XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Dövlətimiz sosialyönümlü siyasətə sadiqdir – Ülvi Quliyev

Dövlətimiz sosialyönümlü siyasətə sadiqdir – Ülvi Quliyev

Dövlətimiz sosialyönümlü siyasətə sadiqdir – Ülvi Quliyev
25-07-2020, 12:15

Beynəlxalq maliyyə qurumlarının verdikləri proqnoza görə koronavirus pandemiyasının nəticəsi olaraq dünya iqtisadiyyatı dərin böhranla üz-üzədir. Faktiki müharibə yaşayan, mütəmadi olaraq Ermənistanın hərbi-siyasi təxribatlarına məruz qalan ölkəmiz qlobal pandemiyanın doğurduğu çətinliklərdən də daha çox sınaqlarla mübarizə aparmaq məcburiyyətindədir. Əgər bura Ermənistanın işğalı nəticəsində milyona yaxın qaçqın və məcburi köçkün həmvətənlilərimizin sosial və iqtisadi problemlərini, məişət qayğılarını əlavə etsək, həll edilməli olan problemlərin mürəkkəbliyi daha çox üzə çıxmış olur”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Ülvi Quliyev deyib:

“Nəzərə alsaq ki, iqtisadiyyatımızda ağırlıq yükü neft-qaz sektorunun üzərinə düşür, neftin qiyməti isə kəskin ucuzlaşıb, onda bütün çətinliklərə baxmayaraq, həllini tapan bu problemlərin hansı siyasi iradə hesabına ərsəyə gəldiyini anlamaq çətin deyil. Bütün çətinliklərə baxmayaraq, birinci Qarabağ savaşında, sonrakı erməni təxribatları nəticəsində şəhid və qazi olmuş vətəndaşlarımızın problemlərinin həlli xüsusi olaraq diqqət mərkəzində saxlanılır”.

Millət vəkili qeyd edib ki, iyulun 22-də Xətai rayonunda Prezident cənab İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə mənzil və avtomobillərin təqdim olunması tədbirində səsləndirilən rəqəmlərin arxasında hansı siyasi iradənin dayandığı və dövlət qayğısının səviyyəsi özünü bir daha göstərmiş oldu. Son illər ərzində, 8 mindən çox şəhid ailəsi, müharibə əlilinin dövlət tərəfindən mənzillərlə təmin edilməsini, 7 minə yaxın avtomobil hədiyyə olunmasını vurğulayan millət vəkili bildirib ki, təkcə bu il əlavə olaraq1500 şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin ediləcək.

Ü.Quliyevin sözlərinə əsasən, dünyanın 150 ölkəsi pandemiya dövründə daxili problemlərinin həlli üçün kömək məqsədilə beynəlxalq maliyyə qurumlarına müraciət edib: “Neftin bir neçə dəfə ucuzlaşmasına və gəlirlərimizin aşağı düşməsinə baxmayaraq, Azərbaycan bu sırada yoxdur. Əksinə, bu çətin dönəmdə şəhid ailələri üçün nəzərdə tutulan müavinətlər 20%, köçkünlər üçün isə 50-100% arasında artırılıb. Bütün bunlar yalnız daxili imkanlar hesabına edilib”.

Dövlətimizin sosial yönümlü tədbirlərinin bununla bitmədiyini qeyd edən parlamentari bildirib ki, bu il pensiyalar orta hesabla 27%, orta əməkhaqqı 25% artırılıb.
“Əlavə olaraq 90 min nəfər ödənişli ictimai iş yerləri ilə təmin ediləcək. Heç şübhəsiz ki, bütün bu iqtisadi imkanların, dövlətin sosialyönümlü siyasətinin təməlində Heydər Əliyev neft strategiyasının uğurlu icrası dayanır. Cənab Prezident həmin görüşdəki çıxışında xüsusi qeyd etdi ki, pandemiyanın yaratdığı çətinliklərə, düşmənin təxirbatlarına baxmayaraq, heç bir sosial layihənin icrası təxirə salınmayacaq. Bütün bunları görməmək, qiymətləndirməmək, yumuşaq desək, ədalətsizlikdir. Düşünürəm ki, dövlət və vətəndaş birliyinin təməlində həm də bu qayğıya sayğı dayanır”, - deyə millət vəkili bildirib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.