SON DƏQİQƏ
XalqXeber.Az » Aktual » İşğalçının Azərbaycana saxladığı tək seçim – hərb yolu

İşğalçının Azərbaycana saxladığı tək seçim – hərb yolu

Tarix:

17-02-2017, 09:29

/ 1 792 dəfə oxundu.
İşğalçının Azərbaycana saxladığı tək seçim – hərb yolu

İşğalçı Ermənistan indi də apreldə keçiriləcək parlament seçkiləri bəhanəsi ilə sülh danışıqlarından qaçır. Yəqin ki, seçkidən bir müddət sonra da “yeni hökumət formalaşır” bəhanəsi ilə Qarabağ danışıqlarını sabotaj etməyə davam edəcək. Çünki status-kvo ən çox İrəvana sərf edir.

Vasitəçi dövlətləri də, deyəsən, “nə sülh, nə də hərb” vəziyyəti qane edir. İşğal rejiminin sərf etmədiyi yeganə tərəf varsa, o da əlbəttə ki, ərazisinin 20%-i on illərdir erməni tapdağı altında olan Azərbaycandır. Ermənipərəst rusiyalı politoloq Vadim Dubnov isə Ermənistan mətbuatına müsahibəsində iddia edir ki, Azərbaycan Qarabağ müharibəsində münaqişəni dərinləşdirmək istəyən tək tərəfdir. Bəs başqa necə olsun?

“Çünki qüvvədə olan status-kvo yalnız Bakını qane etmir. Ona görə vəziyyəti gərginləşdirmək Azərbaycan üçün status-kvonu dəyişdirmək üçün yeganə çıxış yoludur”, - deyə rusiyalı siyasi şərhçi qeyd edib. Onun fikrincə, bütün proses iştirakçıları keçən ilin aprelindən sonra dəyişən yeni gerçəkliyi qəbul edərək güc toplamaqla məşğuldur.

“İlham Əliyev məsələyə ümumi baxışı və yanaşmanı dəyişdirməyə müvəffəq olub. Bu, Əliyevin aprel müharibəsində əldə etdiyi əsas uğurdur. İndi hamı başa düşür ki, ”aprel"in təkrarlanması, sadəcə olaraq, texniki məsələdir. Ola bilər ki, böyük savaş olmasın, lakin yeni “aprel” qorxusu hər kəsin başının üstündən asılı qalıb və bu da onların planına daxil deyil" - politoloq bildirib.

*****

Öz ərazilərinin işğalı ilə barışmaq niyyətində olmayan Azərbaycan təbii ki, işğal rejiminə son qoymaq üçün axırıncı və ən radikal yola - hərb variantına əl atmaq haqda düşünür. Ən azından Azərbaycanın bu hazırlıqları düşməni psixoloji cəhətcə daim gərginlikdə saxlayır, Ermənistandaxili durumu dayanıqsız edir. Düşmənin təmas xəttində vaxtaşırı verdiyi canlı itkilər də ən əvvəl bir siqnaldır ki, Azərbaycan əraziləri azad edilməyincə, işğalçı erməni hərbçiləri torpaqlarımızda heç vaxt özlərini təhlükəsiz hiss etməyəcəklər.

Belə görünür ki, erməni tərəfi, separatçılar özləri də müharibəni yaxınlaşdırır. Əks halda, Ermənistan fevralın 20-də işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı separatçı qurumda “konstitusiya islahatları” adı ilə saxta, hüquqa zidd referendum keçirməyə hazırlaşmazdı. Əksər təhlilçilər bu təxribatçı addımı bir daha İrəvanın sülh danışıqlarında maraqlı olmadığının bariz təsdiqi hesab edirlər.

“Ermənistanın birtərəfli qaydada Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə çalışması və ilhaq prosesinin sona çatıdırılmasına yönəlik addımlar atması sözsüz ki, bölgədə yeni müharibənin başlanması kimi qəbul edilə bilər”. Bunu separatçıların Dağlıq Qarabağda “konstitusiya islahatları” adı altında “referendum” keçirməsini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (axar.az).

Politoloq hesab edir ki, rəsmi Bakı dərhal bu məsələ ilə əlaqədar BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etməlidir: “Ermənistanın birtərəfli qaydada Azərbaycan torpaqlarının işğalını rəsmiləşdirməyə çalışması və anneksiya prosesinin sona çatıdırılmasına yönəlik addımlar atması sözsüz ki, bölgədə yeni müharibənin başlanması kimi qəbul edilə bilər. Guya danışıqlar prosesinin sürətləndirilməsinə cəhd edildiyi bir vaxtda indi də Dağlıq Qarabağda ”referendum"un keçirilməsi avantürası ortaya atılıb. Zənnimcə, bu, Rusiyanın planıdır. ABŞ açıq şəkildə bəyan etdi ki, Moskva Krımı Ukraynaya qaytarmayınca və Donetskdə əldə edilmiş Minsk sazişinin müddəalarını yerinə yetirməyincə, sanksiyalar dayandırılmayacaq. Trampla bağlı bütün ümidləri boşa çıxan Moskva hazırda xeyli çaşqındır".

