
Azərbaycan müstəqil və fəal xarici siyasət yürüdən ölkə kimi dinamik qlobal siyasi bürcdə unikal mövqeyə malikdir. Bu mövqeyi onunla möhkəmləndirə bilmişik ki, siyasi konsepsiyamızın hər bir sətiri istənilən addımımızla tamamilə uzlaşır. Bu, nəticədə dayanıqlı sülhə və rifaha əsaslanan dünya nizamını dəstəkləmək üçün Azərbaycanın milli maraqlarına əsaslanan xarici siyasətdir. Bunu neytral siyasət adlandırmaq düzgün olmaz, o baxımdan ki, sadəcə, regionun lider aktoru olmaqla kifayətlənməyib dünya siyasətində də öz mövqeyimizi təsir və təzyiqlərə rəğmən, açıqca ifadə edirik. Şübhəsiz ki, məhz bu amilə əsas yaradan məsələ Prezident İlham Əliyevin siyasi biliyi, diplomatik manevr qabiliyyəti qədər, həm də şəxsi keyfiyyətləridir.
Özbəkistanın xarici siyasətinə nəzər yetirdiyimiz zaman onu iki prezident - İslam Kərimov və Şavkat Mirziyoyevin fəaliyyət dönəmləri olmaqla təxminən iki dövrə bölmək mümkündür. Hər iki dönəmin özünəxas inkişaf tendensiyası mövcuddur. Bizə daha çox aid olan məsələ odur ki, hər iki prezidentin fəaliyyət dönəmində Azərbaycanla münasibətlər formal xarakter daşımayıb, eyni imperiyada təmsil olunduğumuz zaman belə görünən və görünməyən məhdudiyyətlərə baxmayaraq, kökü səmimi qardaşlıq münasibətlərinə dayanıb. Buna görədir ki, XX əsrin 30-cu illərinin qanlı-qadalı kütləvi repressiyaları vaxtı neçə-neçə soydaşımız məhz Özbəkistanda pənah tapmışdır. Eynilə 1966-cı ildə baş verən zəlzələdən sonra Daşkənd şəhərinin bərpasında azərbaycanlılar qardaşlarına dəstək göstərmişlər. Obrazlı şəkildə ifadə olunduğundan xronoloji ardıcıllığa da sadiq qalaraq elə bu məqamda vurğulamaq daha düzgün olar ki, Qarabağımızın bərpasında da dost, qardaş Özbəkistan dövləti əlini daşın altına qoyaraq, dəstək çiynini Azərbaycandan əsirgəməmişdir.
İslam Kərimov nəhəng bir regionu qucaqlamaq amalına xidmət edən “Türküstan bizim ümumi evimizdir” şüarını da əsas tutaraq Ümummilli Lider Heydər Əliyevlə görüşlərə, bu dahi şəxsiyyətin fəaliyyət prinsiplərinə böyük önəm verirdi. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan əlaqələr Özbəkistanla mövcud münasibətlərin və proseslərin dialektikasını müəyyən edir. Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra Özbəkistan bütün regional ixtilafları aradan qaldırmaq üçün dramatik addımlar atdı, istənilən mənfi tendensiyaların əvəzinə, həm region miqyasında, həm də regiondan kənar yeni ittifaqlar vasitəsilə əməkdaşlığın qurulmasında liderlik təşəbbüsləri göstərdi. Rəsmi Daşkəndin regional və beynəlxalq davranışı dərindən düşünülmüş, milli maraqlara əsaslanan addımlarla xarakterizə olunmağa başladı. Bu da Özbəkistanın regional və qlobal səhnəyə daha iddialı çıxmasına yol açdı.
