SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » “Büdcədə neftin qiymətinin 85 dollara qaldırılması ən mübahisəli addımdır” - ekspert belə deyir...

“Büdcədə neftin qiymətinin 85 dollara qaldırılması ən mübahisəli addımdır” - ekspert belə deyir...

Tarix:

8-07-2022, 11:00

/ 816 dəfə oxundu.
“Büdcədə neftin qiymətinin 85 dollara qaldırılması ən mübahisəli addımdır” - ekspert belə deyir...


Dünya neft bazarında təlatüm davam edir. İyulun 6-da kəskin ucuzlaşaraq 100 dollardan aşağı düşən qiymətlər iyulun 7-də bir qədər yüksələrək 101 dollar civarında qərarlaşıb. Analitiklər neft qiymətlərini belə sürətlə azaldan səbəblər arasında ağırlığı birmənalı olaraq qlobal resessiya gözləntilərinə salırlar. Hesab olunur ki, Rusiya neftinə embarqo qoyulması ilə bazardan böyük həcmdə neftin çıxması ehtimalı artsa belə, investorlar koronavirus pandemiyasının yenidən vüsət alması, həmçinin yüksək enerji qiymətləri nəticəsində qlobal iqtisadiyyatda tənəzzülün başlaması ehtimalını daha böyük və daha real təhlükə kimi qiymətləndirirlər.

Halbuki ABŞ və müttəfiqləri Rusiya neftinə qiymət tavanı müəyyənləşdirmək planında qəti görünürlər. “Bloomberg”in məlumatlı mənbələrinə istinadən yazdığına görə, Rusiya üçün qiymət tavanı 40-60 dollar civarında müyyənləşdiriləcək. ABŞ və müttəfiqləri məhz bu qiymət aralığı üzərində müzakirələr aparırlar. Bu çərçivə Rusiyada neft hasilatının azalmaması, amma gəlirin minimum həddə olması tələbləri nəzərə alınaraq müəyyənləşdirilib. Agentliyə yaxın mənbələrdən biri bildirib ki, ABŞ administrasiyasının əməkdaşları hər həftə bu məsələnin müzakirəsi ilə bağlı bir neçə görüş keçirirlər və yaxın həftələrdə onlar bu məqsədə çatmaq üçün “fəaliyyətlərini aktivləşdirəcəklər”.

Bundan əlavə, mənbələrin dediyinə görə, qiymtə tavanı ilə yanaşı ABŞ administrasiyası həmin tavandan yuxarı neft alanlara, onu daşıyanlara, həmçinin daşıyanları sığortalayanlara və onlara maliyyə xidməti göstərənlərə qarşı da tədbirlər hazırlayırlar. Məqsəd Rusiya neftini ən az həcmlərinin belə müəyyən olunacaq qiymət tavanından baha satılmasının qarşısını almaqdır.

“Politico” nəşrinin məlumatına əsasən, G7 ölkələrinin iyunda keçirilən sammitində ilk dəfə Rusiya neftinə embarqonun ümumi neft bazarında ABŞ, Avropa Birliyi və digər Qərb ölkələri üçün arzuolunmaz perspektivinin qarşısını almaq üçün əsas vasitə kimi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı ABŞ yalnız müəyyən olunacaq qiymət tavanı çərçivəsində Rusiya neftini alan ölkələr üçün sanksiyalardan istisna qoyulmasını təklif edib ki, bunu digər ölkələr də mümkün variant kimi qəbul ediblər. G7 liderləri həmçinin Rusiyanı öz neftini müəyyən olunacaq tavan çərçivəsində satmağa məcbur etmək üçün əvvəlcə onun bütün neft və neft məhsulları satışına embarqo tətbiq olunması, yalnız tavanla razılaşdıqdan sonra ondan istisnalara başlanması barədə razılığa gəliblər.

Dünən Yaponiya Nazirlər Kabinetinin baş katibi Seydzi Kihara açıqlama verərək ölkəsinin rəsmi Tokionun G7 ölkələri ilə Rusiya neftinə qiymət tavanı qoyulması məsələsi üzrə müzakirələri davam etdirdiyini bildirib: “Biz G7 çərçivəsində qiymət səviyyəsinə məhdudiyyətin tətbiqi ilə bağlı mexanizmin detallarını müzakirə etməkdəyik”.

