XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Vəzifədən gedənlərin psixoloji travması, sağlığı ilə imtahanı: - Kimdir günahkar?

Vəzifədən gedənlərin psixoloji travması, sağlığı ilə imtahanı: - Kimdir günahkar?

Vəzifədən gedənlərin psixoloji travması, sağlığı ilə imtahanı: - Kimdir günahkar?
21-08-2020, 16:07

Cəmiyyətdə yüksək mövqe tutan, rütbəli şəxslər bir müddət sonra vəzifəsindən azad olunduqda psixoloji çöküş yaşayırlar, hətta bəzilərinin sağlığında ciddi problemlər yaranır.

Bəzən bu şəxlər öz vəzifəsini icra etdiyi dönəmdə yol verdiyi səhvlərlə bağlı mətbuatda tez-tez neqativ xəbərlər yer almağa başlayır.

Bu tendensiya nə ilə əlaqədardır? Nəyə görə vəzifəsindən azad olunan şəxslərin sağlamlığında problemlər yaşanır?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bununla bağlı “MediaPost”a açıqlama verib. O bildirib ki, məsul vəzifədə çalışan şəxslər vəzifəsindən azad olunandan sonra bunların bir qismində həm fizioloji, həm də psixoloji problemlər yaşanır:

“Bunun bir çox səbəbləri var. Əsas problem onların yeni həyat tərzinə adaptasiyası ilə bağlı olur. Çünki öncəki həyat nə qədər gərgin, nə qədər məsuliyyətli olsa da, onlar illərlə bu həyat tempində çalışıblar. Artıq vəzifədən azad olunandan sonra əvvəlki həyat tempinin olmaması, ətrafdakı insanların onlara qayğı göstərmədiyini düşünməsi, bu insanların özlərini lazımsız biri kimi hiss etməsinə səbəb olur. Bu da onların psixoloji durumuna təsir göstərir.

Yəni vəzifə, səlahiyyət sahibi olmaq həm də bir vaciblik duyğusudur. Bunun nə qədər böyük məsuliyyəti olsa da, bu insanlar hər zaman ətraf tərəfindən diqqət, qayğı gördükləri bir həyat tərzi ilə əhatə olunurlar. Vəzifədən azad olunduqdan sonra yeni həyat tərzinə adaptasiya olmaqda çətinlik çəkirlər. Bunu aradan qaldırmaq üçün vəzifədən azad olunan şəxslərin bəziləri təsərrüfatla məşğul olmağa çalışır və ya övladları, nəvələri ilə zaman keçirirlər, bir qismi isə elmi işlə məşğul olur və ya memuar yazır. Bu şəxslər çalışır ki, əvvəlki tempi qoruyub saxlasınlar. Məsələn, səhər tez durub, üzlərini qırxırlar, işə gedərkən hansı saatda oyanırdılarsa, indi də bu qaydaya əməl etməyə çalışırlar. Ancaq bunları hər insan bacara bilmir. Bəzi insanlarda özünə qapanma olur, psixologiyası və səhhətində müəyyən problemlər yaranır”.

Mütəxəssis qeyd edir ki, səlahiyyət sahibi olan şəxslərin əksəriyyətində nevroz da olur:

“Bu şəxslər vəzifədən çıxdıqdan sonra onlar haqqında deyilən hər bir sözə qarşı həssas olurlar. Telefonlarına cavab verilmədikdə narahat olmağa başlayırlar. Bu tək vəzifə ilə bağlı deyil, həm də xarakter tipidir. Ona görə də, bu tip insanlar vəzifədən çıxdıqdan sonra özlərini cəmiyyətdən uzaqlaşdırırlar. Lakin nə qədər uzaqlaşsalar da, daim özlərini vacib şəxs kimi görmək istəyirlər. Bu, təkcə vəzifəyə aid deyil, ailə, yaxın ətraf, qohumlar arasında da bunu hiss etmək istəyirlər.

Həm də bu ruh düşkünlüyü bir çox faktorlarla bağlıdır. Bunu bütün vəzifə sahiblərinə şamil etmək olmaz. Burada yaş faktoru, xarakter özləllikləri, insanın tutduğu vəzifə və işlədiyi dönəmdə göstərdiyi fəaliyyət, insanların onlara münasibəti önəmli rol oynayır. Qeyd etdiyim faktorlara uyğun psixoloji dəyişliklər baş verə bilir”.

Mövzu ilə bağlı “MediaPost”a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu isə bildirib ki, vəzifədən gedən şəxsin səhhətində problem yaranması yeni hal deyil:

“Uzun müddət məsul vəzifədə işləyən adamlar vəzifədən çıxdıqdan sonra xəstələnirlər. Burada müxtəlif məsələlər var. Birincisi, insan psixologiyasıdır. Vəzifədə olarkən ətrafdakı insanlar onlara qarşı daha diqqətli olur. Lakin çıxdıqdan sonra bir çox adam onlardan üz döndərir, çöldə gördükdə yolunu dəyişir, əleyhinə mətbuatda yazılar gedir. Həmin şəxslər birdən-birə o vəzifədən aşağı düşdükdə, nə edəcəyini bilmir. Cəmiyyət bu insanlara bir az normal reaksiya göstərsə, bu prosesi keçmək onlar üçün də çətin olmaz. Neqativ yazıları gördükdə isə daha çox depressiyaya düşməyə başlayırlar.

Digər tərəfdən yüksək vəzifədə olarkən həmin şəxslərə tibbi xidmət də yüksək səviyyədə olur. Özünün imkanları geniş olan şəxslər xaricə də gedir. Əvvəllər vəzifəli şəxsin sağlığında problem çıxdıqda bunu hər kəs bilmirdi. Çünki onlar ictimaiyyətə qapalı olurlar. Lakin vəzifədən getdikdən sonra jurnalistlər bu məlumatları daha tez əldə edir və yaymaqda maraqlı olurlar”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.