XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Space"in "HİNDİSTAN DÖVRÜ" bitdimi? - GƏLİŞMƏ

"Space"in "HİNDİSTAN DÖVRÜ" bitdimi? - GƏLİŞMƏ

"Space"in "HİNDİSTAN DÖVRÜ" bitdimi? - GƏLİŞMƏ
9-02-2021, 12:18

Telekanala korifey sənətkarımız Rəşid Behbudovun kürəkəni Kamil Şahverdiyevin rəhbər gətirildiyi xəbəri yayılıb; Qulu Məhərrəmli: “Ümumiyyətlə, efir məkanında pis praktika tətbiq olundu, kinorejissorlar telekanallara rəhbər təyin olundu, heç biri özünü doğrultmadı”

Vaqif Mustafayevin “Space” telekanalının rəhbəri vəzifəsindən gedişindən sonra yerinə təyinat hələ ki rəsmiləşməyib.

“Yeni Müsavat” xəbər verir ki, telekanala rəhbər gələcək şəxslər arasında bir neçə namizədin adları çəkilsə də, rəsmi təsdiq yoxdur.

Mediada və sosial şəbəkələrdə yayılan informasiyalarda iddia olunur ki, “Space”in başına korifey sənətkar Rəşid Behbudovun kürəkəni, eləcə də əfsanəvi müğənninin adını daşıyan fondun direktoru Kamil Şahverdiyev gətirilib.

Lakin telekanaldan bu barədə hər hansı açıqlama olmayıb. Bu xəbərlərlə bağlı həm V.Mustafayevlə, həm K.Şahverdiyevlə əlaqə saxlamaq cəhdlərimiz baş tutmayıb.

Eyni zamanda bəzi KİV-lərdə əməkdar artist Tahir İmanovun rəhbər gətiriləcəyi bildirilir. Aktyor özü isə belə cavab verib: “Bu söhbətlərlə bağlı danışmaq istəmirəm. Sənət və fəaliyyətim haqqında sullara cavab verməyə hazıram. Belə mövzularla ucuzluğa getməyək”.

Telekanalın təsisçisi Sevil Əliyeva isə V.Mustafayevin onun tərəfindən vəzifəsindən azad edildiyini söyləyib: “Məsələ ondadır ki, ”Space"in fəaliyyəti ciddi narahatlıq yaradırdı. Mən əsasən xaricdə yaşayıram və onun verilişlərini yalnız Bakıya gələndə izləyirəm. Lakin etiraf etməliyəm ki, KİV-lərdəki çoxsaylı narazılıqlar, sərt tənqidlər tamamilə əsaslıdır. Son zamanlar telekanalın, onun verilişlərinin səviyyəsi qəbuledilməz dərəcədə aşağı idi..."

S.Əliyeva deyib ki, telekanalı yaradarkən onu belə təsəvvür etmirdi: “Mən onu yaradanda bu cür görmürdüm. Bütün bunlar məcbur etdi ki, Vaqif Mustafayevin ”Space"in rəhbəri vəzifəsindən azad olunmasına dair qərar verilsin".

Bəs bundan sonra “Space”də nə kimi dəyişikliklər ola bilər? Media mütəxəssisləri telekanalı necə təsəvvür edir? Hansı yeniliklərə zərurət var?

Professor, teletənqidçi Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, telekanaldakı rəhbər dəyişikliyi barədə çox illüziya qurmağa zərurət yoxdur.

“Çünki bu telekanalı son illərdə düşdüyü quyudan çıxarmaq çətin olacaq. ”Space"in Azərbaycan televiziya tarixində müəyyən rolu olub. Xüsusən İradə Bağırovanın rəhbərliyi dönəmində ciddi proyektlər olub. Orada müəyyən verilişlər, cəmiyyətə açıq mesajlar verilirdi, publisistik proqramlar hazırlanırdı. Eləcə də Etibar Babayevin vaxtında “Space” ciddi mərhələyə qaldırıldı..

İstər mövzu, istər format baxımdan, istər parlaq jurnalistlərin orada olması, xəbərlərin çatdırılması, gecə proqramlarının hazırlanması bir çox yeni səhifələr aça bildi", - deyə veteran telejurnalist qeyd etdi.

Q.Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə, Azərbaycanın efir məkanında müəyyən dönəmdə çox pis praktika tətbiq olundu, kinorejissorlar telekanallara rəhbər təyin olunmağa başlandı:

“Onların heç biri telekanallarda özünü doğrultmadı, eləcə də ”Space"də... Vaqif Mustafayev istedadlı rejissordur, televiziyanı bilən, sadəcə, onun sosial mahiyyətini qavramayan telekanal rəhbəri idi. Onun dövründə verilişlərin keyfiyyəti aşağı idi".

Media eksperti ümid edir ki, müəyyən müsbət yeniliklər olacaq: “Dəyişikliklər olanda insanlar gözləyirlər ki, yeniləşmə, dalğa gələcək. İnsafən, bəzi telekanallarda bu özünü doğruldub. Məsələn, ”Xəzər" TV-də işlər gedir, layihələr dəyişir.

Son vaxtlar İctimai Televiziyada ciddi format dəyişikliyi oldu, AzTV-də ciddi addımlar atılıb. Düzdür, mahiyyət dəyişikliyi çətin çəkən prosesdir, lakin hər halda, addımlar atılır.

“Space”ə gəlincə, nələrinsə dəyişəcəyi haqda nikbin danışmağa çətinlik çəkirəm. Çünki televiziya işini düzəltmək kadrlara, düşüncəyə, televiziya menecmentini bilməyə bağlıdır. Bunların hamısını etmək çətindir. Amma ümid edirəm ki, orada da yeniliklər olsun, ümumilikdə televiziya xorunun səsi gur çıxsın".
“Yeni Müsavat”

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.