Rusiya da artıq qiymət tavanı mexanizminin reallaşma əmsalının artmasından narahat olduğunu büruzə verməyə başlayıb. Belə ki, iyulun 6-da Rusiyanın Novorossiysk şəhərinin Primorski rayon məhkəməsi Qazaxıstan neftinin tankerlərə yüklənməsini həyata keçirən, Xəzər Boru Konsorsiumuna məxsus terminalın fəaliyyətinin 30 gün müddətində dayandırılması barədə qərar qəbul edib. Məhkəmə qərarı guya konsorsiumun terminal ərazisində ekoloji tələbləri pozması ilə əsaslandırılsa da, bu addımın arxasında Rusiyanın böyük maraqlarının dayandığı heç kimə sirr deyil. Bu maraqlardan birincisi, embarqo və qiymət tavanı mexanizminin işə salınmasına mane olmaqdır: Novorossiyskdən gündə 800 min barel Qazaxıstan nefti əsasən Avropaya yola salınır. Rusiya bunun qarşısını almaqla bazarda qıtlıq yaratmaq və öz neftinə qarşı embarqo qərarını önləmək istəyir. İkinci tərəfdən isə Rusiya Qazaxıstanı sanksiyalardan yayınmaqda ona yardım göstərməyə məcbur etməyə çalışır. Təsadüfi deyil ki, Ukraynada müharibə başlayandan bəri ilk dəfə Rusiya neftinə qarşı məhdudiyyətlər gündəmə gəldikdə, Qazaxıstan neftinin nəqlinə problem yaradılıb. Belə ki, martın sonlarında Novorossiysk limanında Qazaxıstan neftini tankerlərə yükləyən terminalın 3 liman qurğusundan ikisinin fəaliyyəti “qasırğadan zərər gördükləri” səbəbi ilə dayandırılıb və onların fəaliyyəti 1 ay sonra bərpa edilib. Bu müddətdə təbii ki, qazax neftinin ixracında ciddi (gündəlik ixracın 80 faizi həcmində) azalma baş verib. İyunun 15-də dənizdə “İkinci Dünya müharibəsindən qalmış minaların aşkarlanması” səbəbi ilə yenə 3 liman qurğusundan ikisinin fəaliyyəti 5 iyul tarixinə qədər dayandırılıb. Üçüncü dayandırılma qərarı isə elə həmin gün (5 iyul) - bu dəfə məhkəmə müstəvisində verilərək hər üç qurğuya şamil edilib və 30 sutka qüvvədə olacaq.

Maraqlıdır ki, məhkəmə qərarından bir gün əvvəl - iyulun 4-də Qazaxıstan prezidenti Qasım Jomart Tokayev Avropa Birliyinin Prezidenti Şarl Mişellə telefon danışığında Qazaxıstanın Avropa bazarında vəziyyəti stabilləşdirmək üçün öz karbohidrogen potensialından istifadə etməyə (yəni bazara əlavə neft çıxarmağa) hazır olduğunu həmsöhbətinin diqqətinə çatdırıb. O, həmçinin Avropa ölkələrini Asiyadan Avropaya yüklərin Qazaxıstan və Azərbaycan üzərindən keçməklə daşınmasını təmin edəcək Orta dəhlizə dəstək verməyə çağırıb.

Dünən isə Qazaxıstan prezidenti ölkənin tranzit-nəqliyyat imkanlarının genişləndirilməsi məsələsinə həsr olunmuş hökumət müşavirəsi keçirib. Müşavirədə o, hökumətə neft ixracının diversifikasiya olunması üçün təcili tədbirlər həyata keçirilməsini tapşırıb. Bu zaman Qazaxıstan prezidenti əsas marşrut kimi Transxəzər marşrutuna diqqət yetirilməsini zəruri tələb kimi hökumət qarşısında qoyub. Q.J.Tokayev milli neft-qaz şirkəti olan “Kazmunayqaz”a bu marşrutun ən qısa vaxtda gücləndirilməsi üçün fəaliyyətlərə başlamağı tapşırıb. Bu zaman o, lazım gələrsə, “Tengiz” layihəsinin xarici investorlarının da prosesə cəlb olunmasını qeyd edib. “Tengiz”də 50 faiz pay ABŞ-ın “Chevron”, 25 faiz isə “ExxonMobil” şirkətlərindədir. Qazaxıstan hökuməti isə Atırau-Kenkiyak və Kenkiyak-Kumkol neft boru kəmərlərinin ötürücülük gücünün artırılmasını təmin etməlidir.

2021-ci ildə Qazaxıstan 68-69 milyon ton neft ixrac edib. Bunun 78 faizi - 53-54 milyon tonu Xəzər Boru Kəməri ilə, 18 faizi və ya 12 milyon tonu yenə Rusiya üzərindən keçən Atırau-Samara kəməri ilə, 3 faizi - 2 milyon tonu Aktau limanından treyderlərə satılıb, 1 faizi - 1 milyon tonu isə Qazaxıstan-Çin neft kəməri ilə ixrac olunub. Yəni hazırda Qazaxıstanın neft ixracında Rusiyadan asılılığı 96 faiz təşkil edir. Ölkə neftinin əsas alıcıları isə Avropa dövlətləridir - İtaliya, Fransa və Niderland 2021-ci ildə Qazaxıstandan 31 milyon ton neft alıblar.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərində Qazaxıstanın neft ixracının mühüm bir hissəsinin Xəzər dənizindən keçməklə Azərbaycanın Bakı-Tiflis-Ceyhan neft kəməri ilə reallaşdırılması planı var idi. Ölkənin Energetika Nazirliyi Qazaxıstan Xəzər Nəql Sisteminin yaradılması planını hazırlamışdı. Hətta Azərbaycanla bununla bağlı xüsusi memorandum da imzalanıb. Lakin ABŞ şirkətlərinin prosesə maraq göstərməməsi, əksinə, Azərbaycandakı layihələrdən də çıxmaları, Rusiyanın təzyiqləri fonunda Qazaxıstanın bu planı icra olunmadı. Halbuki Qazaxıstan çox rahatlıqla ildə 35-50 milyon tona qədər neftini Rusiyadankənar və etibarlı tərəfdaşın ərazisindən dünya bazarına çıxara bilərdi.

