SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacıbala Abutalıbovdan ƏCAİB GÖSTƏRİŞ - “Mətbuata qapı açmayın, valideynləri mətbəxə buraxmayın”

Hacıbala Abutalıbovdan ƏCAİB GÖSTƏRİŞ - “Mətbuata qapı açmayın, valideynləri mətbəxə buraxmayın”

Tarix:

14-04-2017, 14:43

/ 108 146 dəfə oxundu.
Hacıbala Abutalıbovdan ƏCAİB GÖSTƏRİŞ - “Mətbuata qapı açmayın, valideynləri mətbəxə buraxmayın”

Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, icra hakimiyyətlərinin balansına keçdikdən sonra bəzi uşaq bağçalarının rəhbərləri razılıq etməyə başladı ki, bu müəssisələrdə uşaqların ərzaq təminatı yaxşılaşıb. Hətta valideynlərə qadağa qoyuldu ki, uşaq bağçasına göndərilən uşaqlara yemək qoyulmasın.
Amma ölkədəki iqtisadi böhran deyəsən, məktəbəqədər təhsil müəssisələrindən də yan keçməyib. Yaxud da iqtisadi böhran bəhanəsilə uşaqların payı mənimsənir.
Sentyabrdan uşaq bağçalarına yumurta da verilmir?
Daxil olan məlumata görə, ötən ilin sentyabrından uşaq bağçalarının əksəriyyətində ərzaq təminatı xeyli zəifləyib. Sentyabra qədər hər uşağa yumurtanın 4-də biri verilirdisə, sentyabr ayından sonra o da kəsilib. “İqtisadi böhran”dan sonra gündəlik ət qidası ilə təmin olunmalı olan uşaqlar həftədə bir dəfə ətin dadını bilər-ya bilməz.
“Nəzarət olunmalıdır ki, uşaqların ərzağı mənimsənməsin”
Uşaq Hüquqlarının Müdafiəsi Liqasının sədri Yusif Bəkirovun sözlərinə görə, uşaqlara dövlət tərəfindən verilən qida mənimsənməsə, onları təmin edə bilər: “Uşaq nə bilir iqtisadi çətinlik nədir. Hər uşağın qida rasionu var və ona uyğun da dövlət pul ayırır ki, uşaq bağçalarında onların ərzaq təminatı olsun. Uşaqların ərzağı mənimsənir, oğurlanır, verilmir, bu başqa məsələdir və bununla müvafiq qurumlar məşğul olmalıdır. Dövlətdən ayrılan vəsait uşağın haqqıdır və bu haqdan onlar məhrum edilməməlidir”.
Ölkə üzrə uşaq bağçaları 18 faizdir
Yusif Bəkirovun sözlərinə görə, məktəbəqədər dövlət təhsil müəssisələrinin sayının artırılmasına da ciddi şəkildə ehtiyac var: “Ölkə üzrə uşaq bağçaları 18 faiz təşkil edir. Bakıda bu rəqəm 400-dən bir qədər çoxdur. Onun da yarısında məcburi köçkünlər məskunlaşıb, yarısı təmirsizdir”.
Valideyn “hörmət eləsin”, boş yer olsun...
Bu gün “qaçqınlar otaqlarımızı zəbt eləyib” amili əsas gətirməklə uşaq bağçalarının qapısı üzərində “yer yoxdur” elanlarına tez-tez rast gəlinir, amma valideyn müdirə xanımı “görəndən” sonra bu problem aradan qalxır.
Bu günlərdə Xatirə Məmmədova ad-soyadlı oxucu yazıb ki, 3 il öncə 16 saylı uşaq bağçasına iki oğlunun yerləşdirilməsi üçün 200 manat ödəyib. Uşaq bağçası isə antisanitariya vəziyyətindədir, uşaqların qalması üçün heç məqbul deyil. Valideyn uşaqları qəbul olunan gündən hər ay "fond pulu" adı ilə 15-20 manat pul verir.
