SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Minlərlə məhbusu əhatə edəcək amnistiya aktına ehtiyac var

Minlərlə məhbusu əhatə edəcək amnistiya aktına ehtiyac var

Tarix:

14-07-2020, 11:39

/ 1 131 dəfə oxundu.
Minlərlə məhbusu əhatə edəcək amnistiya aktına ehtiyac var

Bir neçə cəzaçəkmə müəssisəsində həm məhbuslar, həm də əməkdaşlar arasında COVİD-19 (koronavirus) infeksiyasının yayılması barədə yayılan məlumatlar təsdiqlənib. Operativ Qərargahın mətbuat konfransında prezidentin köməkçisi Hikmət Hacıyev bu barədə məlumat verərək bildirib ki, 12, 14 və qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisələrində virusa yoluxma halları aşkarlanıb. Son vaxtlarda cəzaçəkmə müəssisələrində yoluxanların sayının cəmi 18 nəfər olduğunu deyən H.Hacıyevin sözlərinə görə, onlar vaxtından əvvəl şərti azadlığa buraxılıb və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.
Hələ may ayında 13 saylı cəzaçəkmə müəssisəsində məhbusların koronavirusa yoluxması barədə məlumatlar yayılanda Penitensiar Xidmət bu haqda deyilənləri təkzib edirdi. Lakin sonradan Ədliyyə Nazirliyi və Operativ Qərargah məhkumlar arasında yoluxma hallarının olmasını təsdiqlədi. O zaman 46 nəfərin virusa yoluxduğu açıqlanmışdı.
Hüquq müdafiəçiləri Azərbaycanda cəzaçəkmə müəssisələrindəki sıxlıq, məhkumların sayının çoxluğuyla bağlı narahatlıqlarını bildirirlər. Deyirlər ki, belə vəziyyətdə nəinki koronavirus, istənilən infeksiya məhkumlar arasında sürətlə yayıla bilər. Bu baxımdan indiki halda, çıxış yolunu daha çox məhkumu əhatə edən Amnistiya Aktının qəbulunda, cəza müddəti az qalanların azadlığa buraxılmasında görürlər.
Repressiya və İşgəncələr Əlyehinə Komitənin İşçi Qrupunun üzvü Zəfər Əhmədli “Press Klub”a bildirdi ki, müxtəlif cəzaçəkmə müəssisələrdə koronavirusa yoluxma hallarıyla bağlı onlara da tez-tez məlumatlar daxil olur. Amma bu məlumatları dəqiqliklə araşdırmaq mümkün olmur. Çünki o müəssisələrə giriş imkanı yoxdur.
Hüquq müdafiəçisinin sözlərinə görə, xüsusən Qaradağ rayonu ərazisində yerləşən 12, 13, 14 saylı cəzaçəkmə müəssisələrində şərait elədir ki, indiki halda nə qədər tədbir görülsə də, virusun yayılmasının qarşısını almaq mümkünsüz olacaq:
“Qaradağ rayonundakı cəzaçəkmə müəssisələri ekoloji baxımdan təhlükəli ərazidə yerləşir. O müəssisələrin yaxınlığında daş karxanaları var, külək əsəndə tozu gətirir, məhkumların ciyərlərinə doldurur. Ağac yox, çox isti olur. Ən əsası, o müəssisələrdə tez-tez su problemi yaşanır. Təkcə cəzaçəkmə müəssisələrində deyil, həmin ərazidə yaşayan əhalinin də su ilə bağlı çətinliyi yaranır. Azərbaycandakı cəzaçəkmə müəssisələrinin hamısında sıxlıq müşahidə olunur. Müəssisələrin təxminən 12-15 min məhkum tutumu var. Amma faktiki, 27 minə yaxın məhbus saxlanılır. 12, 13 və 14 saylı cəzaçəkmə müəssisələrində o şəraitdə, üstəlik də bu qədər sıx vəziyyətdə saxlanılan adamları yoluxmadan necə qorumaq olar?”
Z.Əhmədlinin fikrincə, minlərlə məhbusa şamil olunacaq Amnistiya Aktına ehtiyac var. O hesab edir ki, xüsusən yaşlı məhbusların, cəza müddətinin başa çatmasına az qalanların buraxılmasında problem olmamalıdır:
“Bizdə olan məlumata görə, cəzaçəkmə müəssisələrində məhkumlara maskalar verilir, dezinfeksiya işləri aparılır. Düzdür, maskaların paylanması, dəyişdirilməsi ilə bağlı vaxt problemi olur. Amma ümumilikdə addımlar atılır. Məsələ burasındadır ki, bunlar kifayət etmir. Mütləq müəssisələr yüngülləşdirilməlidir”.
Penitensiar müəssisələrdə mütəmadi monitorinqlər keçirən Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Səadət Bənənyarlı cəzaçəkmə müəssisələrində virusun yayılmasının qarşısının alınması üçün mümkün addımların atıldığını düşünür. O, “Press Klub”a bu haqda danışarkən yada saldı ki, məhkumlara sovqat çatdırılması və görüşlərə qadağanın məqsədi həbs yerlərinə virusun çatmasının qarşısını almaq idi: “Buna baxmayaraq, yoluxma halları oldu…”
S.Bənənyarlının sözlərinə görə, sovqat qadağası davam edən dövrdə cəzaçəkmə müəssisələrinin daxilindəki ticarət köşklərində qiymət artımına da nəzarət etməyə çalışıblar:
“Biz İctimai Komitə olaraq monitorinqlər keçiririk. Orada telefon nömrələrimiz qoyulmuşdu ki, əgər qiymətlər yüksək olarsa, zəng eləyib, xəbər versinlər. Bunun qarşısının alınması üçün ədliyyə nazirinin də birbaşa göstərişi var idi. Biz məhkumlardan da soruşurduq. Mağazalarda məhsulların üstündə qiymətlərin yazılmasını tələb edirdik”.
S.Bənənyarlı qeyd etdi ki, hələ koronavirusun yayılmağa başladığı vaxtlarda cəzası az qalan məhkumların buraxılması üçün prezidentə müraciət ediblər. Onun sözlərinə görə, 2020-ci il ərzində 1000-ə yaxın məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb, 450-yə qədər adamın barəsində həbs-qətimkan tədbiri seçilməyib, onlar ev dustaqlığında saxlanıb: “Bu proses davam etməlidir”.
S.Bənənyarlı da o fikirdədir ki, bir sıra cəzaçəkmə müəssisələrinin yenidən tikilib istifadəyə verilməsinə ehtiyac var:
“Amma bunun üçün böyük vəsait, yer ayrılmalıdır. Ona görə həmin müəssisələrdə də heç olmasa, minimum tələblər yerinə yetirilir ki, yayılmanın qarşısı alınsın. Mənim bildiyimə görə, məhbusları maska, dezinfeksiya məhlulları və başqa vasitələrlə imkan daxilində təmin etməyə çalışırlar”.

Şərhlər

XƏBƏR LENTİ