İndi Qazaxıstan hökuməti yenidən Azərbaycan üzərindən neft nəqlinin artırılması məsələsinin üzərinə qayıtmalı olub. Qazax ekspertlərin hesablamalarına əsasən, ölkə ildə 35-50 milyon ton neftin Azərbaycan üzərindən daşınmasını təmin edəcək infrastrukturu ən yaxşı halda 6 aya yarada biləcək. Buna qədər Rusiya ərazisindən neft nəqli dayansa, Qazaxıstan üçün çox böyük maliyyə itkilərinə gətirib çıxaracaq.

Yeri gəlmişkən, Tokayevin Azərbaycan üzərindən neft nəqlini ölkənin bir saylı prioriteti elan etməsi Rusiyada dərhal qıcığa səbəb olub. Rusiya mətbuatı bu tapşırığın siyasi xarakterli olduğunu müzakirə etməkdədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bununla bağlı ona ünvanlanan sualı cavablandırarkın Tokayevin tapşırığında siyasi çalar görmədiyini bildirib. Qeyd edib ki, Qazaxıstan neftini nəql edən terminalın fəaliyyətinin dayandırılması məsələsi ilə bağlı tərəflər arasında dialoqa ehtiyac var: “Mütəxəssislər səviyyəsində dialoqa ehtiyac var. Burada situasiyaya çox diqqətlə baxmaq lazımdır. Biz oxuduq ki, orada terminalın fəaliyyəti ekoloji məsələlərə görə dayandırılıb. Buna görə də Qazaxıstandakı tərəfdaşlarımızla əlavə kontaktlara ehtiyac olduğu qənaətindəyik. Çətin ki, Qazaxıstan prezidentinin dediklərində siyasi motiv olsun”...

Onu da qeyd edək ki, qlobal resessiya təhlükəsinin getdikcə artması fonunda Qazaxıstanın neft ixracının böyük ölçüdə dayanması xəbəri neft bazarında qiymətlərə hər hansı təsir göstərməyib. Bu isə neft qiymətlərinin ucuzlaşması prosesinin davamlı xarakter alması təhlükəsini artırır. Belə bir şəraitdə Azərbaycan hökumətinin dövlət büdcəsində neftin qiymətini 85 dollar həddinə qaldırması birmənalı qarşılanmır. Dia.az bildirir ki, iqtisadçı-ekspert Pərviz Heydərovun “Yeni Müsavat”a dediyinə görə, dövlət büdcəsinə dəyişiklik layihəsində ən mübahisəli məqam neftin proqnoz qiymətinin 35 dollar artırılması ilə bağlıdır: “Aydındır ki, neft qiyməti proqnozuna dəyişiklik edilməli idi. Lakin bunu 60-65 dollardan yuxarı etmək çox risklidir. Dünyada gedən siyasi-hərbi proseslər, neft bazarındakı volatillik şəraitində bu addımı yetərincə əsaslandırılmış hesab etmək mümkün deyil. Həmçinin bu addımın Dövlət Neft Fondundan büdcəyə transfertin azaldılması ilə yanaşı atılması izafi arxayınlıq əlamətidir”.

Ekspertə görə, qlobal miqyasda proseslər o qədər sürətli və dəyişkən cərəyan edir ki, neft bazarı barədə hətta 2 həftəlik dövr üçün də proqnoz vermək çətindir: “Ümumiyyətlə, hazırda heç bir əmtəə, xammal bazarında qiymət proqnozlaşdırma aparmaq mümkün deyil. Düşünürəm ki, bu qeyri-müəyyənlik ən tezi payız aylarında aradan qalxacaq və müəyyən proqnozlaşdırmalar aparmaq mümkün olacaq. Ona qədər OPEK+ razılaşması üzrə neft hasilatına qoyulan məhdudiyyətlər aradan qalxacaq. Eyni zamanda havaların soyuması koronavirus pandemiyasının yenidən güclənməsinə və tələbin azalmasına səbəb ola bilər. Bu amillər neft qiymətlərini aşağı salacaq, amma bunun 65 dollardan aşağı düşəcəyi də gözlənilən hesab olunmur”.

Şərhlər

XƏBƏR LENTİ