SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “Piyada özünü maşının qarşısına atırsa, sürücü günahkar deyil”

“Piyada özünü maşının qarşısına atırsa, sürücü günahkar deyil”

Tarix:

30-01-2018, 10:11

/ 1 742 dəfə oxundu.
“Piyada özünü maşının qarşısına atırsa, sürücü günahkar deyil”

Piyada vurulması halları artıb; “Bəziləri elə hesab edir ki, sürücü hər zaman, hər yerdə onu görür”


Son vaxtlar ölkə ərazisində piyadanın vurulması ilə nəticələnən yol qəzaları xəbərləri çoxalıb.

Qəzaların başvermə səbəbinə nəzər yetirdikdə görürük ki, əksər hadisələr piyadanın yolu təyin olunmuş yerdən keçməməsi nəticəsində baş verir. Bakıda son illər xeyli sayda yerüstü, yeraltı keçidlər tikilsə də, yenə də bəzi piyadalar sürətli yolları qadağan olunmuş yerdən, qoyulmuş maneələri aşaraq keçirlər. Bu isə piyada ölümlərinə səbəb olur.

Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 2017-ci il ərzində piyada vurulması halları Bakı şəhəri üzrə ötən il baş vermiş yol-nəqliyyat hadisələrinin yarıdan çoxunu təşkil edir ki, bu da çox ciddi narahatlıq doğurur: “Yenə də piyadaların vurulmasının piyada keçidlərinin yaxınlığında baş verməsinin şahidi oluruq. Bu da təbliğat işlərinin daha da gücləndirilməsinə, eyni zamanda praktiki tədbirlərin keçirilməsinə zərurət yaradır”.

V.Əsədov əlavə edib ki, ötən il ərzində 88 minə yaxın piyada inzibati məsuliyyətə cəlb edilib.

“Yeni Müsavat”a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov söyləyib ki, yol hərəkəti qaydalarını pozan piyadaların cərimələnməsi ümumi iş üçün əhəmiyyətlidir:

“Araşdırma aparsaq görərik ki, Bakıda 20-30 yerdə piyadalar cərimələnir. Deməli, cərimə səmərəsizdir söyləmək yanlışdır. Hamı bilir ki, Neftçilər prospektinin bəzi yerlərində, ”28 May", Füzuli küçəsi və sairə yerlərdə yol hərəkəti qaydalarını pozan piyadalar cərimələnir. Başqa heç bir yerdə bu cərimələr tətbiq olunmur. Ona görə də həmin yerlər istisna olmaqla, digər yerlərdə piyadalar könülləri haradan istəyirsə, oradan da yolu keçirlər. Piyada hesab edir ki, sürücü hər zaman, hər yerdə onu görür. Doğrudur, intizamlı, diqqətli sürücü onu görməlidir. Ancaq birincisi, hamı intizamlı deyil, ikincisi, hər kəs diqqətli ola bilməz və ən əsası da yollarımızda o qədər qarışıqlıq var ki, diqqətli olan da bəzən piyadanı görə bilmir. Başı qarışır məsafəsiz gedib, onu sürtmək üzrə olan avtomobilə və qarşıya baxa bilmir. Nəticədə də qəza yaranır. Piyada vurulmalarına ölkədə yol hərəkəti mədəniyyəti, təhlükəsizliyi ilə bağlı vəziyyət çərçivəsində baxmaq lazımdır. Bunun xüsusi formada qabardılmasının əleyhinəyəm. Hərdən deyirlər ki, piyadaların intizamlığını qaldırmaq lazımdır. Adi bir fakt deyim ki, Azərbaycanda 2 milyon insanın sürücülük hüququ var. Həmin şəxslər sosial cəhətdən ən aktiv adamlardır. Yəni 18 yaşından yuxarıdır, fiziki qüsurlu deyillər. Ancaq elə ən intizamsız piyadalar da həmin 2 milyon adamlar içərisindədir. Çünki daha çox onlar ora-bura gedirlər. Bəs bu adamlar maşından düşəndə piyada kimi niyə qaydanı pozurlar? Bunu təhlil etmək lazımdır. Cərimələrə gəlincə isə bu gün lap Gədəbəydə, Gəncədə, Bərdədə, eləcə də digər yerlərdə piyada yolu qaydanı pozaraq keçirsə, bilsin ki, polis onu cərimələyəcək. Bunu tətbiq etsələr, görərik ki, hər kəs özünə nəzarət edir, qanunları öyrənir".

