XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qardaşı öldürülən şəxs Zakir Qaralov və Fikrət Məmmədova müraciət etdi

Qardaşı öldürülən şəxs Zakir Qaralov və Fikrət Məmmədova müraciət etdi

Qardaşı öldürülən şəxs Zakir Qaralov və Fikrət Məmmədova müraciət etdi
17-01-2020, 19:14

Qardaşı yol qəzasında öldürülən Bakı sakini Şahnaz Həsənova Baş Prokuror Zakir Qaralova və Ədliyyə naziri Fikrət Məmmədova şikayət məktubu ünvanlayıb...
PİA.az-ın məlumatına görə, Ş.Həsənova Azərbaycanın Baş prokuroru Zakir Qaralova və Ədliyyə naziri Fikrət Məmmədova ünvanladığı məktubda bildirir ki, Abşeron rayon Məhkəməsinin hakimi Şövkət Nəcəfova onun qardaşını öldürən şəxsin cəzasız qalmasına zəmin yaradacaq hökm çıxarıb.

Ş.Həsənova məktubda qeyd edir ki, qardaşı Faiq Həsənov ötən il aprelin 6-da Xırdalan şəhərində Müşfiq Həsənov adlı sürücü tərəfindən avtomobillə vurulub və hadisə yerində vəfat edib: “Cənab Baş Prokuror, cənab nazir, ötən il aprelin 6-da baş verən qəzadan dərhal sonra həm Baş Prokurorluq, həm də DİN qəzanı törədən sürücünün hadisə yerindən qaçdığı barədə məlumat yaydı. Lakin işin istintaqı dövründə Abşeron rayon Polis İdarəsinin müstəntiqi Xəyyam Rüstəmov sürücü M.Həsənova verilmiş hadisə yerindən qaçma – CM-in 264-cü maddəsini onun üzərindən götürdü və yalnız 263.2-ci maddəylə işi məhkəməyə göndərdi”.

Şikayətçi deyir ki, məhkəmə dövründə Baş Prokurorluğun işə qarışmasından sonra təqsirləndirilən şəxsə 264-cü maddə yenidən verilib: “Hörmətli Zakir müəllim, sizin tapşırıqlarınızdan sonra dövlət ittihamçısı ötən il baş tutan birinci məhkəmə prosesində polis müstəntiqinin istintaq dövründə yol verdiyi pozuntuları aşkara çıxardı və işə xitam verilməsi, təqsirləndirilən şəxsə yenidən CM-in 264-cü maddəsi ilə ittiham əlavə edilməsi barədə vəsatət qaldırdı. Hakim Şövkət Nəcəfova dövlət ittihamçısının əsaslı vəsatətini təmin etmək məcburiyyətində qaldı və işə xitam verib yenidən istintaqa qaytardı”.

Ş.Həsənova məktubunda qeyd edir ki, Baş Prokurorluğun xüsusi həssalığına baxmayaraq, hakim Ş.Nəcəfova sonda yenə də hansısa maraqları xatirinə təqsirləndirilən şəxsə minimum cəza verib: “İkinci məhkəmə prosesi də yenidən hakim Şövkət Nəcəfovaya verildi. Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxsə CM-in 263.2 və 264-cü maddələri ilə ittiham elan edərək, ona cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il azadlıqdan məhrumetmə cəzası verilməsini tələb etdi. Lakin hakim Ş.Nəcəfova dövlət ittihamçısının istədiyi cəzadan dəfələrlə yüngül, hətta təqsirləndirilən şəxsi azadlığa buraxmağa bərabər olacaq hökm çıxardı. O, təqsirləndirilən Müşfiq Həsənova cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə (!) cəmi 4 il azadlıqdan məhrum edilməsinə qərar verdi”.

Şikayətçi məktubunda Ədliyyə naziri Fikrət Məmmədova müraciətlə yazır:

“Hörmətli cənab nazir, biz hakim Şövkət Nəcəfovanın təqsirləndirilən şəxsə hansısa təminat qarşılığında bu qədər yüngül cəza verdiyini düşünürük. Bu isə cənab prezident İlham Əliyevin məhkəmə islahatlarının həyata keçirilməsi barədə tapşırıqlarına ziddir. Təqsirləndirilən şəxsə elan edilmiş CM-in 263.2 və 264-cü maddələri heç bir halda bu qədər yüngül cəza ilə adekvat deyil. Hakim Ş.Nəcəfova qardaşımı maşınla vurub ölümə tərk edərək hadisə yerindən qaçan şəxsi faktiki olaraq azadlığa buraxıb. Qeyd olunan maddələrlə ittiham edilən şəxslərin məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi hüquqi absurdur. Hakimiyyətin məhkəmə və hüquq-mühafizə orqanlarında apardığı islahat prosesini gözdən salan hakim Şövkət Nəcəfova açıq şəkildə hüquqi absurd imza atıb.

Hörmətli cənab nazir, sizdən xahiş edirəm, məsələni şəxsi nəzarətinizə götürəsiniz və hakim Ş.Nəcəfovanın hansı əsaslarla təqsirləndirilən şəxsə bu qədər yüngül cəza verərək onu faktiki olaraq azadlığa buraxdığını araşdırasınız. Hakim Ş.Nəcəfovanın bu qərarı ölkədə məhkəmə islahatları prosesinə zərər verən işlərdəndir. İnanıram ki, şikayətimin ciddi araşdırılması barədə göstəriş verəcək və müvafiq şəxsləri cəzalandıracaqsınız”.

Ş.Həsənova məktubunda, həmçinin, Baş Prokuror Zakir Qaralova da müraciət ünvanlayıb: “Hörmətli cənab Baş Prokuror, işin əvvəlindən bu yana bu məsələdə xüsusi həssaslıq göstərdiyiniz və nəzarətinizdə saxladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Sizin tapşırığınızdan sonra prokurorluq orqanları bu məsələdə böyük pozuntunu aşkarladı və təqsirləndirilən şəxsə müvafiq maddələrlə 5 il həbs tələb edildi.

Hörmətli cənab baş prokuror, sizdən xahiş edirəm, məhkəmənin sonuna qədər bu məsələdə xüsusi prinsipiallıq göstərən Baş Prokurorluq bu ədalətli mövqeyindən geri çəkilməsin. Xahiş edirəm, təqsirləndirilən şəxsə dövlət ittihamçısının istədiyi cəzanın yanına belə yaxınlaşmayacaq qədər az cəza verildiyini nəzərə alaraq, prokurorluq hakim Şövkət Nəcəfovanın bu qərarından protest versin. Əminəm ki, Apelyasiya Məhkəməsində hakim ədalətli qərar verəcək və təqsirləndirilən şəxsə layiq olduğu cəzanı verəcək.

Bir daha bu məsələdə xüsusi həssaslıq göstərdiyiniz və ədalətin bərqərar olunması barədə tapşırıq verdiyiniz üçün sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, işin sonuna qədər göstərdiyiniz xüsusi həssas münasibəti davam etdirəcək, prokurorluğun bu qərardan protest verməsi barədə tapşırıq verəcəksiniz”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.