SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hacıqabul Sevindik Hətəmovu xoş qarşılamadı... bəs başçı NƏ EDƏCƏK? - 30 ildə 7 başçı dəyişib, AMMA...

Hacıqabul Sevindik Hətəmovu xoş qarşılamadı... bəs başçı NƏ EDƏCƏK? - 30 ildə 7 başçı dəyişib, AMMA...

Tarix:

15-10-2024, 12:50

/ 198 dəfə oxundu.
Hacıqabul Sevindik Hətəmovu xoş qarşılamadı... bəs başçı NƏ EDƏCƏK? - 30 ildə 7 başçı dəyişib, AMMA...

…İki gün əvvəl Hacıqabul rayonu ərazisinə yağan güclü yağış ciddi fəsadlar yaratmış oldu.

Rayonun bir neçə kəndi də daxil, rayon mərkəzi sel sularının altında qaldı, həyətləri su basdı, təsərrüfatlara və əhaliyə xeyli ziyan dəydi. Rayon mərkəzindən keçən magistral dəmiryolu xətti də sel sularının təsirindən sıradan çıxdı, yük və sərnişin qatarlarının hərəkətində fasilələr yarandı… Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və xüsusi təyinatlı qüvvələri cəlb olundu. Bir sözlə, hamı sel sularını ram etməyə cəlb edildi. Amma…

FHN əməkdaşları sel təhlükəli rayonlarda belə halların qarşısını almaq üçün monitorinqə malikdirmi?

Gələk mətləbə: hər dəfə sel suları həyətləri və təsərrüfatları basanda FHN ayağa qalxır və xüsusi nasoslarla həyətlərdəki suları kənara vurur, əhaliyə dəymiş ziyanı hesablayır, sonra büdcədən bu ziyanın ödənilməsi üçün vəsait silinir. Pis başa düşülməsin, yəni, milyonlar bu ziyanın güdazına gedir- xərclənir.

Təbii sual yaranır: niyə həmişə sel gələndə çırmanırıq? Yəni, sel ziyan vurandan sonra ayağa qalxırıq, xilasedici tədbirlər görməyə başlayırıq. Onda isə iş işdən keçmiş olur. Ümumiyyətlə, FHN əməkdaşları sel təhlükəli rayonlarda gələcəkdə baş verə biləcək belə halların qarşısını almaq üçün monitorinqə malikdirmi? Və ya, həmin rayonların rəhbərliyinə xüsusi tapşırıqlar verilibmi?

Şəxsən, Hacıqabulun ttimsalında, buna inanmıram. Belə bir monitorinq aparılsaydı, yəqinki həm FHN rəsmiləri, həm də Hacıqabulun icra başçıları rayon mərkəzindəki içi qamış dolu kanalizasiya arxlarından axan çirkabı və qamışı, zir-zibili görərdilər, bilərdilər ki, sel gəlsə, bu xəndək dərinlikli arxlar dolub-daşacaq. Çünki içi təmizlənmir, yaxud, yüksək ötürücülük qabiliyyətli qapalı kanalizasiya xətlərinə-drenajlara ciddi ehtiyac vardır və s.

***

Bildiyim qədər, son 30 ildə Hacıqabulda 7 başçı dəyişib, amma rayon mərkəzindəki sel təhlükəli kanalizasiya arxlarının vəziyyəti dəyişməyib…

Məlumat üçün bildirək ki, Hacıqabul rayonu Azərbaycan Respublikasında inzibati-ərazi vahidi olmaqla, 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. Bildiyimiz qədər, o vaxtdan indiyədək rayonun 7 icra başçısı olub. Sonuncular-Əhməd Muxtarov, Rüstəm Xəlilov və ötən ay təyinat almış Sevindik Hətəmov! Sonuncu icra başçısını çıxmaq şərtilə, onu deyək ki, əvvəlki icra başçıları uzun müddətə rəhbər olublar. Orta hesabla hərəsi 6 il başçı olub. Amma rayon sakinlərinin söylədikləri kimi, bu rəhbərləri rayon mərkəzinin indi su basmış küçələrində görən olmayıb. Əgər onlar küçələri gəzsəydilər, daim Şamaxı istiqamətindən gələn leysan yağışlarına əsir olan rayon mərkəzinin drenaj-sudan xilas olma kanallarının olmadığını görüb vacib tədbirə əl atardılar. Məsələn, nə çətin işdir çökəkdə olan rayon mərkəzinin sel təhlükəsini görmək?! Axı rayon sonuncu dəfə iki il əvvəl paylçığa batıb… Niyə növbəti dəfə dizə qədər palçığa batmağı gözləmək lazımdır ki?! Hansı ki, Hacıqabul rayon mərkəzinin şimalında-Şamaxı tərəfində kiçik dağlar var. Həmin dağların rayon mərkəzinə yaxın məsafəsindən selötürücü drenaj kanallar çəkmək üçün bir ədəd iri buldozerə ehtiyac var. Həmin sular da indi quruyub göz dağına dönmüş Hacıqabul gölünə axardı, göl quru adından xilas olardı… Bundan başqa, rayonun düz mərkəzindən, dəmiryolu xəttinə paralel açıq kanalizasiya xəndəyi keçir. İçi qamışla örtülüb. Niyə? Çünki qamış bataqlığı və çirkabı sevəndir. Amma rayon rəhbərliyinin ərazi nümayəndəsi adamboyu bu qamışlıq arxı görməyə bilməzdi. Sizi inandırıram, əgər bu arxlar-drenajlar ildə bircə dəfə təmizlənsəydi, ötən günkü o sel suları 500-dən çox evi və rayon mərkəzindəki iaşə, mülki və s. obyektləri su altında qoymazdı.

***

Qısası, rayonun yeni İcra başçısı Sevindik Hətəmov təcrübəli rəhbərdir, işgüzardır və novatordur. Və inanırıq ki, tezliklə Hacıqabulun bir də selin gətirdiyi palçığa batmaması üçün o, şimal hissədən çevrələmə kanal çəkdirəcək və rayon mərkəzindəki açıq kanalizasiya xəndəkləri qapalı sistemlə əvəzlənəcək… Bununla da içi hər dəfə zir-zibil və qamışla tıxanmasın ki, çirkab suları və baş çatladan iy də ətrafa yayılmasın…

Bizdən demək…

Təzadlar.az

Şərhlər

XƏBƏR LENTİ