakin bunu Azərbaycan ərazisindən keçməklə etmək qat-qat rahatdır və bu, hava şəraitindən, dağlarda qar yağmasından və sair məsələlərdən asılı deyil.

Yəni, bütün bunlar Azərbaycan ərazilərinin işğaldan azad edilməsini, azərbaycanlı məcburi köçkünlərin bütün torpaqlara qaytarılmasını nəzərdə tutan kompromis paketinin bir hissəsidir.

Əlbəttə, Dağlıq Qarabağ ilə Ermənistan arasında Laçın dəhlizi vasitəsilə maneəsiz gediş-gəliş də nəzərdə tutulurdu. Biz bu mövqeyimizi bir daha təsdiq edirik”.

Rusiyalı jurnalistin sualını və ölkə rəhbərinin diqqət çəkdiyi məqamı “Şərq”ə dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, rus jurnalistlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətində qəribə tendensiya müşahidə olunur. Siyasi şərhçinin sözlərinə görə, bu tendensiya Ermənistanın maraqlarına xidmət edir və daha çox düşmən ölkənin problemlərinə həsr olunur: “Laçın dəhlizi ilk vaxtlar Ermənistanla Dağlıq Qarabağ arasında humanitar keçid-yol kimi nəzərdə tutulurdu. Keçidin heç bir statusu yox idi. Danışıqlar prosesində Laçın dəhlizinin müəyyən müddətə icarəyə verilməsi və təhlükəsizliyin Azərbaycan tərəfindən təmin edilməsi müzakirə mövzusuna çevrilmişdi. Azərbaycan təbii olaraq Laçın dəhlizinə öz ərazisi kimi baxırdı.

Çünki həmin dəhliz Laçın şəhərinin, daha doğrusu, rayonun Ermənistanla sərhəd bölgəsində salınmış Qayğı qəsəbəsinin tam ortasından keçirdi. Buna görə də Azərbaycan üçün kifayət qədər strateji əhəmiyyətə malik idi. Ermənilər söyləyirdi ki, Laçın dəhlizini qorumaq üçün yolun hər iki tərəfində xüsusi təhlükəsizlik xətti olmalıdır.

Yolun eninin 15 kilometr məsafəsində olmağını təklif edirdilər. ATƏT bu məsafəni 10 kilometrdən hesablayırdı. Azərbaycan tərəfi isə vurğulayırdı ki, təhlükəsizlik yolunun eninin 2-3 kilometr olması kifayətdir. Üstəlik, təhlükəsizliyə təminat verirdi”.

Analitik bəyan edib ki, Ermənistan bütün vaxtlarda Laçın dəhlizi məsələsinə qeyri-konstruktiv yanaşıb:

“15 kilometrlik məsafə Laçının az qala yarısını, Kəlbəcərin 15-20 faizini əhatə edirdi. Bu isə Azərbaycanın ərazi bütövlüyünün təhlükəsiz formada pozulması sayılırdı.

Uzun illər ərzində Laçın dəhlizi məsələsində razılığa gəlinmədi. Ermənilər 7 rayonun işğalını başa çatdırandan sonra dəhlizin müzakirəsi tamamilə gündəmdən çıxdı.

Ola bilər ki, yenidən sözügedən dəhliz məsələsi gündəmə gəlsin. Çünki Azərbaycan tərəfi Dağlıq Qarabağın Ermənistanla humanitar əlaqəsinə veto qoymaq fikrində deyil. Laçın dəhlizi Azərbaycanın nəzarəti altında, bizim məqbul gördüyümüz qayda-qanunlar çərçivəsində işləyəcək.

Amma hələlik Laçın dəhlizini qabartmaq çox tezdir. Məsələlər kompleks şəkildə həll edilməlidir. Dağlıq Qarabağın statusu, Laçın dəhlizi, Ermənistan ətrafındakı həm Türkiyə, həm Azərbaycan tərəfdən kommunikasiya xəttlərinin açılması ən sonuncu mərhələnin müzakirələridir. Hər halda Azərbaycan Prezidentinin pozitiv yanaşması doğrudur.

Dağlıq Qarabağ ermənilərini hər zaman öz vətəndaşlarımız bilmişik və onların bizim torpaqlarda sülh şəraitində yaşamalarının təminatı sözünü vermişik. Ancaq bunun reallaşması üçün işğal altındakı bütün torpaqlarımız düşməndən azad edilməlidir”.

Şərhlər

XƏBƏR LENTİ