SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Azərbaycan polisi hər zaman dövlətin diqqət və etimadını hiss edir

Azərbaycan polisi hər zaman dövlətin diqqət və etimadını hiss edir

Tarix:

17-11-2019, 13:53

/ 1 447 dəfə oxundu.
Azərbaycan polisi hər zaman dövlətin diqqət və etimadını hiss edir

İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsip-lərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir.
Respublikamızda ictimai asayişin, qanunçuluğun və hüquq qaydalarının etibarlı təminatı, vətəndaşların konstitusion mənafelərinin yüksək səviyyədə qorunması, kriminogen durumun sabitliyi Azərbaycanın ötən müddətdə qazandığı ən mühüm nailiyyətlər sırasındadır. Danılmaz həqiqətdir ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitində inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır. Cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı amansız mövqe tutan daxili işlər orqanları qanunla üzərinə düşən vəzifələri yerinə yetirməklə, iqtisadi inkişafın mühüm şərti olan sabitliyin təminatı üçün bütün zəruri tədbirləri həyata keçirməklə xalqın və dövlətin sadiq keşikçisinə çevrilmiş, ictimai etimad qazanmışlar.
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Azərbaycanın daxili işlər orqanları milli müstəqilliyin qazanılması və qorunması, torpaqlarımızın düşmən hücumundan müdafiəsi sahəsində əzmkarlıq nümayiş etdirmişlər. Ermənistanın hərbi təcavüzünə milli müqaviməti də ilk olaraq məhz polis orqanları təşkil etmişlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda şiddətli döyüşlərdə daxili işlər orqanlarının şəxsi heyətinin 1695 şəhid verməsi, 1710 əməkdaşın isə yaralanması buna əyani sübutdur. Ümumilikdə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdikləri fədakarlığa, dinc əhalinin təhlükəsizliyinin təminatında, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında xüsusilə fərqləndiklərinə, xidməti vəzifələrini yerinə yetirərkən cəsarət göstərdiklərinə görə daxili işlər orqanlarının 66 əməkdaşına Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə münbit şərait formalaşdırmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
DİN rəhbərliyinə diletant mülki şəxslərin, "meydan qəhrəmanları"nın gətirilməsi nəticəsində əməliyyat tədbirlərinin səviyyəsi aşağı düşmüş, cinayətkarlığın miqdarı artmışdı. Daha acınacaqlısı bu idi ki, vətəndaşların qanuni hüquq və azadlıqlarının, ictimai asayişin, kriminogen durumun sabitliyinin keşiyində dayanmalı olan daxili işlər orqanlarının əməkdaşları bir çox hallarda qeyri-qanuni əməllərə yol verməklə cəmiyyətdə potensial təhlükə mənbəyinə çevrilmişdilər. DİN siyasi proseslərə fəal müdaxilə yolu ilə dövlətçiliyin sütunlarını sarsıdan hərəkətlərə yol verir, cinayətkarlığın ört-basdır edilməsində fəal iştirak edir, qanunsuz silahlı qüvvələrin, reket qrupların fəaliyyətinə göz yumurdu. Daxili işlər orqanlarındakı müəyyən korrupsioner qüvvələr hakimiyyət uğrunda mübarizənin subyekti rolunda çıxış edir, respublikanın demokratik inkişafına süni maneələr yaratmağa çalışırdılar. 1993-cü ilin iyununda Azərbaycanda ciddi hakimiyyət böhranının yaranmasının başlıca səbəblərindən biri də məhz hüquq-mühafizə orqanlarının iflic vəziyyətinə düşməsi, səlahiyyətlərini icra edə bilməməsi, ictimai etimadı itirməsi ilə bağlı idi. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu hissi yaratmışdılar. Vəziyyəti daha təhlükəli həddə çatdıran məqam - respublika rəhbərliyinə təsadüfi, siyasi iradəsi, qətiyyəti olmayan şəxslərin gəlməsi və bunun məntiqi nəticəsi kimi xalqın dövlət orqanlarına inamını itirməsi idi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında respublikamızda möhkəm əsaslarla formalaşmış ictimai-siyasi sabitliyin xalqın bugünkü və gələcək taleyi baxımından necə böyük əhəmiyyət kəsb etdiyi ən azı bu tarixi reallıqlara nəzərən əyani təsdiqini tapır. 1993-cü il sentyabrın 20-də Ali Sovetin Sədri vəzifəsində çalışan Heydər Əliyev Daxili İşlər Nazirliyində keçirilmiş geniş müşavirədə bu orqanda əvvəllər hökm sürən dözülməz vəziyyətin səbəblərini olduqca dəqiq izah etmişdi: "Yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhvali-ruhiyyə, neqativ hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən, peşə hazırlığı olmayan və mənəviyyatca pozğun mövqelərdə duran adamlar burada cürbəcür təşkilatlar yaradıb - "Boz qurd" təşkilatı, "Boz qurd" fəxri adı. Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xidmət etmək, ictimai asayişi qorumaq əvəzinə bəzən cinayətkar yuvasına dönmüş, burada cürbəcür siyasi proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviyyədə siyasi proseslər meydana çıxmışdı".
