Biləsuvar rayon sakini Əkbərova Xuraman Sərraf qızı ünvanladığı şikayət məktubunda Ədliyyə Naziri Fikrət Məmmədova şikayət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Sizə bildirmək istəyirəm ki, mən Əkbərova Xuraman Sərraf qızı 13 may 1979-cü ildə Biləsuvar rayonunda anadan olmuşam. 1995-ci il avqustun 31-də Cəlilabad rayon sakini Abışov Faiq Qaçoxan oğlu ilə ailə həyatı qurdum. İki qız övladımız dünyaya gəldi. Ailədəki problemlərimizə görə 2016-cı ilin aprel ayında Cəlilabad rayon məhkəməsində boşandıq. Boşandıqdan sonra həyat yoldaşım qayınlarımla birləşərək Cəlilabad rayon Səttarxan küçəsindəki evimi əlimdən alaraq satmaq istəyir. Hal-hazırda Cəlilabad rayon məhkəməsində çəkişirik.
Cəlilabad rayon məhkəməsi tərəfindən iki uşağıma görə mənə 160 manat aliment verilməsi ilə bağlı qərar çıxarılıb. Lakin icra məmuru Elşad Əhmədov bu günə kimi alimentimin ödətdirilməsində maraqlı deyil. Odur ki, keçmiş həyat yoldaşımın mənə 1500 aliment borcu yaranıb. Hər dəfə icra məmurunun qəbuluna getsəm də çox təəssüf ki, qapı dalında qalıram. İki uşaqla çıxılmaz vəziyyətdə qalmışam.
Hörmətli cənab nazir!
Kimsəsiz, köməksiz bir ana olaraq son ümid kimi sizdən kömək istəyirəm. Xahiş edirəm, uşaqlarıma təyin edilmiş 1500 manat aliment borcunun ödətdirilməsi üçün Cəlilabad rayon məhkəməsinin icra məmuru Elşad Əhmədova müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Öncədən sizə özüm və iki azyaşlı uşaqlarım adından təşəkkür edirəm.
Redaksiyadan: Məsələylə bağlı icra məmuru Elşad Əhmədovla əlaqə saxlamağa çalışdıq. Amma çox təəssüflər olsun ki, E.Əhmədov telefon zənglərimizə cavab vermədi. Biz qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Moderator.az