XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » İcra başçısı Tərtəri özəlləşdirib

İcra başçısı Tərtəri özəlləşdirib

İcra başçısı Tərtəri özəlləşdirib
3-02-2020, 15:23

Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Tərtərdə sahibkarlar aksiyalara hazırlaşır”, “İcra başçısından narazı sahibkarlar Prezidentdən imdad diləyir” və “Müstəqim Məmmədov Tərtərdə üsyan yetişdirir” başlıqlı məqalələr dərc etmişdik. Məqalələr Tərtər RİH başçısı Müstəqim Məmmədovun fəaliyyətindəki qanunsuzluqlarla bağlı redaksiyamıza Abışov Tiflis Qarakişi oğlu və digər yerli sahibkarlardan daxil olmuş şikayət əsasında hazırlanmışdı. İcra başçısından şikayət edən sahibkarlar deyirdilər ki, onlara məxsus torpaq və obyektləri zor gücünə əllərindən alan M.Məmmədov özünün yaxın adamı olan Qorxmaz Məhərrəmov adlı şəxsə verir. Tərtər icra başçısının müavini Abbas Cavadov və memar Tofiq Kərimov onlara dəfələrlə bildirir ki, “sizə pul verək ərazini Qorxmaza təhvil verin, bu cənab başçı M.Məmmədovun göştərişidir”. Rayonda hamı icra başçısıyla Qorxmazın həmin obyektlərə şərik olduğunu birdirirlər. Cənab Prezidentin sahibkarlara daim dəstək verdiyi indiki zamanda M.Məmmədovun bu əməlindən cana doymuş sahibkarların etiraz aksiyalarına əl atacaqları deyilirdi.

Eyni zamanda Tərtər RİH başçısı M.Məmmədov Yevlaxda yaşayan 80-dən çox yaşı olan qaynanası Vəliyeva Səkinə Xıdır qızının adına Şıxarx kəndində buğda əkini üçün 150 hektara görə 13500 manat, Çaylı kəndində isə 46 hektar buğda və çəltik əkini üçün 2860 manat subsidiya almışdı. Tərtərin Qaraağacı kənd sakini, 1-ci qrup Qarabağ qazisi Hüseynov Cəfər Əli oğlun və Tərtər sakini Məmmədov Elçin Saleh oğlu rayonun Şıxarx adlanan ərazisindən taxıl əkini üçün torpaq sahəsini icarəyə götürmək istəsə də, icra hakimiyyətinin rəsmisi Füzuli Əliyev onlardan 30 hektar torpaq müqabilində 27000 (iyirmi yeddi min) manat rüşvət istəyibmiş. Sonradan məlum olur ki, həmin ərazi başqa adama daha baha qiymətə satılıb, Qarabağ qazisinə isə əkin üçün yer tapılmayıb.

Onu da qeyd edək ki, Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.Bu barədə bu yaxınlarda Ziya Mahmudov adlı Tərtər sakininin çəkib sosial şəbəkələrdə yaydığı videokadrlarda bəhs edilirdi. Sakin yolun kənarı boyu düzülən və icra başçısına məxsus olduğu iddia edilən çoxsaylı kommersiya obyektlərini göstərib deyir: “İcra başçısı rayonu işğal edib”. Habelə sakin Tərtərin girişində icra başçısına aid olduğu deyilən və yeni tikilməkdə olan ikimərtəbəli kommersiya obyektini də nişan verir: “Bu da icra başçısının təzə mağazasıdır, gözü doymayıb, birini də tikdirib”.

Sakin Müstəqim Məmmədovun Tərtərdə dövlət mülkiyyətində olan yüzlərlə hektar torpağı da aldığını, özünə mülklər tikdirdiyini , onun qonşu rayonlarda da biznes obyektlərinin, mülklərinin olduğunu bildirir. Eyni zamanda qeyd edir ki, icra başçısı şəxsi biznesini genişləndirməkdə olduğu bir vaxtda rayonda şəhidin adını daşıyan bulaq baxımsızlıqdan uçub dağılır… Belə görünür ki, icra hakimiyyətinin başçısının çoxsaylı kommersiya obyektləri, mülkləri barədə kadrları çəkib internetdə yayan Tərtər sakini prezident İlham Əliyevin son çıxışlarından ruhlanıb. Prezident yeni təyin edilən icra hakimiyyəti başçılarını qəbul edərkən onların qarşısında vətəndaşlara xidmət, dürüstlük və insanların problemlərinə diqqətlə yanaşmaq barədə ciddi vəzifələr qoyub. Habelə prezident vətəndaşlara müraciət edərək bildirib ki, hansısa məmurun, icra hakimiyyəti başçısının tutduğu vəzifədən istifadə edib varlanmasına, korrupsiyaya və rüşvətə qurşanmasına, ümumiyyətlə, əyri yola getməsinə dair faktları dərhal ona çatdırsınlar.

Xatırladaq ki, Müstəqim Məmmədov 2014-cü ildə Tərtər rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan əvvəl isə Yevlax rayonunda icra hakimiyyətinin başçısının müavini işləmişdi.

Qarşı tərəfi də dinləməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.