Ümummilli liderin hakimiyyətə qayıdışından sonrakı ilk illərdə ictimai-siyasi sabitlik müəyyən mənada kövrək səciyyə daşıdığından, hüquq-mühafizə orqanlarının, xüsusilə DİN-in qanunauyğun fəaliyyətini təmin etmək, peşəkar kadrları bu orqanda irəliyə çəkməklə onu xalqın və dövlətin layiqli müdafiəçisinə çevirmək qarşıda duran başlıca vəzifələrdən idi. Dövlətin hüquqi-siyasi sütunlarının möhkəmlənməsində, ictimai-siyasi sabitliyin bərqərar olmasında müstəsna rola malik daxili işlər orqanlarının fəaliyyətinin hələ də qənaətbəxş səviyyədə qurulmaması, dövrün tələblərinə cavab verməməsi Heydər Əliyevi ilk gündən ciddi şəkildə qayğılandırırdı. 1994-cü il aprelin 29-da bununla əlaqədar Daxili İşlər Nazirliyində geniş müşavirə keçirən ulu öndər Heydər Əliyev polis orqanlarının fəaliyyətində əvvəllər yol verilmiş qanunsuzluqların, nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şəxsi heyətdən yeni nazir təyin olunan Ramil Usubovun rəhbərliyi altında fədakarlıqla işləməyi, xalqa və dövlətə layiqincə xidmət göstərməyi, cinayətkarlığa qarşı daha barışmaz mövqe tutmağı tələb etmişdir.
Bu təyinatdan sonra ilk növbədə şəxsi heyətin sıraları böyük ambisiyalarla yaşayan, dövlət vəzifəsinə yalnız qazanc və hökmranlıq mənbəyi kimi baxan şəxslərdən təmizlənmiş, əsl peşəkarlar xidmətə qaytarılmış, cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri kadr potensialı, işgüzar ab-hava yaradılmışdır. Ümummilli liderin ölkədə hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində ilk addımlardan biri məhz 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi haqqında" fərman olmuşdur. Həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirləri daha da gücləndirilmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövr üçün fəaliyyət proqramı müəyyənləşdirilmişdir. O dövr üçün səciyyəvi olan bir sıra neqativ hallar fərmanda geniş əksini tapmış, onların aradan qaldırılması üçün daxili işlər, milli təhlükəsizlik və prokurorluq orqanlarının qarşısına mühüm vəzifələr qoyulmuş, habelə cinayətkarlıqla mübarizənin təkmilləşdirilməsi məqsədilə yeni strukturların yaradılması vacibliyi önə çəkilmişdir.
Fərmanın preambula hissəsində göstərilirdi ki, "...bir çox hallarda cinayətlərin üstünün açılması üçün zəruri hərəkətləri hüquq-mühafizə orqanlarının lazımi çevikliklə, qanunla müəyyən edilmiş formalarda və vaxtında yerinə yetirməməsi, qanunun nəzərdə tutduğu məcburiyyət tədbirlərinin tətbiqində səhvlərə yol verməsi, öz səlahiyyətlərindən təsirli istifadə etməməsi əhalinin haqlı narazılığına və cəmiyyətdə gərginliyin artmasına səbəb olmuşdur".
"Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman ölkədə mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoymuş, yüzlərlə mütəşəkkil cinayətkar qrup və dəstə ləğv edilmiş, əllərdə qanunsuz saxlanılan on minlərlə odlu silah yığılmışdır. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlət çevrilişinə cəhdlərin qarşısının qanun çərçivəsində alınmasında daxili işlər orqanları da qətiyyətli mövqe tutmuş, üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmiş, dövlətçilik sınağından üzüağ çıxmışlar. 1995-ci ildə ilk milli Konstitusiyanın qəbulundan sonra Azərbaycan polisi fəaliyyətini tamamilə yeni norma və prinsiplər üzərində quraraq dövlətçiliyin, ictimai asayişin və qanunçuluğun qorunması sahəsində böyük fədakarlıqlar göstərmişdir.
Daxili işlər orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki uğurlu fəaliyyəti bir sıra statistik rəqəmlər fonunda bir daha təsdiqini tapır. 1994-cü ildən başlayaraq cinayətkarlığa qarşı mübarizənin göstəriciləri yüksələn xətlə inkişaf etmişdir. Son 15 ildə əhalinin sayının 1 milyon nəfərdən çox artmasına baxmayaraq, 1992-ci illə müqayisədə cinayətlərin sayı bütövlükdə 17 faiz, o cümlədən qəsdən adamöldürmə halları 3 dəfə, quldurluq və soyğunçuluq, oğurluq halları 4 dəfə azalmışdır. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanının icrası ilə bağlı görülən işlər bir an belə səngiməmiş, həmin vaxtdan həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə tərkibində 50 min nəfəri birləşdirən 21 min 700 cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdir. Əllərdə qanunsuz saxlanılan 37 minə yaxın odlu silah yığılmış, nəticədə onun tətbiqi ilə törədilən cinayətlərin sayı 1992-ci illə müqayisədə 8 dəfə azalmışdır.
Azərbaycan uzun illərdir ki, əmin-amanlığın yüksək səviyyədə qorunduğu ən təhlükəsiz ölkələrdən olmaqla asayişin təmininə, cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB, habelə Şərqi Avropa məkanında ön sıralardadır. 1992-ci ildə cinayətkarlığın əhalinin hər 100 min nəfərinə olan səviyyəsi 307 təşkil etdiyi halda, 2007-ci ildə bu göstərici 216-ya enmişdir. Müqayisə üçün bildirək ki, bu rəqəm Gürcüstanda 300-dən, Rusiyada isə 1000-dən artıqdır.
Ötən illərdə daxili işlər orqanları tərəfindən cinayətlərin açılması istiqamətində aparılan məqsədyönlü, intensiv və uğurlu əməliyyat-axtarış tədbirləri sayəsində müsbət göstəricilərə nail olunmuşdur. 1992-ci ildə cinayətlərin yalnız 61 faizi açılırdısa, sonrakı illərdə bu göstərici artaraq 92 faizə çatmışdır. Həmin ildə bağlı qalmış cinayətlərin sayı 8752 təşkil edirdisə, son illərdə bu rəqəm 1400-dək enmiş, bağlı qalmış 3750 cinayətin üstü açılmışdır. Həmçinin son 15 ildə 35 minə yaxın ağır və xüsusilə ağır cinayətin açılması təmin edilmiş, onların açılması 82 faiz, o cümlədən qəsdən adamöldürmələrin açılması 88 faiz olmuşdur. Axtarışda olan 73 minə yaxın təqsirləndirilən şəxs tutularaq məsuliyyətə cəlb edilmişdir.
1994-cü ildən bugünədək narkotik vasitələrin qanunsuz satışı ilə əlaqədar 9 mindən çox cinayət faktı aşkar olunmuş, qanunsuz dövriyyədən 4 tondan artıq narkotik vasitə çıxarılmışdır. Respublikada insan alverinin profilaktikasının, bu növ cinayətlərlə mübarizənin hüquqi və təşkilati əsaslarının, habelə insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərinin tənzimlənməsi tədbirləri də uğurla davam etdirilmişdir. İnsan alveri ilə bağlı cinayətlərin dinamikasının təhlili göstərir ki, həmin cinayətlərlə mübarizə ilbəil yaxşılaşmışdır.
