SON DƏQİQƏ
XalqXeber.Az » Müsahibə »  “Azərbaycan ordusunun ikinci əməliyyatı lazım olacaq” - TƏHLİL

 “Azərbaycan ordusunun ikinci əməliyyatı lazım olacaq” - TƏHLİL

Tarix:

28-12-2018, 10:22

/ 1 064 dəfə oxundu.
 “Azərbaycan ordusunun ikinci əməliyyatı lazım olacaq” - TƏHLİL

Ermənistanın baş nazir əvəzi 27 dekabrda Nikol Paşinyan Rusiya paytaxtına səfər etdi. Səfərin detalları yəqin ki, qapalı saxlanılacaq. Amma elə təyyarədəcə onun selfi çəkib sevincək “Moskvaya uçuruq” yazması müzakirələrə səbəb oldu. Baxmayaraq ki, Ermənistanın hökumət başçısının həll etməli olduğu ciddi problemlər var idi. Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov “Yeni Müsavat”a durumla bağlı olduqca maraqlı fikirlər söylədi.

- Eldar bəy, sizcə, Nikol Paşinyan Rusiya səfərindən necə qayıdacaq, hakimiyyətinə qarantiya alacaqmı? Kritik münasibətlər fonunda onun “Moskvaya uçuruq” mesajının arxasında nələr dayanır?

- Əslinə qalsa, bu səfər hansısa uğurlu nəticələrlə yekunlaşa bilməz. Bu, mümkün deyil. Belə bir vəziyyəti Paşinyan özü yaradıb. Öz çıxışlarında heç cür reallığa uyğun olmayan illüziyalar təbliğ edib, “biz belə dəyişəcəyik”, “xarici siyasətimizdə dəyişikliklər olacaq”, “biz Rusiya ilə bərabərhüquqlu münasibətlər quracağıq” və s. Bunlar hamısı reallığa uyğun olmayan illüziyalardır. Ermənistan kimi balaca, Rusiyadan tam asılı vəziyyətdə olan ölkə öz sərhədlərinin qorunmasını, ordusunu, iqtisadiyyatını, hətta dəmir yolunu, qaz, elektrik sahəsini, AES-ini Rusiyaya etibar edən bir ölkədən söhbət gedir. İrəvanda biskvit fabrikindən başqa, bütün əhəmiyyətli obyektlərin hamısı Rusiyanın nəzarətindədir.

- Üstəlik, hava məkanına da Rusiya nəzarət edir...

- Bəli. Mən hələ demirəm ki, Ermənistanın Türkiyə, ya İranla sərhədində ruslar dayanıb. ABŞ-dan, Avropadan xarici qonaqlar Ermənistanda gələndə onları İrəvan aeroportuna rus sərhədçiləri qarşılayır, onları yoxlayırlar. Yəni faktiki olaraq, Rusiyanın bir vilayəti statusuna malik olan “dövlət”in rəhbəri bəyan edir ki, biz qısa müddətdə Rusiya ilə bərabərhüquqlu münasibətlər quracağıq. Təbii ki, bu bəyanatların arxasında heç bir reallıq dayanmır. Paşinyanın da bu səfərindən heç bir müsbət nəticə gözləməyə dəyməz.

- Bəs niyə bu qədər sevincək görünməyə çalışırdı?

