SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məzahir Pənahov 10 gündür səlahiyyətsizdir - Yeni Milli Məclis yeni MSK-nı seçməlidir

Məzahir Pənahov 10 gündür səlahiyyətsizdir - Yeni Milli Məclis yeni MSK-nı seçməlidir

Tarix:

20-03-2020, 11:57

/ 1 550 dəfə oxundu.
Məzahir Pənahov 10 gündür səlahiyyətsizdir - Yeni Milli Məclis yeni MSK-nı seçməlidir

Fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından 70 nəfər, Vətəndaş Həmrəyliyi Partiyasından 3 nəfər, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyasından hərəyə 1 nəfər seçilib. 40 deputat isə partiyasızdır.

Seçki Məcəlləsinin tələbinə görə, növbədənkənar parlament seçkiləri başa çatdıqdan və yeni Milli Məclis formalaşdırıldıqdan sonra parlamentin ilk sessiyadan etibarən Mərkəzi Seçki Komissiyasının üzvlərinin səlahiyyət müddəti başa çatmış hesab edilir. Odur ki, artıq MSK üzvlərinin səlahiyyətləri bitib.

Səlahiyyətləri bitmiş Mərkəzi Seçki Komissiyasının 17 üzvü var: Məzahir Pənahov - sədr, Rövzət Qasımov - sədr müavini, Arifə Muxtarova - katib, Mikayıl Rəhimov - katib, Fuad Cavadov, Şaitdin Əliyev,Ramiz İbrahimov, Validə Kazımova, Hüseyn Paşayev, İlham Məmmədov, Nizami Nadirxanlı, Qabil Orucov, Bəxşeyiş Əsgərov, Tofiq Həsənov, Almas Qəhrəmanlı, Etibar Quliyev, İlkin Şahbazov.

Məzahir Pənahov 2000-ci ildən MSK sədridir. O, Yeni Azərbaycan Partiyasının təqdim etdiyi nümayəndədir. İndiyədək Məzahir Pənahovun sədrliyi ilə 13 seçki (5 parlament seçkisi, 4 prezident seçkisi, 4 bələdiyyə seçkiləri), 3 referendum keçirilib.

Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini azlıqda qalan partiyaların, üçdə bir hissəsini bitərəflərin təqdim etdiyi nümayəndələr tutur. Üzvləri Milli Məclis seçir.

9 fevral seçkilərinin ilkin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası çoxluq partiyası, digər partiyalar azlıq partiyaları sayılır. Respublikaçı Alternativ Partiyasının və deputat Razi Nurullayevin partiyasının dövlət qeydiyyatı olmadığı üçün MSK üzvlüyünə Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vəhdət Partiyası, Vətəndaş Birliyi Partiyası, Demokratik Maarifçilik Partiyası nümayəndələr təqdim edə bilər.

Seçki Məcəlləsinin tələbinə görə, parlamentdəki çoxluğun, bitərəflərin və azlığın namizədləri irəli sürülməli və Milli Məclisin iclasında onlar qəbul olunmalıdır. MSK-nın yeni tərkibinin də əsasən indiki tərkibdən ibarət olacağı ehtimal edilir.

MSK-nın tərkibinin müəyyənləşdirilməsinin vaxtı ilə bağlı qərar hakimiyyətdən asılıdır. Yəni konkret olaraq əvvəlcədən vaxt müəyyənləşdirilmir. Sadəcə olaraq, əvvəldən deyilir ki, MSK üzvlərinin səlahiyyət müddəti 5 ildir və hər dəfə parlament seçkiləri keçiriləndə yeni tərkib formalaşdırılmalıdır.

MSK formalaşdırıldıqdan sonra isə yuxarıda qeyd olunan proporsiyaya uyğun olaraq dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları formalaşdırılacaq.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