SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Sabiqlər nəbz yoxlayırlar? - GƏLİŞMƏ

Sabiqlər nəbz yoxlayırlar? - GƏLİŞMƏ

Tarix:

26-12-2019, 18:28

/ 1 010 dəfə oxundu.
Sabiqlər nəbz yoxlayırlar? - GƏLİŞMƏ

Son günlər işdən çıxarılmış bir çox məmurlarla bağlı maraqlı məlumatlar yayılır. Həmin məlumatlar sırasında əsas yeri onların yenidən siyasətə qayıtmaq istəyində olmaları, qarşıdan gələn parlament seçkilərinə qatılmaq istəkləri ilə bağlıdır.

Ötən gün prezidentin sabiq köməkçisi Əli Həsənovun seçkilərə qatılacağı ilə bağlı xəbərlər yayılmışdı. Həmin məlumatda deyilirdi ki, sabiq şöbə müdiri bununla bağlı hazırlıqlara başlayıb və yaxın günlərdə sənədlərini DSK-ya təqdim edəcək. Lakin xəbərin üzərindən bir qədər keçdikdən sonra Əli Həsənov mətbuata açıqlama verdi ki, belə bir fikri yoxdur.

Ondan əvvəl isə keçmiş təhsil naziri Misir Mərdanov da seçkidə iştirak edəcəyi ilə bağlı məlumatı mətbuata ötürmüşdü. Verdiyi açıqlamasında da “hələ vaxt var, bu barədə düşünəcəm, inşallah” deməklə kifayətlənmişdi.

Bu gün isə daha bir sabiqin seçkilərə qatılacağına dair məlumat yayılıb. Həmin məlumatda keçmiş nəqliyyat naziri Ziya Məmmədovun da növbədənkənar parlament seçkilərində namizəd kimi iştirak etmək fikri olduğu bildirilir. Ancaq az əvvəl Məmmədov da keçmiş həmkarları kimi açıqlama verərək, bunun şayə olduğunu vurğulayıb. "Xeyr, yayılan xəbərlər şayiədir. Mənim növbədənkənar parlament seçkilərinə qatılmaq fikrim yoxdur. Əgər belə fikirim bir olsaydı, açıqlayardım".

Əslində, ilk baxışdan burada qəribə heç nə yoxdur. Adları çəkilən və çəkilməyən bütün sabiq məmurlar öz imkanları və nüfuzlarını hesablayıb, seçkiyə qatıla bilərlər. Bunu qanun da qadağan etmir. Eyni zamanda, onların deputatlıq yarışı üçün mübarizəyə girmələrində də qəbahət yoxdur. Lakin burada bir başqa məqam da var. Həmin məqam da ondan ibarətdir ki, işdən çıxarılan bir çox iri çinli məmurlar hazırkı hakimiyyətdən heç də xoşnud deyillər. Üzdə olmasa da, dolayısı ilə hakimiyyətin əleyhinə olacaq addımlar atmağa çalışırlar. Bunu hələ bir müddət əvvəl deputat Siyavuş Novruzov da bəyan etmişdi. O bildirmişdi ki, keçmiş nazirlər xaricdə yaşayan bəzi adamları maliyyələşdirirlər. Üstəlik, onların dosyelərinin də masası üzərində olduğunu vurğulamışdı.

Gedişat belə deməyə əsas verir ki, sabiqlər hakimiyyətin hazırkı kadr dəyişikliyini qətiyyən qəbul etmirlər. Amma üzdə də onların əleyhilərinə çıxa bilmirlər. Bunun onlar üçün ağır nəticə verə biləcəyinin də fərqindədirlər. Onlar müəyyənləşdirmək istəyirlər ki, namizəd olarlarsa, insanlar onların bu hərəkətinə nə qiymət verəcək. Və ya başlatmalı olacaq hərəkətlərinin adekvatı nə ola bilər. Bunu daha çox cəmiyyətin nəbzini yoxlamaq kimi qəbul etmək daha doğru olardı. Çünki bunun başqa adı yoxdur.

Sabiq məmurların konkret olaraq hansı addım atmaq istədikləri və ya onların birbaşa deyil, dolayı yolla da olsa hakimiyyətə müxalifətçilik etmələrinin dəqiq konturları məlum deyil. Ancaq bilinən odur ki, bu proses uzun çəkməyəcək və bir müddətdən sonra özünü büruzə verəcək.
JAMAZ.İNFO

Şərhlər

XƏBƏR LENTİ