- Paşinyanın selfi çəkib bunu sevinc dolu komentlə yayması başqa şeydən xəbər verir. Seçkilərdən sonra Putin başda olmaqla KTMT-nin digər üzvləri Paşinyanı qələbə münasibətilə təbrik etmədilər. Avropa, ABŞ tərəfindən təbriklər gəldi, amma Rusiya təbrik etmədi. Rus diplomatları bu xoşagəlməz halı yumşaltmağa çalışdılar ki, burada protokol məsələləri var. Amma erməni mətbuatı onlara xatırlatdı ki, vaxtilə Serj Sərkisyan belə seçkiləri udanda Putindən dərhal təbriklər alırdı. Robert Köçəryan da seçkilərdə qalib gələn kimi bir neçə saatdan sonra təbriklər gəlirdi. Hətta bir neçə ay bundan əvvəl Putin Köçəryanın ad günü ilə bağlı onu təbrik etdi və Kreml saytında təbriklərini yerləşdirdi. Ona görə də Paşinyanın bu selfisi və sevinclə dolu komenti yalnız onunla bağlıdır ki, ay ermənilər, Moskva mənə oraya səfər etməyə icazə verib, mən Putini görəcəyəm! Yəni hələ mənim üstümdən tam xətt çəkməyiblər, məni qapıdan qovmurlar, mənə icazə verirlər ki, uçum, gedim, Putinin önündə dayanım, onunla danışım. Sevinc yalnız bununla bağlıdır.

- Bu sevinc uzunmüddətli olacaqmı?

- Nəticələr baxımından çox acınacaqlı bir vəziyyətdir. Hətta KTMT baş katibi məsələsi ilə bağlı da çox maraqlı vəziyyət yaranmışdı. Razılığa əsasən, Belarus nümayəndəsi general Zas bir-bir üzv olan ölkələrin paytaxtlarına səfər edib, ölkə başçıları ilə görüşüb onların razılığını almalı idi. Qazaxıstan, Qırğızıstan və Tacikistana səfəri haqda məlumat dərc olundu, amma Kremlin saytı və rus mətbuatı Putinlə görüş barədə heç nə yazmamışdı. Erməni mətbuatı son günə qədər palaz-palaz məqalələr çap edirdi ki, Rusiya öz sözünü deməyib. Müxtəlif ağlasığmaz “politoloji” konsepsiyalarla çıxış edirdilər ki, guya Putin də Belarusun hərəkətindən narazıdır, yəni Belarus-Azərbaycan birliyi Putini də narahat edir, Rusiya Ermənistanla birləşib türk-Belarus birliyinə qarşı bir cəbhədən çıxış edir kimi belə axmaq-axmaq şeylər yazırdılar. Ancaq ötən gün KTMT-dəki Rusiya nümayəndəsi bəyan edib ki, artıq 5 ölkənin razılığı var. O qeyd edib ki, Putin hələ 18 dekabrda Zası qəbul edib və onun təyinatı ilə bağlı razılıq məktubuna imza atıb. (Gülür). Ermənilərin heç bundan da xəbəri olmayıb.

- Eldar bəy, ermənilər vaxtaşırı KTMT-də veto hüquqlarının olmasından danışırlar. Gah deyirlər Azərbaycan quruma üzv olsa, bu hüquqdan istifadə olunacaq. İndi də KTMT baş katibliyi məsələsində eyni iddialar eşidilir. Bu iddianın əsası varmı?

