Ekspertlər bildirirlər ki, dünyada qlobal istiləşmə gedir və bu, fəsadlara yol aça bilər
Dünəndən etibarən havanın temperaturunda yenə də artım müşahidə edilir. Yanvar ayı olmasına baxmayaraq, Bakıda yaz havası hökm sürür. Eyni zamanda bir sıra dağlıq rayonları çıxsaq, digər bölgələrdə də hava şəraiti normadan yüksəkdir. Ekspertlər bildirirlər ki, havanın bu cür isti keçməsi kənd təsərrüfatına zərər verməklə yanaşı, eyni zamanda müxtəlif növ xəstəliklərin də yayılmasını sürətləndirir. Həkimlər bildirirlər ki, havanın isti keçməsi yalnız A tipli virusların ( məsələn, “donuz qripi”) yayılmasına mane olur. Çünki həmin viruslar isti havaya dözümlü deyil. Ümumilikdə isə həkimlərin sözlərinə görə, dəyişkən hava xüsusilə də həssas insanlar üçün olduqca zərərlidir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvar ayına olan hava proqnozunda bildirib ki, yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacaq:
“Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 4-7 dərəcə isti (gecələr 3-7, bəzi günlərdə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 15-18 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 18-28 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti (gecələr 4-9, dağlıq ərazilərdə 10-15 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir".
Nazirlik tərəfindən verilən proqnoz özünü doğrultmaqdadır. Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva “Yeni Müsavat”a bildirib ki, qış hələ qabaqdadır:
“Bu ayın 24-dən etibarən hava şəraiti kəskin soyuyacaq. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayacaq”.
“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov hesab edir ki, dünyada qlobal istiləşmə gedir və bunun da əsas səbəbi istifadə edilən müxtəlif iqlim dəyişən silahlardır:
“Ümumiyyətlə, dünyada 45-50 il istiləşmə, sonra isə soyuqlaşma gedir. Bu, təbii bir haldır. Lakin bununla bərabər, eyni zamanda müxtəlif ölkələr iqlimi dəyişmək üçün müvafiq silahlardan istifadə edirlər. Səbəb bəzi yerlərdə quraqlıq, bəzi yerlərdə isə əksinə, təbii fəlakətlər yaratmaqdır. Bununla da ərzaqların bahalaşması, insanların dünyada azalması üçün işlər aparılır. Texnoloqlar hər zaman dünyada insanların həddindən artıq çoxalmasının qarşısını almaq üçün yollar düşünüb tapıblar. Bu, ya müharibə, ya da bu cür iqlim dəyişikliyi ilə bağlı atılan addımlardır”.
Doğrudan da dünyada qlobal istiləşmənin getdiyi barədə xarici mətbuatda da yazılar, araşdırmalar dərc edilir. Araşdırmalarda bildirilir ki, dünyada 2012-ci ildən sonra hər il istiləşmə gedir.
İndoneziyanın Cənubi Sumatra əyalətinə daxil olan iki məskunlaşmamış adası qlobal istiləşmə ilə bağlı su səviyyəsinin qalxması nəticəsində xəritədən silinib.
Bu barədə Musavat.com saytı xarici agentliklərə istinadən xəbər verib ki, ölkədə fəaliyyət göstərən “Ətraf mühit üzrə forum” təşkilatının rəhbəri Hayrul Sobrinin söylədiyinə görə, Betet və Qundul adlanan həmin adalar hazırda dəniz səviyyəsindən 1-3 metr aşağıda yerləşir:
“Bundan başqa daha 4 adanın yox olması təhlükəsi yaranıb. Belə ki, Burunq adası artıq sıfır səviyyəsindədir, Kalonq və Salah Namao adaları 2 metr, Kramat adası isə cəmi 3 metr yüksəklik səviyyəsində qalıb”.
Verilən məlumatda qlobal istiləşmənin və iqlim dəyişikliyinin İndoneziya kimi milyonlarla insanın 17 min adada yaşadığı arxipelaq dövlətlərin varlığını belə təhlükədə qoyduğu göstərilib.
Cenevrədə yerləşən Ümumdünya meteoroloji təşkilatının (ÜMT) təsbitlərinə görə, 2019-cu il iqlim tarixində ikinci ən isti il olub.
“Bu gün qlobal hərarət 1850-1900-cü illərə nisbətən 1,1 dərəcə selsi artıb. Bununla bərabər, 2016-cı il dünya tarixinin ən isti ili olaraq yadda qalacaq,” - deyə məlumatda bildirilir. ÜMT-nin son təsbitlərinə əsasən, son 5 ildəki orta temperatur iqlim müşahidəçiliyi tarixində ən yüksək hərarətin qeydə alındığı beşillikdir.