XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Prezident İlham Əliyevin iki günlük rayon səfərləri

Prezident İlham Əliyevin iki günlük rayon səfərləri

Prezident İlham Əliyevin iki günlük rayon səfərləri
5-03-2020, 12:00

Dövlət başçısı bir çox obyektlərin açılışını etdi; “Qeyri-rəsmi məşğulluq olmamalıdır”
Azərbaycan prezidenti İlham Əliyev martın 3-dən ölkənin bir sıra rayonlarına səfər edib. Dövlət başçısı səfər proqramına Goranboy rayonundan başlayıb.

Goranboyda Prezident Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib. Bu yolun tikintisi dövlət başçısının ötən ilin fevralında imzaladığı sərəncama əsasən həyata keçirilib. Ümumilikdə 32 min əhalini əhatə edən 15 yaşayış məntəqəsini birləşdirən Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun tikintisinə dövlət büdcəsinin investisiya xərclərindən 21 milyon manatdan çox vəsait ayrılıb.

İ.Əliyev həmçinin Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. 130 çarpayılıq xəstəxananın ərazisi 4 hektardır. Cərrahiyyə, terapiya, pediatriya, fizioterapiya, funksional diaqnostika, poliklinika, hemodializ şöbələri olan xəstəxanada şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, təcili tibbi yardım və digər şöbələr də fəaliyyət göstərir.

Xəstəxananın kollektivi ilə görüşdə çıxış edən ölkə rəhbəri bildirib ki, son 16 ildə Azərbaycanın ancaq bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 mərkəzi rayon xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir: "Beləliklə, ancaq bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Əlbəttə ki, bu tibb ocaqları insanların sağlamlığına xidmət göstərir. Bakı şəhərində də bir çox xəstəxanaların tikintisi, təmiri artıq yekunlaşıb. Bütövlükdə, son 16 ildə ölkəmizdə 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub.

İ.Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə də tanış olub.

Həmin gün Prezident Şəmkir rayonuna gələrək, bir sıra yeni obyektlərin açılışında iştirak edib. Bu obyektlərdən biri ümumi uzunluğu 15 kilometr olan Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yoludur. Yol 2018-ci ilin investisiya xərclərindən ayrılmış vəsait hesabına inşa olunub. Yolun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirməklə yanaşı, sakinlərin respublika əhəmiyyətli Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna çıxışını təmin edir.

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi də istifadəyə verilib. Qeyd edək ki, 2014-cü ildə istismara verilən və ümumi tutumu 164 milyon kubmetr olan Şəmkirçay su anbarında toplanan suyun içməli su standartlarına uyğun olması, eyni zamanda, təbii durulmadan keçməsi nəzərə alınaraq anbardan həm də içməli su mənbəyi kimi istifadəyə qərar verilib. Anbarın relyef baxımından Gəncə, Şəmkir, Samux şəhərlərindən yüksəklikdə yerləşməsi yaşayış məntəqələrinin özüaxımlı rejimdə dayanıqlı su təchizatına imkan yaradır. Bütün bunlar nəzərə alınaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sifarişi ilə su anbarının yaxınlığında məhsuldarlığı gündə 140 min kubmetr və ya saniyədə 1,6 kubmetr olan sutəmizləyici qurğular kompleksi inşa edilib. Sutka ərzində qurğuda emal olunacaq 140 min kubmetr suyun 100 min kubmetri Gəncə, 16 min kubmetri Şəmkir, 8 min kubmetri Samux şəhərinin, qalan hissəsi isə magistral kəmərlərin marşrutu boyu yerləşən kəndlərin tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə, kompleksin imkanlarından istifadə olunmaqla perspektivdə 450 mindən artıq insan keyfiyyətli və fasiləsiz içməli su ilə təmin ediləcək.

Qeyd olunub ki, Şəmkirdə su layihələri tam başa çatıb, ilin sonunadək kanalizasiya xətlərinin inşası da yekunlaşacaq. Ağstafa, Göygöl və Goranboy, Tovuz şəhərləri də tamamilə layihələndirilib, Daşkəsən və Gədəbəydə şəbəkə işləri bitib, hazırda təmizləyici qurğuların inşası gedir.

Şəmkirdən sonra Qazağa gedən dövlət başçısı burada martın 3-də Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Uzunluğu 16 kilometr, iki hərəkət zolaqlı yolun tikintisi prezidentin ötən ilin aprelində imzaladığı sərəncama əsasən həyata keçirilib və onun inşası üçün investisiya xərclərindən 6,8 milyon manat vəsait ayrılıb.

Prezident həmçinin Qazaxda əhəng zavodunun açılışında da iştirak edib. “Mətanət A” şirkətinə məxsus “Azerlime” əhəng zavodu rayonun Daş Salahlı kəndində yerləşir. Zavodda əsasən yerli xammaldan istifadə olunacaq. Hazırlanan məhsulların 60 faizi daxili bazarın tələbatının ödənilməsi, 40 faizi isə ixracat üçün nəzərdə tutulur.

Rayon ictimaiyyətinin bir qrupu və zavodun kollektivi ilə görüşən prezident bildirib ki, hazırda ölkəmizdə sərmayə iqlimi çox müsbətdir: “Təsadüfi deyil ki, keçən il ölkə iqtisadiyyatına 13,5 milyard dollar sərmayə qoyulub. Bu il də bu proses davam etdirilir və sərmayənin böyük hissəsi yerli sərmayədir. Bu, onu göstərir ki, yerli şirkətlər artıq ayaqda möhkəm dayana bilir və dövlətin dəstəyi ilə bu işlər davam etdiriləcək”.