Politoloqa görə, Amerikanın başının qarışıq olması, əsas diqqətin Şimali Koreya və Çinə yönəlməsi Rusiyanın əl-qolunu açıb: “Moskvaya indi yeni bir avantüra lazımdır. Rusiya bunu Cənubi Qafqazda həyata keçirməyə çalışır”.

Nalbəndyanın Moskva səfərinə gəlincə, politoloq hesab edir ki, erməni nazir məhz bu məsələni dəqiqləşdirmək üçün Rusiyaya gedib: “Çox yaxşı bilirlər ki, Azərbaycan belə bir ”referendum"la heç cür barışmayacaq. Bu, bölgədə açıq hərbi qarşıdurmanın yaranmasına gətirib çıxaracaq. Bilərəkdən böyük müharibənin başlanmasına rəvac verirlər. Görünür, bu məsələdə İrəvan Moskvanın əlaltısı rolunda çıxış edir".

*****

Hərbi ekspertlər də yaranmış vəziyyətin fərqindədirlər və Azərbaycanın işğalçıya hərbi zərbə endirmək üçün həm hüquqi əsasa, həm də praktik imkanlara malik olduğunu bildirirlər.

“Ermənistanın işğal etdiyi ərazilərimizdə Azərbaycan ordusunun düşmənə ciddi zərbə vuraraq, onu ağır itkilərə məruz qoyması beynəlxalq hüquq nöqteyi-nəzərindən tamamilə qanunauyğundur”. Bu fikri hərbi ekspert, ehtiyatda olan polkovnik İlqar Əliyev deyib.

O, indiyədək Ermənistandan başqa heç bir dövlətin Azərbaycanın ərazi bütövlüyünü inkar etmədiyinə diqqət çəkib: “BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq qurumların qərar və qətnamələrində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması açıq və qəti şəkildə qeyd edilib. Həmin sənədlərdə Ermənistan təcavüzkar ölkə kimi tanınıb və işğal altındakı ərazilərimizi dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunub. Ona görə də Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə ağır itkilər verməsi məntiqi sual doğurur: axı Ermənistanın başıbəlalı əsgər və zabitlərinin başqasının torpağında nə işi var və onlar nə üçün burada ölürlər?”

Ekspert vurğulayıb ki, beynəlxalq hüququn norma və prinsiplərinə əsasən, ermənilərin bu ərazilərdəki bütün hərbi strukturları qanunsuz birləşmələr hesab olunur. “O zaman daha bir sual yaranır: quldur dəstələrin tərkibində erməni əsgərlərinin nə işi var və niyə onlar burada hədər yerə məhv olurlar. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin ərazi bütövlüyünə qəsd edən təcavüzkarı məhv etmək hüququna və qüdrətinə malikdir. Bu işdə heç kimin Azərbaycanı günahlandırmağa ixtiyarı yoxdur. Çünki bu qanunlar bütün ölkələrin konstitusiyalarında və digər hüquqi sənədlərində əksini tapıb”, - deyə o bildirib.
*****
Bu arada ABŞ ermənilərinin qurumu olan Amerikanın Erməni Milli Komitəsi növbəti dəfə absurd bəyanatla çıxış edərək, ABŞ Dövlət Departamentinə müraciət ediblər. Musavat.com-un məlumatına görə, müraciətdə onlar Vaşinqtondan İsrailin Azərbaycana “Dəmir günbəz” müasir raketdən müdafiə sistemi verməsini əngəlləməyi xahiş edirlər. “Azərbaycana ”Dəmir günbəz"in satılması sülh prosesinə və bu yöndə ATƏT-in, ABŞ-ın səylərinə zərbə vuracaq. Bu isə regionda sabitliyin pozulmasına gətirə bilər", - deyə qurumun sədri Aram Abramyan iddia edib.

Azərbaycanın silahlanması sarıdan düşmənin təlaşı haqlı təlaşdır. Ancaq işğalçıların bu təlaşdan qurtulması üçün Amerikaya müraciət etməyin nə faydası? Bunun yeganə yolu - Qarabağ məsələsində konstruktiv mövqe tutmaqla ədalətli sülhü yaxınlaşdırmaq, işğal altındakı əraziləri qısa zamanda boşlatmaq ola bilər. Hələlik isə bunun əksini görürük: sülhdən imtina edən işğalçı Azərbaycana tək bir seçim saxlayıb - hərb yolu.

Şərhlər

XƏBƏR LENTİ