Azərbaycan və Özbəkistan qarşılıqlı kontekstdə, Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də bir sıra beynəlxalq təsisatlarda geniş siyasət sahələri üzrə əməkdaşlıq edir. Ölkələrimiz bunu problemləri kollektiv şəkildə həll etmək, beynəlxalq yumşaq və sərt hüququn daha işlək mexanizm qazanması üçün edirlər. Dövlətlərimiz arasında siyasi əlaqələrin müxtəlif istiqamətləri qədər, cəmiyyətlərimiz arasında elmi, mədəni, humanitar olmaqla mübadiləyə dair də bir sıra nümunələr mövcuddur. Azərbaycan xalqını daha da qürurlandıran və sevindirən amil odur ki, ərazisi tamamilə yenidən qurulan, ətrafında gül-çiçəklərlə yaşıllıq salınaraq insanların istirahəti üçün hər cür şərait yaradılan Daşkənddəki Heydər Əliyev Meydanında Ümummilli Lider Heydər Əliyevin barelyefi həm xalqımızın ən böyük sərvəti və dəyəri olan Ümummilli Liderimizin ideyalarına sadiqliyin göstəricisi, həm də bu ideyaların ölkə sərhədlərindən kənarda hələ də və əbədi yaşamasının təzahürüdür.
Diqqətə çatdırılıb ki, bugünkü siyasət fərqli reallıqları diktə edir. Belə ki, ölkənin rəqabət qabiliyyətini gücləndirməyin yollarından biri iqtisadi diplomatiya, o cümlədən birbaşa xarici investisiyaların cəlbi və beynəlxalq ticarətin inkişafına yönəlmiş siyasətdir. Özbəkistan və Azərbaycan məhz bu siyasətlə addımlayan dövlətlərdir. Bu baxımdandır ki, Özbəkistan və Azərbaycan prezidentlərinin intensivləşən qarşılıqlı səfərləri böyük investisiya layihələrinin və ikitərəfli razılaşmaların əldə olunmasına gətirib çıxarıb.
Dövlətimizin böyük nəqliyyat marşrutlarının tikintisi və şaxələndirilməsi işini prioritet kimi müəyyənləşdirdiyini xatırladan politoloq qeyd edib: “Özbəkistan da əsas nəqliyyat marşrutlarının sürətlə şaxələndirilməsinə çalışır, yeni tranzit marşrutlarının tikintisinə başlayıb. İstər Özbəkistanda, istərsə də Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən xarici iqtisadi fəaliyyət istiqamətində əsaslı dəyişikliklər baş verib, ölkədə əsaslı müsbət dəyişikliklər davamlı xarakter alıb. Azərbaycan həm də dövlətin ixracyönümlülüyünü və infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirir, investisiya axınını yeni istiqamətlərə yönəldir. Özbəkistanın siyasətində də eyni dəst-xəttin şahidiyik. Buna görə də Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsi həm də və ən əsası, birbaşa xarici investisiyaların cəlbinə yetirilən xüsusi diqqətdən irəli gəlir.
Qarşımızda dövlət olaraq ciddi hazırlaşdığımız, demək olar bütün resurslarımızı, potensialımızı çəkinmədən sərf etdiyimiz, xalq kimi dövləti bu işdə də dəstəklədiyimiz COP29 kimi mötəbər tədbir dayanır. Sözügedən tədbir vasitəsilə beynəlxalq ictimaiyyətə əsas regional aktor kimi gücünü, qlobal oyunçu kimi isə təsirini nümayiş etdirmək üçün Azərbaycan böyük platforma təqdim edəcək. Tədbir həm də dövlətimizin xarici siyasətinin bütövlüyü və ardıcıllığı üçün mühüm əhəmiyyət daşıyacaq. Ona görədir ki, Azərbaycan artıq dünya ictimaiyyətinə sülh dolu mesajını da yolladı. Sadəcə, kiçik aktorlar deyil, orta və böyük güclərin özü belə liderlərin yoxluğunda boykotla hədələnir. Sevindirici və qürurverici məqam odur ki, Prezident İlham Əliyevin ən sadə ritorikası belə ən böyük siyasi vədinə sadiqdir.
Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü