SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar... - İTTİHAM

Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar... - İTTİHAM

Tarix:

27-12-2017, 09:49

/ 1 554 dəfə oxundu.
Fazil Məmmədovun "Antiterror Mərkəzi"nin sahibkarlara tikdiyi "ibtidai torba"lar... - İTTİHAM

Fazil Məmmədov yatsa yuxusuna da gəlməzdi ki, günlərin bir günü mətbuat ulduzuna çevriləcək, qələm əhli vəzifədən qovulmuş keçmiş nazirin qabırğasına, vergiödəyiciləri qarasına döşəyəcək. Əlbəttə, bir zamanlar da Fazil Məmmədov mətbuat ulduzu idi. Amma aşsüzənə çevirdiyi Vergi Məcəllləsində edilən əndrabadi dəyişikliklərə, struktur islahatları adı altında Vergilər Nazirliyi aparatını ildə bir dəfə domino daşı kimi qarışdırıb yenidən düzdüyünə, sayına görə "Ginnesin Rekordlar Kitabı"na iddia edəcək müşavirlik institutu yaratdığına görə mətbuat vaxtaşırı ondan bəhs edirdi. İndi isə hamı Fazil Məmmədovun şakərindən, komandasının yarpaq tökümündəın bəhs edir, bir neçə günün içərisində barəsində bir kitablıq lətifə düzülüb-qoşulub...
Amma təbii ki, dekabrın 21-də Moderator.az-da “Əlibaba və 40 quldur nağılının 21-ci əsr versiyası” başlıqlı məqalədə iddia edildiyi kimi indi müşahidə etdiyimiz “yarpaq tökümü” hələ ilkin mərhələdədir və biz irəlidə nəinki Fazil Məmmədovun əkdiyi“vergi” adlı o qorxunc ağacın yarpaqlarının töküldüyünü, hətta budandığının da şahidi olacağıq. Niyəsini aşağı-yuxarı hamı bilir, vergi ödəyən də, ödəməyən də. Çünki bu ölkədə bir çox vergiyığan son zamanlar gerçəkdən Eldar Mahmudovun MTN Antitetrror Mərkəzindəki başkəsənlərdən heç nə ilə fərqlənmirdi. Məhz bu reketsayağı davranışların ucbatından ölkədəki sahibkarlılq mühiti elə bir acınacaqlı hala gətirilib çıxarıldı ki, soyulan, başına min oyun açılan iş adamlarının fəryadı gedib dövlət başçısına çıxdı və müşavirələrin birində prezident İlham Əliyev açıq mətnlə Vergilər Nazirliyi rəhbərliyini korrupsiya cinayətlərində ittiham edərək onların əməllərinin vətənə xəyanətlə bərabər tutulduğunu bildirdi. Amma ən ali səviyyədə xəbərdarlığa baxmayaraq vergi dəyirmanı öz işində idi və arada çox günahsız başlar getdi, çox evlər yıxıldı, çox iş adamı talanaraq çeşidli vergi cinayətlərində ittiham edildi...
Yeri gəlmişkən, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti adlı vahim bir qurum var. Adı ibtidai araşdırılma olsa da zaman-zaman burada minlərlə iş adamlarının başına ibtidaidən tutmuş aliyədək elə oyun açılıb ki, səs-sorağı ölkəyə yayılıb. Həmin quruma da rəsmi-qeyri-rəsmi rəhbərlik edənlər də Fazil Məmmədovun qohum-qəbiləsi olub. İndi “Titanik”in batdığını görüb onun komandası yavaş-yavaş batmaqda olan gəmidən “asta qaçan namərddi” məntiqiylə sivişib aradan çıxmaq istəyir. Amma iş adamlarının ahı yerdə qalmayacaq və çox böyük ehtimalla yaxın zamanlarda minlərlə sahibkar Vergilər Nazirliyinin rəhbər şəxsləri haqqında prokurorluq orqanlarında zərərçəkmiş kimi tanınacaq, Fazil Məmmədov və onun “40 quldur”u taladıqları milyardların hesabını verəcəklər. Bunu bizə daxil olan informasiyalara əsaslanaraq əminliklə iddia edə bilərik...
