SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtın bu halı ürək ağrıdır... - FOTO

Sumqayıtın bu halı ürək ağrıdır... - FOTO

Tarix:

23-06-2020, 10:50

/ 819 dəfə oxundu.
Sumqayıtın bu halı ürək ağrıdır... - FOTO

Sumqayıtlıların şikayəti var. Onlar yeni təmir edilmiş “Sumqayıt bulvarı”nın dənizə yaxın hissəsinin zibilxanaya çevrildiyini söyləyirlər. DİA.AZ bildirir ki, bu, hər gün parka çıxan sakinləri narahat edir. Bildirirlər ki, xəstəliyin, virusun tüğyan etdiyi bu dövrdə parkın düz içində belə bir zibilxananın olması təhlükəlidir.

“Karantindir, insanlar evdən çıxa bilmirlər. Üstəlik, çoxunun əsəbi tarıma çəkilib, streslərini atmaq üçün axşamçağı parka çıxırlar. Onda da rastlaşdıqları mənzərə budur. Camaat parka körpəsini çıxarır ki, təmiz hava alsın. Belə bir mənzərədə nə təmiz hava? Özü də bizim milləti bilirsiniz. Bir-iki zibil gördülərmi, həmin yeri zibillik poliqonuna çevirirlər. Bura da elə. Get-gedə böyüyür. Aidiyyatı qurumlar buna təcili bir çarə tapmalıdırlar”, - sakinlər deyir.

Sumqayıt sakini Ramiz Məmmədov əlavə edir ki, dənizin kənarındakı bu zibilxanada bulvarın uzadılması zamanı işlədilən tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına, daş parçalarına, bir sözlə, hər cür zibil növünə rast gəlmək olar:

“Buraya zibil adi vətəndaşlar tərəfindən tökülmür, maşınlarla gətirilir. Ərazidəki zibil yığını gündən-günə artır. Təbii ki, bütün bunlar ətraf mühitə ziyan vurur, ekologiyanı korlayır, antisanitariya şəraiti yaradır. Üstəlik, bu ərazidən kanalizasiya suyu birbaşa dənizə axır. Bu cür mənzərə bulvarın simasına da xələl gətirir”.

Ramiz Məmmədov deyir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti bulvarın yanındakı bu aruzolunmaz vəziyyəti bilsə də, heç bir tədbir görmür:

“Həmçinin aidiyyatı dövlət qurumları, ələlxüsus Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi və Sumqayıt şəhər Təmizlik Departamenti məsələ ilə bağlı bir tədbir görsəydilər, pis olmazdı. Çünki bu, ən azından qanunsuzluqdur”.

"Bu zibilxana hər hansı kənar bölgədə, kənddə də deyil. Ölkənin böyük şəhərlərindən olan Sumqayıtdadır. Həmçinin Xəzər Dənizini də çirkləndirir”, - başqa bir sakin əlavə edir.
Sumqayıtın bu halı ürək ağrıdır... - FOTO



Şərhlər

XƏBƏR LENTİ