Ekspert bildirib ki, təbliğatların aparılmasına da ehtiyac var: “İnsanların ümumi dünya görüşünü dəyişən təbliğatlar aparılmalıdır. Elə etmək lazımdır ki, ”sürücü məni görür, yol verəcək" kimi stereotiplər olmasın. Qaydalar deyirsə piyada keçidindən keç, deməli, bu cür etməlisən. Paytaxt ərazisində piyada keçidlərinin özündə də çox ciddi problemlər var. Baxırsan ki, küçədə heç yerdə piyada keçidi yoxdur. Yol hərəkətinin təşkilində bu kimi qüsurlar aradan qaldırılmalıdır. Ən böyük problem küçələrdə süni işıqlandırmanın olmamasıdır. Süni işıqlandırma yoxdursa, üzbəüz gələn avtomobillər bir-birinin sürücülərini “kor edirlər”. Yəni sürücü, sadəcə olaraq, görür ki, qarşıdan bir cüt işıq gəlir. Nəticədə isə belə fonda qara geyimli piyada qəfil yolun ortasına çıxır və qəza baş verir. Piyada hesab edir ki, sürücü onu görə bilir. Ancaq həqiqətən də görmür. Ona görə süni işıqlandırma olmalıdır. Bundan əlavə, piyada keçidlərinin işarələnməsi ilə bağlı bizim hazırda tətbiq etdiyimiz standartlar 1970-ci illərə aiddir. Avropada isə artıq bunlar müasirləşdirilib. Orada nişanı yuxarıdan asırlar və ya xüsusi işıqlandırmalardan istifadə edirlər. Elə yerlər var ki, orada işıqfor olmalıdır, ancaq baxırsan ki, onu da quraşdırmırlar. Bundan əlavə, qaranlıq küçədə heç olmasa piyada keçidi işıqlandırılmalıdır".

Ə. Hüseynov bildirib ki, qanunda elə bir hal yoxdur ki, bütün məsələlərdə sürücü günahkardır:

“Bu da çox yanlış bir stereotipdir. Deyirlər ki, məni avtomobil vursa sürücü məsuliyyətə cəlb olunacaq. Qanunda qətiyyən elə bir hal yoxdur. Hər kəsin yol hərəkəti qaydalarına görə hüquqları və məsuliyyəti var. Zəhmət çəkib, buna riayət etmək lazımdır. İstintaq orqanları, məhkəmə, zərərçəkmişin adamları da baxırsan ki, düşürlər sürücünün üstünə ki, sən adam vurmusan, günahkarsan. Piyada qəfil avtomobilin qarşısına çıxırsa, onu necə vurmamaq olar. Qanunda konkret vəzifələr var və piyada bunu pozursa günahkardır. Sürücü isə onu gördüsə və dayana bildiyi halda dayanmırsa, günahkardır. Əks halda, sürücünün günahı sıfıra bərabərdir. Belə stereotiplər ümumi iş üçün çox böyük əngəldir. Bizim qanunlar bu məsələdə Avropanın qanunları ilə müqayisədə sürücülərin xeyrinə loyaldır. Bir tövsiyəmiz də var ki, yolu toplu halda keçən adamların üzərində işıq qaytaran elementlər olsun. Rusiyada bəlkə də 10 ildir ki, üstündə işıq qaytaran element olmayan çantaların satışı, istehsalı, ölkəyə gətirilməsi qadağandır. Məktəbli çantalarının hamısında işıq qaytaran element var. Bizdə də bunlar tətbiq olunmalıdır. Mağazalarda üzərində bu kimi elementlər olan geyimlər var”.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