DİN-in cinayətkarlığa qarşı səmərəli mübarizə aparmasını təmin edən başlıca məqamlardan biri də daxili işlər orqanlarının fəaliyyətini tənzimləyən milli qanunvericilik aktlarının beynəlxalq tələblərə maksimum dərəcədə uyğunlaşdırılmasıdır. "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərman, eyni zamanda, müvafiq beynəlxalq qurumların, Avropa ekspertlərinin rəyləri nəzərə alınmaqla qəbul edilmiş yeni Cinayət-Prosessual Məcəlləsi, "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Daxili Qoşunların statusu haqqında", "Xidməti və mülki silah haqqında", "Yol hərəkəti haqqında", "Terrorçuluğa qarşı mübarizə haqqında", "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında" qanunlar, "Daxili işlər orqanlarında xidmət keçmə haqqında" Əsasnamə bu sahədə mükəmməl qanunvericilik bazası yaratmış, onların uğurla icrası isə Azərbaycanda qeyd edilən nailiyyətlərin əldə olunması üçün hüquqi zəmin rolunu oynamışdır.
Dövlətçiliyin möhkəmlənməsində, müstəqilliyin əbədiliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında müstəsna rolu olan daxili işlər orqanlarının şəxsi heyətinin sosial müdafiəsi tədbirləri də daim ulu öndər Heydər Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdən olmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə Daxili İşlər Nazirliyi sistemində vəzifə və rütbə maaşları, həmçinin Daxili Qoşunların hərbi qulluqçularının vəzifə maaşları dəfələrlə artırılmışdır. DİN əməkdaşlarının peşəkarlığını və fədakarlıqlarını daim yüksək qiymətləndirən ümummilli lider onların orden və medallarla təltif edilməsi barədə çoxsaylı sərəncamlar imzalamışdır.
Ulu öndərin əsasını qoyduğu siyasəti ictimai həyatın bütün sahələrində inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərlik etdiyi illər ərzində daxili işlər orqanlarına daim yüksək diqqət və qayğı ilə yanaşmış, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mühüm tədbirlər həyata keçirmişdir. Prezident İlham Əliyevin 30 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" sərəncamları, eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanı bu baxımdan xüsusi vurğulanmalıdır. Qəbul olunmuş dövlət proqramında daxili işlər orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə təlqin olunması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər öz əksini tapmışdır.
DİN-ə qayğı siyasətini sistemli şəkildə həyata keçirən Prezident İlham Əliyev 2005-ci il avqustun 31-də imzaladığı sərəncamla post-patrul xidməti, eləcə də diplomatik nümayəndəliklərin mühafizəsi üzrə nizami hissələrin, Dövlət Yol Polisinin və Bakı Metropoliteninin mühafizəsi üzrə post-patrul xidməti aparan, həmçinin xüsusi təyinatlı nizami hissələrin əməkdaşlarının aylıq maaşlarını 5-7 dəfə artırmışdır. Dövlət başçısının 30 iyun 2006-cı il tarixdə imzaladığı növbəti sərəncamla daxili işlər orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə və xüsusi rütbəyə görə maaşları 2 dəfə artırılmışdır.
Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş qanunla "Daxili işlər orqanlarında qüsursuz xidmətə görə" və "Polis veteranı" medalları təsis olunmuş, "Daxili İşlər Nazirliyinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" fərman imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2006-cı il tarixli Sərəncamı ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan 80 əməkdaş (16-sı ölümündən sonra) dövlət mükafatları ilə təltif olunmuş, 4 rəhbər vəzifəli şəxs növbəti ali xüsusi rütbələrə layiq görülmüşdür.
Daxili işlər orqanlarının yaranmasının ildönümünə həsr olunmuş təntənəli mərasimdə dərin məzmunlu nitq söyləyən Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev polis orqanlarının fəaliyyətini son dərəcə yüksək qiymətləndirməklə yanaşı, respublikamızda ictimai-siyasi sabitliyin etibarlı təminatında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində DİN-in xidmətlərini razılıqla vurğulamışdır. "Hər bir ölkənin polis orqanları çox böyük rola malikdir, o cümlədən Azərbaycanda. Əfsuslar olsun ki, müstəqillik bərpa olunandan sonra polis orqanlarında vəziyyət ürəkaçan deyildi. Bir daha demək istəyirəm, orqanların rəhbərliyinə heç bir bacarığı, biliyi olmayan adamlar gətirilmişdi. Onlar bir çox hallarda nəinki cinayətkarlığa qarşı mübarizə aparmırdılar, hətta özləri cinayətlər törədirdilər. O illər hamımızın yadındadır.