- Bu, çox maraqlı mövzudur. Onlar bunu bir neçə dəfə ən yüksək səviyyədə deyiblər. Paşinyan və XİN tərəfindən bəyan olunub. Çox maraqlı və acınacaqlı vəziyyətdir. KTMT-nin baş katibi ilə bağlı qalmaqal başlayanda mən həmin təşkilatın nizamnaməsini götürüb onunla diqqətlə tanış oldum. Mənə 10 dəqiqə vaxt lazım oldu ki, orada konsensus məsələsinin yalnız şüarda olduğunu bilim. Nizamnamənin içərisində “Konsensus - 1" mexanizmi göstərilib. Yəni bir ölkə başqa üzvlərin ümumi qərarının əleyhinə getsə, həmin nizamnaməyə görə, o ölkə səsvermədən uzaqlaşdırıla və qərar onun iştirakı olmadan qəbul oluna bilər. Bu, sadəcə olaraq, bir cümlə ilə deyilməyib. Bu mexanizm 2-3 bəndlə ayrı-ayrı bölmələrdə göstərilib. Orada bir yerdə deyilir ki, bir ölkə hansısa qərarla razılaşmasa, onun iştirakı olmadan da qərar verilə bilər. Başqa bir yerdə deyilir ki, razılıq verməyən ölkənin səsvermədən kənarlaşdırılması ilə bağlı qərarı qəbul edəndə onun səsi nəzərə alınmayacaq. Yəni bu, o deməkdir ki, bir ölkə başqalarına qarşı, ümumi rəyə qarşı gedirsə, həmin ölkələr yığışıb iki bənddən ibarət qərar qəbul edirlər. Birincisi, səs verirlər ki, bu məsələnin həllində filan ölkənin iştirakı nəzərdə tutulmasın, o səsvermədə iştirak etməsin. İkinci bəndlə isə həmin qərarı səsə qoyub həyata keçirirlər və həmin ölkə oyundankənar vəziyyətdə qalır. Şəxsən mənim üçün KTMT-nin nizamnamasini diqqətlə öyrənmək üçün on dəqiqə kifayət etdi.

Həmin ərəfədə də məni xaricdə çox böyük bir toplantıya dəvət etdilər. Orada beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunurdu və Azərbaycanı mən təmsil edirdim. Ermənistanı isə təmsil edən adam 4 il ölkəsinin KTMT-də səlahiyyətli nümayəndəsi vəzifəsində çalışıb. Tədbirdə Londondan Kral İnstitutunun, yəni Böyük Britaniyada xarici diplomatiyanın beyin mərkəzinin direktoru, ABŞ-ın Avropada yaratdığı analitik strukturların rəhbərləri iştirak edirdilər. Mən orada KTMT-dəki Ermənistanla bağlı qalmaqala münasibət bildirəndə qeyd etdim ki, prinsipcə bu təşkilat “konsensus -1" prinsipi ilə də işləyə bilər, nizamnamədə bu, öz əksini tapıb. Ona görə də Ermənistan burada təklənə bilər. Odur ki, heç Ermənistanın razılığı olmadan da Belarusun nümayəndəsinin təyin olunması mümkündür. Mən bunu deyəndə 4 il KTMT-də İrəvanı təmsil etmiş Ermənistan nümayəndəsi yerindən etiraz etdi, orada belə bir şey yoxdur, bu təşkilat yalnız konsensus prinsipi ilə işləyir. Ona görə də Ermənistan həm bu məsələdə, həm də Azərbaycanın üzvlüyü məsələsində veto hüququndan istifadə edə bilər. Təbii ki, orada çox ciddi adamlar təmsil olunurdular. Onların qarşısında belə bir mübahisə yarananda buna aydınlıq gətirmək lazım idi. Mən qısa müddətdə internet vasitəsilə həmin təşkilatın nizamnaməsini əldə etdim və bütün iştirakçılara göstərdim ki, burada mexanizm var. Onlar oxudular və çox təəccüb etdilər ki, Ermənistanı 4 il həmin təşkilatda təmsil edən adamın bundan xəbəri yoxdur. Nəinki ermənilərin, heç bir ölkənin orada veto hüququ yoxdur. İki gün bundan əvvəl Belarusun nümayəndəsi general Zas bəyanatla çıxış etdi və elan etdi ki, artıq 5 ölkə razılıq verib. Xüsusi qeyd etdi ki, prinsipcə, Ermənistanın razılığı olmadan da bu qərar həyata keçirilə bilər, bizim nizamnaməmiz buna imkan verir, sadəcə olaraq, biz indi Ermənistanın da ümumi konsensusa qoşulmasını gözləyirik. Yəni ilk dəfə olaraq KTMT-ni təmsil edən adam açıq bəyan etdi ki, bizim nizamnaməmizdə konsensus prinsipi yoxdur. Deməli, artıq 5 ölkə Zasa dəstək veribsə, rəsmi olaraq təyinata imza atıbsa, faktiki olaraq artıq qərar qəbul olunub. İndi Ermənistan ya konsensusa qoşulacaq və siyasi məğlubiyyətini etiraf edəcək, ya da dirənəcəksə, bu təşkilatın tarixində ilk dəfə olaraq hansısa ölkəyə qarşı ”Konsensus -1" prinsipini həyata keçirəcəklər və İrəvanın rəyini nəzərə almadan həmin adamı təyin edəcəklər. O cümlədən digər məsələlərdə. İndi Rusiyanın təklifi ilə üzvlərdən başqa, bu təşkilatın tərəfdaşı statusu da müəyyənləşir. Yəni hansısa ölkə hələ üzvlüyə razı deyil, ancaq tərəfdaş olmaq istəyir, ancaq ona da müəyyən səlahiyyətlər verilir. O təşkilata üzv olan ölkələrin səlahiyyətlərinin bir qismi tərəfdaşlara da şamil olunacaq. Ermənilər çox narahatdır ki, bu, Azərbaycana görə edilir. Azərbaycan müstəqil ölkədir, “Qoşulmayanlar Hərəkatı”nın üzvüdür və Qarabağ problemi həll olunmadan Azərbaycan Ermənistanla heç bir hərbi blokda təmsil oluna bilməz, bunu hamı başa düşür. Ona görə də erməni tərəfi çox ehtiyat edir ki, Azərbaycana portnyor statusu verilə bilər və Azərbaycan bir çox imtiyazlardan istifadə edə bilər. Odur ki, Paşinyan, Ermənistan XİN səviyyəsində hədələyirlər ki, ermənilər veto hüququndan istifadə edəcəklər. Ay bədbəxtlər, bu təşkilatın nizamnaməsinə baxın! Orada konsensus prinsipi yalnız deklarasiya, şüar kimi qeyd olunur.

