XalqXəbər.Az

www.XALQXEBER.az » Siyasət » "Ermənistan yaratdığı çıxılmaz vəziyyətin qurbanına çevrilib” - GƏLİŞMƏ

"Ermənistan yaratdığı çıxılmaz vəziyyətin qurbanına çevrilib” - GƏLİŞMƏ

"Ermənistan yaratdığı çıxılmaz vəziyyətin qurbanına çevrilib” - GƏLİŞMƏ
6-11-2020, 11:56

Məlum olduğu kimi, bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirildi. Görüşün əsas mövzusu Qarabağda gedən əməliyyatlar olsa da, görüşdən sonra demək olar ki, yetərli bəyanatlar səslənmədi. Yalnız ABŞ tərəfinin sülhməramlılar və Türkiyənin proseslərdə iştirakı ilə bağlı təklifləri suallara səbəb oldu.

Belə ki, Minsk Qrupunun amerikalı həmsədri Qarabağa Finlandiya, İsveç və Norveçin sülhməramlı kimi yerləşdirilməsini təklif etdi. O, həmçinin, Türkiyənin proseslərdə iştirakının məqbul olmadığını da bildirdi. Və siyasi müşahidəçiləri bu fikri, əslində, ABŞ-ın Skandinaviya ölkələri vasitəsilə regionda öz təsirini gücləndirməyə cəhdi kimi dəyərləndirdilər.

Mövzunu AYNA-ya şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, keçirilən görüşlər Azərbaycanın yox, Ermənistanın marağındadır: “Cenevrə görüşü ermənilərin təkidi və üçüncü tərəflərin fəallığı ilə baş tutmuşdu. Çünki cəbhədəki vəziyyət çox gərgindir və proseslər Azərbaycanın xeyrinə dəyişir. Bu baxımdan da Ermənistan hər vəchlə taym-aut əldə etməyə çalışır. Məsələn, hər atəşkəs Ermənistana havadarlıq edən ölkələrin səyləri nəticəsində elan edilib. Çünki Ermənistanın xaricdə olan qüvvələri ciddi cəhdlə çalşırlar ki, bütün mexanizmləri işə salınsın və Azərbaycana təzyiqlər göstərilməsinə nail olsunlar. Təzyiqlərə də ona görə çalışırlar ki, Azərbaycan haqlı mövqeyindən əl çəksin. Yəni, Ermənistanın qayəsi və məqsədi bəllidir. Təbii ki, biz də onların məqsəd və niyyətlərinə aldanmırıq”.

Politoloq regionda yeni siyasi və hərbi reallığın formalaşdığını deyib: “ABŞ və Ermənistana havadarlıq edən bütün ölkələr çalışır ki, proseslərdə hansısa dəyişikliklərə imza atsınlar. Bu baxımdan da hər dəfə Türkiyənin adını hallandırırlar. Türkiyə isə əslində beynəlxalq hüquq normalarının tərəfində dayanıb. Türkiyə Azərbaycana mənəvi dəstək verir, amma bizim yerimizə vuruşmur. Ona görə də ermənilərin yalan və böhtanları nəticəsində həmin ölkələr çalışır ki, Azərbaycana təsir göstərsinlər. Amma biz görürük ki, bu təsirin heç bir gücü yoxdur. Çünki artıq bıçaq sümüyə dirənib və Ermənistan özü üçün yaratdığı çıxılmaz vəziyyətin qurbanına çevrilib. Nəhayət, Ermənistan çalışır ki, dünya birliyinin dəstəyi ilə, heç olmasa, vəziyyəti öz xeyrinə dəyişsin. Amma bu, alınan iş deyil”.

“Çünki Azərbaycan dəfələrlə onları sülhə dəvət edib danışıqlar təklif edirdi ki, proseslərdə qarşılıqlı anlaşma olsun və qan tökülməsin. Lakin Ermənistan buna məhəl qoymadı. Ona görə də indi səyləri boşa çıxır. Artıq Ermənistan bütün mövqelərini itirir və bu günə qədər əldə etdiyi təşəbbüslərini əldən verir. Azərbaycan da proseslərdə siyasi baxımdan böyük üstünlük əldə edir. Amma üstünlüyün əldən olunmasına baxmayaraq, Ermənistan pozucu fəaliyyətini davam etdirir. Ona görə də onların təxribatları sentyabrın 27-də Azərbaycanın əks-hücumuna səbəb oldu”, - Abbasov bildirib.

O, Azərbaycanın status-kvonu dəyişməsinə də toxunub: “Biz artıq reallığın aliliyini görürük. Yəni, gücün varsa, söz sahibisən, gücün yoxdursa, əksinədir. Ermənistan da uzun illər özünün üstün olmasını diqtə edir, təkəbbürlə davranırdı. Prosesin açarlarının onların əlində olduğunu deyirdilər. Amma indi görürük ki, vəziyyət tamamilə dəyişib. Yəni, Azərbaycan status-kvonu dəyişdi, Ermənistan zəif bəndə çevrildi. Ona görə işğalçı ölkə çalışır ki, üçüncü qüvvələrin gücündən istifadə eləsin. Amma bu alınmayacaq. Ona görə də vəziyyəti elə tərzdə dəyişmək lazımdır ki, Ermənistan sui-istifadə cəhdlərindən əl çəksin. Bunun da yeganə yolu Ermənistanı yerində oturtmaqdan keçir”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.