SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

Tarix:

27-03-2023, 17:13

/ 500 dəfə oxundu.
İqtidar siyasi dialoq prinsiplərinə sadiqdir

 
Demokratik cəmiyyətlərdə məsələlərə fərqli baxış, fərqli yanaşma və fərqli dəyərləndirmə siyasi qütblər arasında gedən mübarizənin əsas atributlarıdır. Fərqli mövqelər arasında ziddiyyətlərin mövcudluğu da təbii hesab olunur və bu ziddiyyətlərin aradan qaldırılması tarixi təcrübə əsasında formalaşmış siyasi dialoq vasitəsilə həyata keçirilir.
Bir ölkə çərçivəsində bütün siyasi partiyaların siyasi dialoq vasitəsilə bu və ya digər məsələdə konsensus əldə edə bilməsi həmin partiyaların fəaliyyətdə olduğu dövlətin özünü gücləndirən, onun rəqabət qabiliyyətini artıran mühüm bir zərurətə çevrilir. Bunun əyani təsdiqi üçün Azərbaycanın siyasi həyatından ən yeni bir nümunəni xatırlatmaq istərdim. 2-ci Qarabağ müharibəsi ərəfəsində ölkədə formalaşmış pozitiv siyasi dialoq mühitində müxtəlif yönümlü siyasi qüvvələr arasında konsensusun əldə edilməsi 44 günlük müharibədə şanlı qələbəmizi şərtləndirən əsas amillərdən biri oldu.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çoxpartiyalı siyasi sistemə əsaslanan dövlət quruculuğuna başlayıb. Hazırda ölkədə 50-dən çox siyasi partiya, 4000-dən çox GHT və İctimai Birliklər fəaliyyət göstərir. Bəzi partiya rəhbərlərinin düşündüyü kimi, ölkədə siyasi mühitin üzvləri təkcə siyasi partiyalar deyil.  GHT-lər və İctimai Birliklər də öz növbəsində siyasi fəaliyyətin iştirakçılarıdır və onların da bir çox məsələlərdə fərqli mövqeləri və baxışları var. Bir qayda olaraq GHT və İB-lər dialoqa daha meylli qurumlar kimi tanınır və ona görə də bu qurumların fəaliyyəti dialoq mühitinin formalaşmasında pozitiv komponent kimi qiymətləndirilməlidir.
Hazırda Azərbaycanda belə geniş dairəni əhatə edən siyasi dialoq mühitinin formalaşması prosesi gedir və son zamanlar müəyyən uğurların əldə olunması da faktdır. Ölkə Başçısı tərəfindən dövlət quruculuğu sahəsində aparılan davamlı islahatlar, o cümlədən son illərdə Prezident Administrasiyasında yaradılmış siyasi partiyalarla və qanunvericilik orqanları ilə münasibətləri tənzimləyən şöbənin uğurlu fəaliyyəti siyasi dialoq mühitinin inkişafına dinamizm gətirib və  ictimai-sosial mühitdə pozitiv dəyişikliklərə təkan verib.
2020-ci ilin martın 10-da 6-cı çağırış Milli Məclisin açılış iclasında çıxış edərkən Prezident İlham Əliyev bildirmişdi ki, “…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır, ... siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz... Hesab edirəm ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq.”
Beləki, ölkə rəhbəri bütün siyasi qüvvələri açıq və demokratik rəqabətə çağırıb. “Siyasi partiyalar haqqında” yeni Qanun siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərinin balansına xidmət edir.
 
Aysel Mənsimova - politoloq
 

Şərhlər

XƏBƏR LENTİ