Məhz o illərdə ən böyük cinayətləri törədən insanlar polis orqanlarının rəhbər işçiləri idi, Daxili İşlər Nazirliyinin rəhbərləri idi. Belə olan halda heç bir inkişafdan, sabitlikdən, heç bir irəliləyişdən söhbət gedə bilməzdi. Bütün cəmiyyətdə olduğu kimi, polis orqanlarında da islahatlar aparıldı və bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanılmasında çox önəmli rol oynayır" deyən dövlət başçısı həmçinin bildirmişdir ki, Azərbaycanın iqtisadi imkanları artdıqca, ictimai-siyasi sabitliyin keşiyində dayanan daxili işlər orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər həyata keçiriləcəkdir.
Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün DİN-in və onun ayrı-ayrı strukturlarının qarşısında duran ən başlıca vəzifə, şübhəsiz, ölkədəki dinamik inkişafa yol açan ictimai-siyasi sabitliyi qorumaq, dövlətçiliyə qarşı yönələn cinayətkar qəsdlərə qarşı barışmaz mövqe tutmaqdır. Daxili işlər orqanları istər prezident, istərsə də parlament seçkiləri kampaniyası dövründə bu vəzifənin öhdəsindən layiqincə gəlməklə hakimiyyət uğrunda qeyri-qanuni və zorakı mübarizə aparmaq niyyətinə düşmüş qüvvələrə qarşı qanun çərçivəsində ciddi tədbirlər görmüş, kütləvi iğtişaş cəhdlərinin qarşısını qətiyyətlə almış, qanunçuluğu təmin etmişdir. Son illərdə həmin aqressiv qüvvələrin daxili işlər orqanlarına, onun rəhbərliyinə qarşı apardığı böhtan və iftira kampaniyasının kökündə də məhz bu amil dayanır. Lakin Azərbaycan polisi üzləşdiyi çirkin təbliğat kampaniyasına məhəl qoymadan missiyasını davam etdirir, sıralarının təmizliyini qoruyur, ölkədə hər hansı təxribat planlaşdıran siyasi dairələrə niyyətlərinin həyata keçməyəcəyi xəbərdarlığını edir.
Azərbaycan Prezidentinin siyasi iradə və qətiyyəti, daxili işlər orqanlarının dövlətçiliyə və qanunçuluğa bağlılığı nəticəsində bu gün heç bir qüvvə ölkədə qarşıdurma yaratmağa, asayişi pozmağa, ölkəmizi 1990-cı illərin əvvəllərindəki xaos və anarxiya mərhələsinə qaytarmağa qadir deyildir. Buna cəhd edənlər, həmişə olduğu kimi, qarşılarında yenə də Azərbaycan xalqını, onun ayrılmaz hissəsi olan Azərbaycan polisini görəcəklər.
Respublikamızın sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində cinayətkarlıqla mübarizədə Daxili İşər Nazirliyi ilə yanaşı vətəndaşların da könüllülük əsasında iştirakı son dərəcə vacibdir. İnkişaf etmiş dövlətlərin də təcrübəsi göstərir ki, vətəndaşların bu prosesdə iştirakı, yəni planlaşdırılan və yaxud törədilən cinayətlər barədə polis orqanlarına məlumat verməsi ictimai sabitliyin və asayişin qorunmasında mühüm rol oynayır. Məsələn, ABŞ-da son bir neçə il ərzində məhz əhalinin ayrı-ayrı təbəqələrinin kriminal ünsürlərlə mübarizədə inzibati orqanlara yaxından kömək göstərməsi nəticəsində cinayətkarlığın dinamikasında müsbət proseslər qeydə alınmışdır. Bu ölkədə hüquqpozmalarla mübarizədə polisə kömək göstərən könüllü təşkilatların (birliklərin) geniş şəbəkəsi yaradılmışdır. Əhalinin hüquq-mühafizə fəaliyyətinin həyata keçirilməsində iştirakı, inzibati sahədə dövlətin və vətəndaşların genişmiqyaslı əməkdaşlığı müəyyən bir müstəvidə və çərçivədə - demokratik prinsiplərə, qanunçuluğa, insanların hüquq və azadlıqlarına xələl gətirilmədən aparılır.
"Polis haqqında" Azərbaycan Respublikası Qanununa bir müddət əvvəl edilmiş əlavələr də məhz bu zərurətdən irəli gəlmişdir. Dövlət başçısı İlham Əliyevin 26 may 2009-cu il tarixli Fərmanı ilə qüvvəyə minmiş bu əlavələr vətəndaşların könüllülük əsasında daxili işlər orqanları ilə əməkdaşlığının hüquqi əsaslarını müəyyənləşdirir. Qanuna əsasən, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsi üçün yerli polis orqanlarının yanında ictimai şuralar yaradıla bilər.