- Ermənistanın Rusiya, yaxud digər KTMT ölkələri ilə münasibətlərindəki konfrontasiya fonunda bizi 2019-cu ildə Qarabağla bağlı nə gözlədiyi hər şeydən çox maraqlandırır. Sizin proqnozunuz necədir?

- Mən bu vəziyyətdə danışıqlardan bir nəticə gözləmirəm. Ötən Köçəryan və Sərkisyan dövründə, 20 il ərzində erməni cəmiyyətini kifayət qədər zombiləşdiriblər. Bu illərdə yalnız belə təbliğat aparılıb ki, işğal olunmuş heç bir ərazi qaytarıla bilməz. Hətta görün, bunlar nə qədər harınlayıb, qudurublar, xeyli sayda ictimai-siyasi xadimlər bəyan edirlər ki, hətta Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanısa belə, biz o torpaqları azad etməli deyilik, çünki o 7 rayon da Dağlıq Qarabağa “birləşib və erməni torpaqlarıdır”. Deməli, onların zombiləşməsi pik nöqtəyə çatıb. Ona görə də bir neçə ayın ərzində bu yanaşmanı dəyişmək, dağıtmaq mümkün deyil. Xüsusən də bunu diplomatiya yolu ilə dəyişmək mümkün deyil. Mən yenə də o fikrimdə qalıram ki, Azərbaycan ordusunun ikinci əməliyyatı lazım olacaq. Biz çox konkret nəticələrlə ikinci hərbi əməliyyat keçirməliyik ki, erməni cəmiyyəti birdəfəlik o illüziyalardan uzaqlaşsın və reallığı başa düşsün. Anlasın ki, Ermənistanın bir ölkə kimi yeganə çıxış yolu yalnız Azərbaycanla danışıqlara getmək, işğal olunmuş əraziləri azad etməkdir. Ondan sonra Ermənistanın bir ölkə kimi gələcək inkişafına müəyyən bir şans yarana bilər.

Şərhlər

XƏBƏR LENTİ