XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR

"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR

"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR
22-12-2020, 12:21

"O gün oturub nazirimiz Sahil Babayevə məktub yazdım. Mənə verdiyiniz heyvanın birinin gözü kor, digərinin dişi yoxdur dedim. Xahiş etdim ki, birinə protez diş, digərinə eynək göndərsin. Gözləyirəm, hələ cavab gəlməyib”. DİA.AZ bildirir ki, Sabirabadın Ulacalı kəndinin sakini Şöhrət Abbasov belə deyir. O, 2017-ci ildən aztəminatlı ailə kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Özünüməşğulluq proqramına müraciət edib. Deyir, 2 il keçib, səs çıxmayıb. Sonra 2019-cu ildə təkrar müraciət edib:

“Çox get-gəldən, yalvar-yaxardan sonra məni proqrama saldılar. Əvvəlcə dərslərə qatıldım, sonra biznes planı yazdım. Dedilər, “sizə Gürcüstandan gətirtdiyimiz hələb sortu keçilər verəcəyik”. Razılaşdım. Düşündüm ki, keçi qoyundan yaxşıdır. Qoyun 6, keçi 5 aya bala verir. Üstəlik, qabağına nə qoyursan yeyir. Bir sözlə, sərfəli heyvandır”.

Şöhrət Abbasov deyir ki, keçiləri onlara vermədən öncə xeyli tərifləyiblər. Deyiblər, “hamıya yox, hər rayondan 15 nəfər vətəndaşa veriləcək”. Bu, onu daha da sevindirib: “Özümü seçilmiş insan kimi hiss etməyə başlamışdım. Sevinirdim, hətta evdə dedim, arvad, bizim də bəxtimiz nəhayət ki, gətirdi. Bütün günü keçidən danışırdıq. Əkiz balalayır, süd verir, yaxşı əti olur və s. Nəhayət, o gün gəlib çatdı. Dedilər, “keçiləri gətirmişik, gəlin götürün”. 2019-cu ilin sonu idi, maşın tutub getdim. Mənə 22 keçi verdilər. 2 erkək 20 dişi olmaqla – 22 keçi. Bərk-bərk də tapşırdılar ki, özünü sata bilməzsən, ancaq balasını, südünü, pendirini satıb, dolanın. Dedim, nə danışırsız, heç satarammı, bunlar qızıl kimi heyvanlardır. Yığıb gətirdim evə”.

Şöhrət Abbasov deyir ki, heyvanları evə gətirdiyinin səhəri günü biri ölüb, digərlərinin isə xəstə olduğunu anlayıb: “Öskürür, nəfəslərindən pis qoxu gəlirdi. Elə bir aya neçəsi öldü. İçlərində kor, dişsiz, qısır, böyrəyi, ciyəri xəstə heyvanlar var. Budur 1 ilə yaxındır bizdədilər. Cəmi 1 heyvan 2 dəfə bala verib. Qalan 6-sı bir dəfə, yerdə qalanların isə balası olmayıb. Mənə belə deməmişdilər. Demişdilər ki, artacaq, balalarını satıb dolanacaqsan. Məndə isə fərqli oldu. Ya heyvanlar ölür, basdırıram, ya da xəstə düşür, pul verib, dərman alıram. Hələlik, ancaq mən xərcləmişəm, onlardan xeyir gəlməyib”.

Şöhrət Abbasov deyir ki, keçilərin bazar qiyməti 50-60 manat arası dəyişir. Bir normal hinduşka qiymətidir: “Ondan artığına getmir. Əvvəla dedikləri kimi Gürcüstandangəlmə hələb sortu deyil. İkincisi də, hamısı xəstə və yaşlı heyvanlardır. Kimdir onları alan, bunlara pul xərcləyən? Kolbasa, sosiska sexinin işinə yarayar, bir də fermalardakı itlərə yem ola bilərlər. Başqa bir işə yaramırlar”.

Şöhrət Abbasov deyir ki, heyvanların gəlir gətirməməyi bir yana, çəkdiyi əziyyətinə də bir tərəfdən yanır. Təlimlər, imtahan, biznes plan qurmaq, bunların hamısına əmək sərf edib: “Bununla da bitmir. Budur 1 ildir mən hər səhər saat 6-7 arası heyvanları otarmağa aparıram, 12-də gətirirəm. Hər gün 5-6 saat örüşdə oluram. Hələ yeminə, dərmanına da nə qədər xərc çəkmişəm”.

Şöhrət Abbasov ən çox Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən narazıdır. Deyir, onun rəhbərlik etdiyi nazirliyin layihəsi vasitəsilə insanları aldadıblar: “Başımıza oyun açırlar. Həm çoban itlərini, həm də bizi ac qoyublar. Bu heyvanlar itlərin payı idi, gətirib bizə veriblər. Bizim də işimizə yaramır. Nəticədə, hər iki tərəf ac qalıb. İndi bizi o itlərin qarğışından kim qurtarsın?”

Şöhrət Abbasov deyir ki, başına gələnlərlə bağlı aidiyyatı qurumlara məktublar yazıb. Deyir, avqustun 11-də Prezident İlham Əliyevin səlahiyyətli nümayəndəsi gəlib: “Dedi, Dövlət Nəzarəti Xidmətindən, Administrasiyadan gəlmişəm. Sevindim, dedim, vəssəlam, problemimiz həll olunacaq. Düzdür, ondan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Kənd Təsərrüfatı Nazirliyindən gəlmişdilər. Amma bu dəfə gələn Prezidentin adından gəldiyini deyirdi. Deməli, ümid vardı. Baxdı, dedi ki, bəli, heyvanlar dəyərindən çox aşağıdadır, çoxu yararsızdır. Sonra da bildirdi ki, tədbir görüləcək və çıxıb getdi. Bu günədək ondan da bir xəbər çıxmayıb. Artıq kimsəyə inanmıram”.

Qeyd edək ki, ötən il fevralın 14-də Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlərin olduğunu təsdiqləyib. O, dəyişdirilən heyvanların sayının 170-ə yaxın olduğunu deyib: “Ailələrə yararsız heyvan verən məşğulluq mərkəzlərinin nümayəndələrinə inzibati tənbeh verilib. Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı yox, imkanlı olduğu məlum olub. Məşğulluq proqramına uyğun olmayan 800 şəxs siyahıdan çıxarılıb. Onların çoxu mətbuata müxtəlif iddialarla çıxıb”.

Şöhrət Abbasov da deyir ki, yalan deyil, bu layihənin hansı formada həyata keçirildiyi nazirə də bəllidir: “Bu layihəyə milyonlarla manat vəsait ayrılıb. Bu pulları nə ediblər? İnsanlara dəyərindən aşağı heyvan verirlər. Hansı ki, zaydır, yararsızdır, hamısının problemi var. İndi biz nə edək? Sahil Babayevin işçiləri bizi aldadıb. Bundan özünün də xəbəri var”.

Şikayətçi deyir ki, onlara verilən heyvanın ümumi dəyəri 5 min manat olmalı imiş. Ancaq heyvanların heç 1000 manat dəyəri yoxdur: “Kaş insafları olardı. Həmin 5 minin yarısı müqabilində heyvan verərdilər. İndi həyətdə 20-30 bala olardı. Deməyim odur ki, insaf yaxşı şeydir. İndiki halda isə biz əziyyət çəkirik, qarşılığını görmürük”.
"Sahil Babayevin işçiləri bizi aldadıb" - Sabirabad sakini NARAZILIQ EDİR




XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.