XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bu icra başçıları nəyə nail olmaq istəyirlər? - Vaxtları yetişib...

Bu icra başçıları nəyə nail olmaq istəyirlər? - Vaxtları yetişib...

Bu icra başçıları nəyə nail olmaq istəyirlər? - Vaxtları yetişib...
4-04-2018, 09:29

Zərdab rayonunun Böyükdəkkə kənd sakini, şəhid atası Rasim Abdullayev rayon İcra hakimiyyətinin başçısından “Cümhuriyət” qəzetinə şikayət ünvanlayıb. Kənd sakini iddia edir ki, 2016-cı ilin aprel döyüşlərində həlak olan oğlu Nurlanın yas mərasimi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Şöbəsindən bu ailəyə verilmiş 500 manat icra başçısı Lütvəli Babayev tərəfindən alınıb.
“İcra başçısı Lütvəli Babayevin ailəmizə qarşı etdiyi hərəkətlər bizi çox sarsıtdı. Biz icra başçısı Lütvəli Babayevin bu hərəkətlərini şəhid ruhuna təhqir hesab edirik. Oğlum Nurlanın yas mərasimini yola vermək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab Rayon Şöbəsinin sədri bizim ailəyə 500 manat pul vermişdi. Həmin pulu icra başçısı məndən aldı ki, oğluna qəbir daşı düzəltdirəcəyəm, pulu buna xərcləyəcəyəm. İcra başçısı Lütvəli Babayev şəhid Nurlanın qəbir daşını düzəltdirilməsi adı ilə rayonda bütün idarə müəssisələrdən pul yığdı və çox hissəsini isə özü mənimsədi”, - deyə vətəndaş Rasim Abdullayev qeyd edir.

Qanunsuz ələ keçirilən ərazilər

Göyçay rayonunun Qızılağac kənd sakini Tükəzban Şirinovanın redaksiyamıza göndərdiyi şikayət məktununda da bu rayonun İcra Şöbəsinin rəhbəri İlqar Əbdürrəhmanov və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Ucar şöbəsinin müdiri Pəhləvan Gülaəliyev vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilir. Sakin iddia edir ki, həmin şəxslər Göyçay rayon məhkəməsinin 23.05.2016 tarixli qətnaməsini qəsdən icra etmirlər: “Saxtakarlıq edib bizə məxsus torpaq sahəsini başqasının kimi göstəriblər. Bu cinayətkarların əməllərindən camaat çox əziyyət çəkir. Həmin iş üzrə cavabdeh Mahmudov Gündüz Ağaəli oğlundan rüşvət alıb süründürməçilik yaradıb sənədləri saxtalaşdırıblar. Məqsəd isə cavabdeh Gündüz Mahmudovun həmin zəbt etdiyi torpaq sahəsindəki meyvələri yığıb satmasına şərait yaratmaqdır. Çünki Gündüz Mahmudov həmin yerdəki meyvələrdən hər il küllü miqdarda qazanc əldə edir”.

Xalqı hakimiyyətə qarşı qaldırırlar

Həftə ərzində demək olar ki, ayrı-ayrı rayonların icra başçılarından “Cümhuriyət” qəzetinin redaksiyasına onlarla şikayət məktubu daxil olur. Bunlar hələ bir mətbuat orqanına edilən müraciətlərdir. Nəzərə alsaq ki, “Cümhuriyət” qəzeti ilə yanaşı, ölkədə minlərlə mətbuat orqanı fəaliyyət göstərir və hər gün həmin qurumlarda icra başçıları ilə sakinlər arasında baş verən qarşıdurmalara dair yüzlərlə material dərc edilir, demək ki, bölgələrdə, elə Bakının özündə də icra hakimiyyəti - sakin münasibətlərində vəziyyət göründüyündən də acınacaqlıdır. Aidiyyatı dövlət qurumların da edilən və üzəri açılmayan minlərlə müraciətləri də bura qatsaq, hakimiyyət qollarının bu yöndə görəcəkləri çoxlu işləri var. Təsəvvür etmək çətin deyil ki, əgər əsas media orqanlarının və 5 milyona yaxın insanın yaşadığı Bakının gözləri qarşısında Bakı Şəhər İcra Hakimiyyəti hansı qanunsuz işləri icra edirsə, diqqətdən bir qədər kənarda qalmış rayonların icra başçıları sakinlərin başlarına hansı oyunları açırlar.
Problem də budur ki, nə mediadan, nə vətəndaşlardan qorxan bir sıra icra başçıları hakimiyyəti xalqla üz-üzə qoyurlar. Dəfələrlə dövlət başçısı və ayrı-ayrı rəsmi səviyyələrdə edilən kəskin xəbərdarlıqlara məhəl qoymayan icra başçılarının adları dövlət tərəfindən ayrılmış maddi vəsaitlərin mənimsənilməsindən tutmuş, şəhid ailələri və əlillərin təqaüdlərinin mənimsənilməsi, sakinlərə məxsus pay torpaqlarının qanunsuz olaraq ələ keçirilməsi kimi qanunsuz fəalliyyətlərdə hallanır. Həmin icra başçıları barəsində tədbirlərin görülməməsi isə bölgələrdə dərinləşən sosial problemlərin çəkisini bir qədər də ağırlaşdıraraq, xalqı zorən hakimiyyətlə qarşıdurmaya sürükləyirlər. Xatırlamaq yerinə düşər ki, 2016-cı ilin əvvəllərində bir sıra rayonlarda başlayan kütləvi etirazların mərkəzində dayanan əsas fiqurlar da icra başçıları idilər.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.