Bəzi valideynlər isə təklif edirlər ki, müdirəyə, yaxud müəlliməyə, tərbiyəçiyə əlavə ödəniş etməkdənsə, ödənilən həmin məbləğlər rəsmiləşdirlisin.
“Valideyn ödənişləri rəsmiləşsə, rüşvət də artacaq”
Yusif Bəkirov hesab edir ki, bu təklifin reallaşması qətiyyən vəziyyətdən çıxış yolu deyil. Çünki valideyn hər uşağına görə, ayda 30-40 manat xərcləyirsə, ödənişlər rəsmiləşsə, bu rəqəm 80-90 manat olacaq. Çünki müəllimlər, tərbiyəçilər az aylıq əməkhaqlarının əvəzini bir yolla valideynə ödədir: “Uşaq bağçalarının məhdud sayda olması təkcə Azərbaycanda deyil, bütün dünyada var. Amma inkişaf etmiş dövlətlər problemdən çıxış yolunu tapıblar. Azərbaycanda uşaq bağçalarının məhdud sayda olmasına baxmayaraq, infrastrukturuna görə də uşaq bağçaları arasında fərq çoxdur. Eləsi var şadlıq evinə bənzəyir, digərində isə uşaq üçün yaşayış şəraiti yox dərəcəsindədir. Ona görə də dövlət büdcəsindən uşaqlara pul yetərincə ayrılmalı və ayrılan pulun təyinatı üzrə məhz uşaqlara sərf olunmasına nəzarət edilməlidir. Lazımı qədər məbləğ ayrılsa, ev bağçaları da təşkil eləmək mümkündür”.
Uşaq bağçası uşağın qarnını doyuzduran saxlanc yeri deyil
Qeyd edək ki, əksər təhsil ekspertləri məktəbəqədər təhsili ümumi təhsilin əsas hissəsi hesab elədikləri üçün bu qurumların Təhsil Nazirliyinin nəzdindən çıxarılmasına hələ 2011-ci ildə etiraz edirdilər. Ekspertlərin fikrincə, məktəbəqədər təhsilə valideynlərin işə gedərkən uşaqlarını saxladıqları və qarnının doyuzdurulduğu yer kimi baxılmamlıdır, bu sistem ibtidai təhsil proqramının çox sürətlə mənimsənilməsinə kömək edə bilən təhsil həlqəsidir.
Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin müdiri tikinti mütəxəssisidir?
Ona görə də hələ icra hakimiyyətlərin balansına verilməzdən öncə də ən çox islahatlara ehtiyacı olan bu təhsil sahəsinin Təhsil Nazirliyinin nəzdinə qaytarılması məqbul hesab edilir. Çünki ekspertlərin qənaətinə görə, icra hakimiyyətlərində uşaqların təlim-tərbiyə işlərinin qurulması metodologiyasından xəbərsizdirlər. Elə Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin Eldar Yunusovun bu sahəyə tamamilə aidiyyəti olmayan tikinti mütəxəssisi olduğu bildirilir.
Hacıbala Abutalıbov uşaq bağçalarını əlindən vermək istəmir
Mətbuatda isə ara-sıra belə xəbərlər yer alır ki, Təhsil Nazirliyi ilə Bakı şəhər İcra Hakimiyyəti arasında bu qurumun tabeçiliyi uğrunda mübarizə gedir.
“Hürriyyət”ə daxil olan məlumata görə, hətta cari tədris ilinin başlanğıcında Bakı meri məktəbəqədər təhsil müəssisələrini icra hakimiyyətinin balansında saxlamaq üçün möhkəm dirəniş göstərib. O, həmin vaxt bir neçə uşaq bağçası və körpələr evində də olub. Bağça müdirələrinə, müəllimlərə göstərişlər verib. Tapşırıb ki, heç bir mətbu orqana ondan icazəsiz qapı açılmasın, valideynlərin mətbəxə girişinə icazə verilməsin.