Könüllü ictimai fəaliyyət hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz davranışın qarşısının alınması məqsədilə maarifləndirmə və təbliğat işinin aparılması, narkomaniyanın, alkoqolizmin, yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası, cinayətlərin və digər hüquqpozmaların qarşısının alınmasını və araşdırılmasını təmin etmək məqsədilə zəruri məlumatların polis orqanlarına verilməsi istiqamətində həyata keçirilə bilər.
Xatırlatmaq lazımdır ki, son illərdə DİN strukturunun təkmilləşdirilməsi çərçivəsində bir sıra addımlar atılmış, o cümlədən polis sahə rəisi vəzifəsi təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12 may 2009-cu il tarixli Fərmanına əsasən, polis sahə rəislərinə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 29 maddə üzrə qərar qəbul etmək səlahiyyətləri verilmişdir. Tabeliyinə bir neçə polis sahə inspektoru verilən, daha geniş səlahiyyətlərə malik olan polis sahə rəisi vəzifəsinin təsis edilməsi vətəndaşların müraciətlərinə baxılmasında süründürməçilik hallarının qarşısının alınmasına, baş vermiş hüquqpozmalarla bağlı daha tez müddətdə və obyektiv tədbir görülməsinə, qərar qəbul olunmasına şərait yaradır. Polis orqanı nəzdində ictimai şuraların yaradılması isə polis sahə rəisi qarşısında qoyulmuş vəzifələrin daha uğurla yerinə yetirilməsinə səbəb olacaqdır. Şuraların tərkibinə ərazidə yaşayan təşkilat və müəssisələrin, bələdiyyə orqanlarının, ictimaiyyətin fəal və nüfuzlu nümayəndələri daxil edilməklə sahənin problemlərinin (sosial, kommunal və s.) həlli istiqamətində aparılan işlər sürətləndiriləcək, ictimai qayda daha etibarlı təmin ediləcək, təbliğat-maarifləndirmə işləri nəticəsində hüquq pozuntularına meyilli şəxslər daha təsirli profilaktik tədbirlərə məruz qalacaqlar.
DİN-in son aylarda qazandığı uğurlarda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun da xidmətlərini xüsusi vurğulamaq istərdik. Vilayət Eyvazov artıq bir neçə aydır ki, yüksək səviyyədə kadr islahatları ilə məşğuldur. Yeni kadrların təyin olunmasında xüsusilə gənclərə və peşəkarlara yer verilir. Vilayət Eyvazov hüquq sahəsində həm praktiki, həm də nəzəri fəaliyyətlə məşğul olan insanlar xüsusəndə xalq arasında alicənablığı, ziyalılığı, sadəliyi və təvazökarlığı ilə böyük hörmət və nüfuz qazanan Vilayət Eyvazov gənclərə, media sahəsində çalışan jurnalistlərə xüsusən də ahıl insanlara böyük qayğısı ilə seçilir. Rəhbərlik etdiyi nazirliyə gənc mütəxəssislərin cəlb edilməsi hallarını kütləvi prosesə çevirən Vilayət Eyvazov hüquq fakültəsinin tələbələrinə qarşı da daim diqqətli olmuş, imtahanlar zamanı yüksək tələbkarlıqla yanaşı, həm də həvəsləndirici qayğı nümayiş etdirir.
Ümumilikdə daxili işlər orqanlarının şəxsi heyəti ölkədə aparılan quruculuq prosesində fəal iştirak edərək dövlətin, hüquqi, fiziki şəxslərin qanuni mənafelərinin, mülkiyyətinin hüquqazidd əməllərdən qorunması, insanların azad, sərbəst yaşaması üçün üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Bu gün hər bir vətəndaş əmin ola bilər ki, Azərbaycan polisi onun həyat və sağlamlığının, hüquq və azadlıqlarının, qanuni mənafelərinin, ictimai asayişinin keşiyindədir. Azərbaycan polisi hər zaman dövlətimizin diqqət və etimadını hiss edir, fəaliyyətinə verilən yüksək qiyməti böyük minnətdarlıqla qarşılayır, habelə xalqımıza ən müxtəlif sahələrdə xidmət göstərməkdən böyük qürur duyur.

Xalqxeber.Az

Şərhlər

XƏBƏR LENTİ