Azərbaycan iqtisadiyyatında şəffaflaşma istiqamətində görülən işlərdən danışan İ.Əliyev qeyd edib ki, müsbət tendensiyalar kölgə iqtisadiyyatına böyük zərbədir: “Baxmayaraq ki, bu ilin büdcəsi rekord həddə çatıb, Azərbaycan tarixində bu ölçüdə, bu böyüklükdə büdcə xərcləri olmayıb. Büdcə hazırlanarkən çox geniş təhlil işləri aparılıb ki, proqnozlar nədən ibarət olacaq. Proqnozlar keçən ilə görə artırılıb. Buna baxmayaraq, yanvar-fevral aylarında vergi orqanları büdcəyə proqnozdan əlavə 180, gömrük orqanları isə 70 milyon manat vəsait daxil ediblər. Bütövlükdə 250 milyon manat, cəmi iki ay ərzində. Nəyin hesabına? Şəffaflıq, dürüstlük, təmizlik və vergi bazasının genişləndirilməsi hesabına. Ona görə sahibkarlar da bu işlərə tam dəstək verərək, həm öz maliyyə imkanlarını genişləndirəcəklər, onlarda əlavə vəsait toplanacaq. Bu vəsaiti də, ilk növbədə, Azərbaycana yatırmaq lazımdır. Eyni zamanda bu müsbət tendensiyalar kölgə iqtisadiyyatına da böyük zərbədir. Kölgə iqtisadiyyatının həcmi kəskin daralır, daha da daralmalıdır və proqnozdan əlavə yığılan vəsait bunun bariz nümunəsidir. Qeyri-rəsmi məşğulluq olmamalıdır. Əminəm ki, sizin müəssisədə bu, yoxdur. Bütün işçilərlə əmək müqavilələri bağlanmalıdır. Yenə də bütün işçilərə üz tutub deyirəm ki, əgər hansısa sahibkar sizi qanunsuz işə cəlb etmək istəyirsə, buna razı olmayın. Çünki siz pensiya almayacaqsınız və icbari tibbi sığorta ilə təmin olunmayacaqsınız. İcbari tibbi sığorta isə bu ildən başlayaraq mərhələli şəkildə ölkəmizi tam əhatə edəcək. Ancaq qeyri-rəsmi işləyən hər bir vətəndaş bundan məhrum olacaq və gedib tibbi xidməti almaq üçün pul verməli olacaq. İcbari tibbi sığorta artıq pulvermə praktikasına da tamamilə son qoyacaq. Çünki əfsuslar olsun ki, bu gün bizim hələ də bu sahədə ciddi problemlərimiz var, pozuntular var. İcbari tibbi sığorta bunun qarşısını alacaq. Eyni zamanda qeyri-formal məşğulluğa qarşı da ciddi mübarizə üsulu olacaq”.

Prezidentin iştirakı ilə Qazax Rayon Mərkəzi Xəstəxanası və “Azərxalça” ASC-nin Qazax filialı da açılıb. Prezidentə verilən məlumata görə, Qazax Rayon Mərkəzi Xəstəxanasının binası 1969-cu ildə yataqxana kimi istifadəyə verilib və uzun illər təmir işlərinin aparılmaması səbəbindən bina yararsız vəziyyətə düşüb. Yeni xəstəxana binası üçün 2013-cü ildən başlayan tikinti işləri ötən ilin sentyabrında yekunlaşıb. Üç hektarlıq ərazidə 145 çarpayılıq müasir tibb müəssisəsi inşa olunub. Xaricdə istehsal olunan avadanlıqla təchiz edilən xəstəxana binasının ümumi sahəsi 22 min kvadratmetrdir. Burada doğum, terapiya, cərrahiyyə, uşaq xəstəlikləri, anesteziologiya-reanimasiya, poliklinika, şüa-diaqnostika, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxana binasında qəbul, laboratoriya, təcili tibbi yardım şöbələri və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə yanaşı, yoluxucu xəstəliklər korpusu, Gigiyena və Epidemiologiya Mərkəzi də fəaliyyət göstərəcək.

Ümumi sahəsi 1200 kvadratmetrdən çox olan "Azərxalça" ASC-nin Qazax filialının binasında 150 toxucu işləyəcək və onların hamısı yerli sakinlərdir. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 40-dan çox dəzgahda Azərbaycan xalçaları toxunacaq. Emalatxana zəruri xammal və ləvazimatlarla təmin edilib.

Martın 4-də Ağstafaya gedən Prezident burada"Azərxalça" ASC-nin Ağstafa filialının fəaliyyəti ilə də tanış olub.

Ağstafa rayonuna səfəri çərçivəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Mərasimdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Ali Baş Komandana raport verib. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.

Prezident dünən Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışı, 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilməsi, Ağstafa Aqrar Sənaye Kompleksinin və Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışı mərasimlərində də iştirak edib.

Dünən Tovuz rayonuna gedən dövlət başçısı burada “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ile ilgili görsel sonucu

Dünən Tovuz rayonuna gedən dövlət başçısı burada “Azərxalça” ASC-nin Tovuz filialının fəaliyyəti ilə tanış olub, Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin, Tarix-Diyarşünaslıq Muzeyinin və Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.