Merdən “dəyərli” tövsiyə: valideynlərin 20 faizindən də pul almayın!
Bağça müəllimələrindən birinin sözlərinə görə, mer müdirəsini tənbeh edərkən bildirib ki, valideynlərin hamısından pul almasınlar, “bir az insaflı olun, 80 faizdən pul alıb, uşağını bağçaya götürürsüz, 20 faizdən də götürməyin”, - deyə tövsiyə verib.
“Orda da oğurluq edilirdi, burda da”
Y.Bəkirovun fikrincə, məktəbəqədər təhsil müəssisələrinin hansı qurumun balansında olması önəmli deyil. Liqa sədrinin fikrincə, Təhsil Nazirliyinin balansında olduqda da vəziyyət heç də ürəkaçan deyildi: “Orda olanda da uşaqların payından oğurluq edilirdi, burda olanda da edilir. Əsas odur ki, uşaqların qida təminatı, təlim-tərbiyəsi qaydasında olsun. Uşaq bağçalarında kiçik təmirdən tutmuş, əsaslı təmirə qədər işlər də icra hakimiyyəti tərəfindən icra olunmalıdır”.
Bağça müdirəsi: “Niyə hər şeyi dövlətdən gözləyək, valideynin imkanı varsa, yardım eləyə bilər”
132 saylı uşaq bağçasının müdirəsi Kəmalə Əliyeva isə “Hürriyyət”ə dedi ki, hər kiçik təmir üçün icra hakimiyyətinə müraciət etmirlər, müəssisənin öz daxili imkanları hesabına bu iş icra edilir: “Ayda 2-3 dəfə kanalizasiya tutulursa, hər dəfə biz meriyaya müraciət edə bilmərik. Belə olanda imkanlı valideynlər də təklif edir ki, xırda təmirlər üçün maddi dəstək göstərsinlər. Əgər imkanları varsa, niyə də göstərməsinlər? Hər şeyi dövlətdən gözləyə bilmərik ki? Özü də indiki çətin iqtisadi şəraitdə. İşçilərimizin də əməkhaqqı azdır. 160 manat müəllimənin, 130 manat da “texniçka”nın əməkhaqqıdır”.
“Mer bizə gəlməyib...”
Amma müdirə xanım çətin iqtisadi şəraitdə uşaqların ərzaq təminatında azalması məlumatını təkzib elədi: “Əvvəl necə idisə, indi də eyni qaydadır. Bizim bağçada uşaqların ərzağında azalma olmayıb”.
Merin uşaq bağçalarına gedib, tapşırıqlar verməsinə gəlincə, K.Əliyeva dedi ki, H.Abutalıbov başqa məktəbəqədər təhsil müəssisələrində olmasını eşidib, amma onun rəhbərlik etdiyi uşaq bağçasına gəlməyib.
Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətilə əlaqə cəhdlərimiz baş tutmadı.
“Təhsil Nazirliyi uşaqların məktəbəhazırlığını 55 faiz təmin edir”
Təhsil Nazirliyilə mətbuat əlaqələndiricisi Cəsarət Valehovla danışdıq. Məktəbəqədər təhsil müəssisələrinin nazirliyin tabeliyinə qaytarılması haqda məlumatların nə dərəcədə səhih olub-olmamsı ilə maraqlandıq. C.Valehov “Hürriyyət”ə dedi ki, bu haqda onda məlumat yoxdur. Onu da əlavə etdi ki, uşaqların məktəbəhazırlığa cəlb olunma faizi ümumrespublika üzrə 55 faiz təşkil edir və bu faizin gələcəkdə artması da istisna edilmir: “Hesab edirik ki, bu yaxşı göstəricidir. Amma uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə keçib-keçməməsi məsələsini mən şərh edə bilmərəm”.
Hurriyyet.org

Şərhlər

XƏBƏR LENTİ