XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bizim məhəllənin generalları: İkisi alın təriylə, biri atasının qızıl qələmiylə...

Bizim məhəllənin generalları: İkisi alın təriylə, biri atasının qızıl qələmiylə...

Bizim məhəllənin generalları: İkisi alın təriylə, biri atasının qızıl qələmiylə...
9-03-2020, 02:19

Bir vaxt sovet hakimiyyəti dövründə ermənilər qürur hissi keçirirdilər ki, onların hansısa kəndindən 2 və ya 3 sovet generalı çıxıb. Onlar öz generalları ilə fəxr edə-edə bizə yandıq-qındıq verdirdilər. Amma bu uzun sürmədi. Sovet hakimiyyəti dağılandan sonra biz də durmadan generallamızı artırmaqla ermənilərə göz dağı verməyə başladıq. Özü də o vaxt ki, ermənilər bizdən işğal etdikləri torpaqlar sayəsində öz ərazilərini genişlədirdilər. Biz isə çiynimizə nişan taxa-taxa onlara acıq verirdik.

Düşmənlərə göz dağı olan həmin generalların böyük əksəriyyəti bizim məhəllədən çıxıb. Məhz bizim məhəllənin uşaqlarının sayəsindədir ki, indi Azərbaycanın az qala Çin qədər generalı var. Koronavirus Çin ordusunu vursa və ölənlər arasında generallar olsa, biz bu sahədə Çini də geridə buraxacağıq.

Bu yazıda haqqında danışacağımız adamlardan yalnız biri generaldır. Digəri də əslində YAP-ın köhnə qvardiyasının generalı vəzifəsini daşıyır, amma təvazökarlığından bunu dilə gətirmir. Bir başqası isə generallığın bir addımlığındadırlar. Özü də harda? – ABŞ-da.

Gəlin, sizi hələlik bizim məhəllənin 3 önəmli generalı ilə tanış edim.

Bu bizim Siyavuş Novruzovdur.

20 ildir ki, Azərbaycan Milli Məclisinin dəyişilməz deputatıdır. Cəmi iki hərbi xidmətdə olub. Sinəsində isə o qədər medal var ki, Şimali Koreya generalları belə onu görəndə qitbə hissi keçirirlər. Yuxarıda “YAP-ın köhnə qvardiyasının təvazökar generalı” dediyim şəxs də elə Siyavuş müəllimdir.

Bu isə ABŞ Hərbi Dəniz Qüvvələrinin polkovnik-leytenantı Nəimi Əmiraldır (John Naimi Amiral).

Deyilənlərə görə, Siyavuş Novruzovla eyni rayondandır. Kəndləri bir-birindən uzaq olsa da, Nəimi müəllim də yüksəliş karyerasına Siyavuş Novruzovun qvardiyasından başlamaq istəyib. Amma burada o qədər general olub ki, Nəiminin başını qaldırmağa imkanı olmayıb. Dubinkayla döyə-döyə onu Azərbaycandan didərgin salıblar. O da okeanın o tayına gedib, yüksəlişə ABŞ-dan başlamağa qərar verib. Uzun illərdir ABŞ ordusunda xidmət edir. İki illik hərbi təcrübəyə sahib Siyavuş Novruzovdan fərqli olaraq, indiyə qədər isə cəmi bir medal ala bilib. Başqa sözlə desək, ABŞ-da polkovnik olmaqla deyil. Adam Azərbaycanda otura-otura da iki ilə ABŞ hərbçilərindən çox medal ala bilər. Bunun üçün gərək YAP generalları kimi fitri istedada malik olasan.

Bu da bizim Səhət müəllimdir.

Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli. Azərbaycanın az qala Çin qədər olan generallarından biri və bəlkə də ən cavanıdır. Deyilənlərə görə, general-leytenantdır. Atası hörmətli akademik İsa Həbibbəylinin Vasif Talıbovu şəninə yazdığı mədhiyyəyə görə bu vəzifəyə və rütbəyə layiq görülüb.

Yazı o qədər möhtəşəm alınıb ki, Səhət müəllimə ikinci bir vəzifə də həvalə edilib. O həm də Naxçıvan Aticılıq Federasiyasının sədridir. Gömrük Komitəsinin sədri seçiləndən cəmi 2 həftə sonra – 18 mart 2019-cu ildə Səhət müəllim Naxçıvan atıcılarını yetişdirmək vəzifəsinə gətirilib. Görünür, Səhət müəllim atmaq işini yaxşı bacarır.

Söz-söhbət dolaşır ki, İsa müəllim öz qızıl qələmini yenə işə salmağa hazırlaşır. İnşallah, bu zəhməti hədər getməsə, Səhət müəllim, yəqin ki, general-polkovnik də olacaq. Yazısı daha da ürəyə yatan olsa hətta oğluna gömrük marşalı rütbəsi də qazandıra bilər. Nədən olmasın? Bizim nəyimiz marşalları olan dövlətlərdən əskiyik? Nə olar torpağımızın 20%-i işğal altında olanda, bəyəm, yazı yazmaq qabiliyyətinin məğlubiyyətə dəxli var? Dünyada gömrük üzrə marşal rütbəsi yoxdursa da, heç olmasın. Naxçıvan bu sahədə ilkə imza atmağa qadir diyardır. Necə ki, bir çox ilklər də elə bu diyardan çıxıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.