XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Məcburi köçkün ona verilən sözün tutulmasını istəyir

Məcburi köçkün ona verilən sözün tutulmasını istəyir

Məcburi köçkün ona verilən sözün tutulmasını istəyir
30-01-2018, 15:01

Məcburi köçkün soyuqdan donur, yaşadığı qaraj otağına gedib-gəlməyə yol tapmır. Əlaqədar qurumlar isə susur. Söhbət Sabunçu rayonu, Anaşkin küçəsi 4 ünvanında yerləşən keçmiş adı UMS Trest olan Tikinti Mexanikləşdirmə İdarəsinin qarajında 20 ildir məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Adilə Həsənovadan gedir.
Vətəndaşın əli hər yerdən üzüldüyündən mətbuat vasitəsilə əlaqədar qurumlara öz sözünü çatdırır: “Mən dövlətimi çox sevirəm. Allah prezidentimizin canını sağ eləsin. O hər zaman məcburi köçkünlərin halına acıyıb, bizlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün müvafiq qərarlar verib. Onun sayəsində dövlətimiz inkişaf edir. Cənab Prezidentin tapşırığı ilə məcburi köçkünlər üçün mənzillər tikilib və tikilir. Belə binalardan bir neçəsi də, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilib. Bu vaxta kimi tikilən binalardakı mənzillərdən mənə verilməyib. Hər zaman müraciət edəndə “növbəlik prinsipi” ortaya atılıb. Amma sonuncu bina inşa olunmağa başlayanda hər yerə yazılı müraciət etdim ki, məni də mənzillə təmin etsinlər. Çünki bu mənzillər ağır şəraitdə yaşayan məcburi köçkünlər üçün nəzərdə tutulubsa, onda elə birinci növbədə mən evlə təmin olunmalıyam”.
Vətəndaş qeyd edir ki, artıq canından bezib və bu barədə Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin sədir Əli Həsənova da yazılı müraciət edərək bildirib: “Ramana qəsəbəsində inşa edilmiş binanın açılışı olmamışdan öncə, ölkə prezintinə, “Qaçqınkom” sədrinə dəfələrlə yazılı müraciətlər edib, yaşayış şəraitimin dözülməz olduğunu bildirmişəm. Artıq dözə bilmədiyimi onların diqqətinə çatdırmışam. Çox sağ olsun “Qaçqınkom” sədri Əli Həsənov etdiyim müraciətlərdən sonra mənim problemimlə şəxsən maraqlanmaq barədə tapşırıq verdi. Və beləliklə günün birində “Qaçqınkom”a dəvət edildim, sədrin müavini Garay Fərhadov məni şəxsən qəbul etdi, problemimi dinlədi. Növbəti günlərin birində isə, mobil telefonuma zəng edildi, özünü Garay müəllim kimi təqdim edən şəxs bildirdi ki, sizin məsələ həll olunub. Az keçmədi ki, “Qaçqınkom”un məsul şəxslərindən olan Elman İsmayılov mənimlə əlaqə saxlayaraq, mənzillə bağlı sənədimin üstünün sədr tərəfindən yazıldığını bildirərək, məni təbrik etdi və binanın açılışını gözləməli olduğumu xahiş etdi”.
Adilə Həsənova qeyd edir ki, səbrsizliklə binanın açılışını gözlədi: “Hörmətli Mehriban xanım binanın açılışını etdi. Bundan sonra Elman müəllimin şəxsən özü ilə, o cümlədən onun köməkçisi, həmçinin katibəsi ilə dəfələrlə danışmışam. Hər dəfə “narahat olma, sənin məsələn həll olunub” deyə mənə bildirilib. Amma mən bununla da kifayətlənməyərək dəfələrlə “Qaçqınkom”a gedərək dözülməz şəraitdə yaşaya bilmədiyimi, mənzil veriləcəksə, sənədimin üstü yazılıbsa nəyi gözlədiklərini soruşmuşam. Hər dəfə də, eyni söz deyilib ki, “heç nədən narahat olma”. Düzdür, onlar narahat olma deyirlər, amma soyuqlar məni narahat edir. İki qız anasıyam, onlara elə qaraj otağında təhsil verirəm. Amma onlar dözülməz şəraitdən bezdiklərindən, dərslərinə də gedə bilmirlər”.
Vətəndaş Adilə Həsənova Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin sədir Əli Həsənovdan xahiş edir ki, onun gözünü yolda qoymasın: “Mənim hansı dözülməz şəraitdə yaşadığımı “Qaçqınkom”un Sabunçu rayon Şöbəsinin rəsmiləri gözləri ilə görüblər. Təbii ki, onları Komitədən göndərmişdilər. Mənim çıxılmaz, yaşayış üçün mümkünsüz qaraj otağım barədə hörmətli Əli müəllimə də məruzə edildikdən sonra, o, mənim sənədimin üstünü yazdı. Sənədimin üstü yazılıbsa, məni bu soyuqlarda gözlətmək lazım deyil. Ev vermək istəmirlərsə, mənə bir yolluq deyilsin ki, sənə mənzil düşmür. Onda mən başqa dövlətlərə müraciət edim, bəlkə onlar mənə sığınacaq verdilər. Amma bilirəm ki, bu hal dövlətimizin əleyhinədir. Mən dövlətimi, dövlət başçımızı çox istəyirəm. Heç istəmirəm ki, hansısa addımım dövlətimizin ziyanına olsun. Bilirəm ki, problemimi prezidentə çatdırsalar, o dərhal məni mənzillə təmin edər”.
Adilə Həsənova son olaraq bildirdi ki, dözülməz şəraiti ilə bağlı artıq Azərbaycan Respublikasının Prezidentinə teloqram, Qaçqın və Məcburi Köçkünləri işləri üzrə Dövlət Komitəsinin sədir Əli Həsənov isə yeni məktub ünvanlayıb. Və səbrsizliklə xoş cavab gözləyir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.