Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsindəki uğursuzluqları qitədə nəinki anti-Fransa əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-nin bölgədəki təsirinin artmasına səbəb olub.
Bu barədə “Le Figaro” qəzetində dərc olunan 92 fransız senatorun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktubda deyilir.
“Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası və Burkina Faso Fransa, fransız qoşunları və fransız şirkətlərini rədd etdi... Saxaradan cənubdakı Afrikada bu hərəkat böyüyür, hətta Fil Dişi və Seneqal kimi bizə yaxın görünən ölkələrdə belə nümayişlər və Fransa əleyhinə aksiyalar keçirilir”, - qanunvericilər bildiriblər.
Onlar Parisin Şimali Afrika, o cümlədən Əlcəzair, Mərakeş və Tunislə münasibətlərində qeyri-müəyyənliyin mövcudluğunu qeyd ediblər.
Senatorların fikrincə, son illərdə Fransa hökumətinin üzvləri Afrika siyasətilə razılaşmayanların hamısını ittiham edərək uğursuzluqları “kamuflyaj ediblər”. Məktubda bildirilir ki, bu gün dünənki Fransa Afrikası hərbi baxımdan Rusiya Afrikasına, iqtisadi baxımdan Çin Afrikasına və diplomatik baxımdan Amerika Afrikasına çevrilir.
Məktubun müəllifləri ingilis dilinin artan populyarlığı ilə əlaqədar olaraq qitədə fransız dilinin rolunun tədricən azalmasına diqqət çəkiblər.
“Dost qitə olan Afrika, deyəsən, artıq Fransanı başa düşmür və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur”, - deyə məktubda vurğulanıb. Senatorlar Prezident Makronu bununla bağlı dəqiq mövqe tutmağa çağırıblar.