Biz ötən yazımızda qeyd etmişdik ki, Fazil Məmmədovun komandası dedikdə ilk öncə gözlərimiz önündə keçmiş nazirin ən yaxın adamları olan Habil Məmmədovun və İlqar Əhmədovun məsum baxışları canlanır. Çünki məhz bu iki şəxs digərlərindən fərqli olaraq sahibkarlarla birbaşa təmasda olublar və onları ibtidaidən aliyədək əməlli-başlı incitməyi bacarıblar. Yeri gəlmişkən, həmin yazı ictimaiyyətə təqdim olunduqdan sonra Moderator.az-a bir neçə sahibkardan müxtəlif siqnallar gəlməyə başlayıb və xüsusən də İlqar Əhmədovun çoxşaxəli vergi macəraları haqqında ilginc informasiyalar daxil olub. Həmin şəxslər israrımıza baxmayaraq hələ suların qismən durulmasını və Fazil Məmmədovun komandası haqqında hüquqi müstəvidə araşdırma başlanılacağı günü səbrsizliklə gözlədiklərini, yalnız kələfin ucu çözülməyə başlandıqdan sonra irəli duracaqlarını bildirblər. Onlar sahibkarların necə dolaşdırıldığını, bank hesablarına necə həbs qoyulduğunu, şantaj edilərək var-yoxlarının əllərindən alındığını danışıblar və əllərində tutarlı faktların olduğunu deyiblər. Onların iddiasına görə əvvəllər də vergi orqanları ilə çeşidli problemlər yaşayıblar, amma müxtəlif yollarla vergiyığıanlarla "dil tapmaq" mümkün olurmuş. Son iki devalvasiya isə vergi müfəttişlərinin üzünü elə döndərib ki, onlar keçmiş "salam-əleyk"i unudaraq heç bir halda kompromisə getməyiblər və əksinə, dövlətə veriləcək vergidən xeyli artıq vergini tələb ediblər, bəzi məqamlarda isə nəinki tələb ediblər, zorla onların əlindən alıblar. Xəracyığanlar bu zaman məhz özlərinə yaxın olan bankların xidmətindən yararlanlıblar və məhz Fazil Məmmədovun nəzarətində olan “Atabank” bütün bu “dolanbac vergidaxilolmaları”na “ata”lıq edib. "Günaybank" və "Muğanbank" da bu zaman xeyli canfəşanlıq edərək nəinki kitabı bağlanan digər bankların aqibətini yaşamaqdan qurtulublar, hətta xeyli qabağa düşməyi bacarıblar. Sahibkarlar and-aman edir ki, ölkədəki sahibkarlıq mühitinə sarsıdıcı zərbə vuran “30 min manatlıq” nağdlaşdırma limiti, yəni bankdan bir dəfəyə 30 min manatdan artıq vəsaitin çıxarılmasına Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Vergilər Nazirliyinin birgə ideyası olan qadağaının tətbiq edilməsinə baxmayaraq məhz keçmiş nazirin sevimli müşavirlərindən olan İlqar Əhmədov kimi Fazil Məmmədova yaxın olan bir çox səlahiyyət sahibinin göstərişi nəticəsində istədikləri zaman istənilən məbləğdə vəsaiti nağdlaşdıraraq özününkiləşdiriblər. Daha doğrusu, bu zaman onlar sahibkarlığın qəbirqazanı olan inhisarçılıq kartını işə salaraq özlərinə yaxın olan şirkətlər üçün bank qapılarını taybatay açdıqları halda digər şirkətləri 30 min manatlıq limitdə boğublar.
Yeri gəlmişkən, həmin 30 minlik məhdudiyyətin sahibkarlığa ciddi zərər verdiyini Milli Məclisdə deputatlar açıq şəkildə dilə gətirmişdilər və spiker Oqtay Əsədov da iclasda iştirak edən Rüfət Aslanlını buna görə məzəmmət edərək məsələyə yenidən baxılmasını təklif etmişdi. Amma o göstəriş qulaqardına vuruldu, nəticədə vəziyyət dözülməz həddə gəlib çatdı.
Baş verənlər onu iddia etməyə əsas verir ki, təhsil naziri kürsüsündəki 4 illik fəaliyyəti dönəmində ölkədə islahatçı və rüşəvətə bulaşmamış nazir imici qazanmış Mikayıl Cabbarov yola salmaqda olduğumuz 2017-ci ildə kimsənin bayram ovqatını təlx etmək istəməsə də yeni ilin ilk ayından fazil Məmmədovun nazirlıikdəki şəbəkəsini darmadağın edəcək, bundan sonra isə sahibkarlara divan tutulmasının təşkilatçılarını da, icraçılarını da məhşər ayağıan çəkəcək. Bu zaman ölkə baş verənlərin miqyasını görmüş olacaq. Əgər sahibkarla qarşı gerçək səlib yürüşü təşkil etmiş səlahiyyət sahibləri haqq etdikləri cəzaları almasalar, vergi orqanlarının itirilmiş imicini yaxın gələcəkdə bərpa etmək mümkünsüz olacaq...

Mövzunu diqqətdə saxlayacağıq və növbəti yazılarımızda oxucuları əldə etdiyimiz maraqlı faktlarla tanış edəcəyik...

moderator.az

Şərhlər

XƏBƏR LENTİ