SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zamanın tələbi olan yeni Qanun

Zamanın tələbi olan yeni Qanun

Tarix:

17-01-2023, 18:00

/ 323 dəfə oxundu.
Zamanın tələbi olan yeni Qanun

 
Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar həyatın bütün sahələrində özünü açıq şəkildə büruzə verir. Bu mənzərə bütün fəaliyyət sahələrində, o cümlədən dövlət idarəçiliyinə aid olan fəaliyyət sahələrində, həmçinin müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq indiki Azərbaycan 30 il əvvəlki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Ona görə də əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zərurəti yaranıb. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi. Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasınin Qanunu 30 il bundan əvvəl – 1992-ci il iyunun 3-də qəbul edilmişdi. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən iazımi addımların atılmasını zəruri etmişdir. Buna görə də Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etməsi zərurəti yarandı.
16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisin iclasında “Siyasi partiyalar haqqında” yeni Qanun qəbul edilmişdir. Böyük ictimai əhəmiyyət daşıyan yeni qanunun qəbul edilməsinə həssas yanaşılıb. Bu qanunun layihəsi üzərində iş aparılarkən, əlaqədar ekspert komissiyası yaradılmış, komissiya tərəfindən 20 ölkənin bu sahədəki təcrübəsi öyrənilmişdir. Bununla yanaşı, ölkəmizdəki siyasi partiyalar tərəfindən daxil olan təkliflərə də diqqət yetirilmişdir. Milli Məclisin qanunla bağlı siyasi partiyalara müraciətindən sonra 47 siyasi partiyadan 250-dən çox təklif daxil olmuşdur.
Siyasi partiyalar siyasi sistemin əsas güzgüsüdür.  “Siyasi partiyalar haqqında” yeni Qanun Azərbaycanda siyasi partiyalarla münasibəti tənzimləyən, iqtidar-müxalifət dialoqunu yeni müstəviyə daşıyan hüquqi-normativ aktın bazasını daha da gücləndirdi. Yeni qanun siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq. 
“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsi zamanın tələbi idi. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat var. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət və yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir.
Yeni qanuna görə Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Yeni qanunun daha bir demokratik xüsusiyyəti də odur ki, siyasi partiyanın dövlət qeydiyyatı, fəaliyyətinin dayandırılması və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılır.
Siyasi partiyalar müstəqilliyə təzəcə qədəm qoymuş dövlətlərin formalaşmasında, inkişafında  mühüm rol oynayan qurumlardır. Güclü strukturları, mərkəzi aparatı, kadr bazası, maliyyə imkanları olmayan siyasi partiyaların öhdəsinə düşən vəzifələrin icrasını təmin etməsi mümkünsüzdür. Məhz bu səbəbdən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev son illər respublikada fəaliyyət göstərən siyasi təşkilatların güclənməsinə xidmət edən ardıcıl addımlar atır. Prezident Administrasiyasında siyasi partiyalarla iş şöbəsinin yaradılması, siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsi, onların qərargahlarla təmin olunması, Milli Məclisin və onun komitə- lərinin rəhbərliyində müxalif siyasi partiya nümayəndələrinin təmsil- çiliyi bu istiqamətdə atılan mühüm  addımlardandır. Bu  baxımdan, ”Siyasi partiyalar haqqında” qanun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların inkişafına töhfə verəcəyi şübhəsizdir. Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaq və yaxın zamanlarda bir neçə güclü partiyaların ortaya çıxmasına imkan verəcəkdir.
 
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası
 
 

Şərhlər

XƏBƏR LENTİ