SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lütvəli Babayev kəndliləri niyə hədələyir?

Lütvəli Babayev kəndliləri niyə hədələyir?

Tarix:

1-06-2018, 09:01

/ 1 555 dəfə oxundu.
Lütvəli Babayev kəndliləri niyə hədələyir?

Kənd təsərrüfatı naziri İnam Kərimov təyin olunandan sonra, həm bu sahəyə diqqət artıb, həm də kəndlilər, fermerlər arasında gələcəyə inam yaranıb. İ.Kərimovun fəaliyyətinə yeganə kölgə sala biləcək amil, yerli icra başçılarının və onların icra nümayəndələrinin, bələdiyyə sədrlərinin tamahları ola bilər. Əgər İ.Kərimov onların tamahını kəsib, torpağa olan iştahlarını poza bilsə, kənd təsərrüfatının inkişafında böyük dönüş yarana bilər.

Rayonlarda özlərini kiçik padişahlar kimi aparan icra başçıları kəndlilərin öz pay torpaqlarında nəyisə əkib-becərməyə imkan vermirlər. Saytların və qəzetlərin ən çox dərc etdikləri yazı hansısa rayonda icra başçısının onun pay torpağını əlindən alması barədədir. Kəndli yazıq işləmək, məhsul bolluğu yaratmaq istəyir, lakin yerli padişahların tamahı buna imkan vermir.
Belə işləmək, yetişdirdiyi məhsulu bazara cıxarıb, bir tikə çörək pulu qazanmaq istəyən kəndlilərdən biri də Zərdab rayonu Burunlu kənd sakini Samir Cavanşir oğlu Qurbanovdur. S.Qurbanovun “Təzadlar”ın elektron poçtuna göndərdiyi məktub, özü ilə birlikdə bir neçə nəfərin pay torpağını, yerli icra nümayəndəsi Şamo Hüseynovun, onun yaxın qohumu, bələdiyyə sədri, “Saqif” ləqəbli Zahid Muradovun və onların havadarları Zərdab RİH-in başçısı Lütvəli Babayevin necə ələ kiçirməsindən bəhs edir. S.Qurbanovun məktubunda yazır:
Hörmətli “Təzadlar” qəzeti radaksiyası, kənd adamı olsaq da, müxtəlif saytları, o cümlədən sizin saytı da izləyirik. Obyektivliyinizi nəzərə alaraq, başımıza açılan oyunlar barədə məhz sizə müraciət etmək qərarına gəldim. İnanıram ki, Zərdab RİH-in başçısı Lütvəli Babayevin və onu yerli nümayəndələrinin mənim başıma açdıqları müsibətləri Prezident administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə, Ədliyyə naziri cənab Fikrət Məmmədov, kənd təsərrüfatı naziri cənab İnam Kərimova və korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab Kamran Əliyevə catdıraqcaqsınız.
Hörmətli redaksiya, bildiyimiz kimi Azərbaycanda kənd təsərrüfatının inkişafına əngəl törədən ən əsas amillərdən biri - yerli hökumətlərin öz şəxsi biznes maraqlarına görə, vəzifə səlahiyyətlərindən istifadə edərək, kəndçilərə (rəqiblərinə) əngəl törətməsidir (sabotaj). Bununla da ədalətsiz rəqabət mühiti yaradaraq, qəsdən kəndçiləri bankrot vəziyyətinə salıb, onların münbit torpaqlarını və mal-qarasını dəyər-dəyməzinə ələ keçirirlər.
Konkret bizim kənddə: Bələdiyyə sədri “Saqif” ləqəbli Zahid Muradov və yerli İH nümayəndəsi Şamo Hüseynovun özünün və ən yaxın qohumlarının bir-neçə yüz hektar torpaq sahəsi var. Bunların böyük əksəriyyətini kəndçilərə qəsdən problem yaratmaqla, bankrot edərək ələ keçiriblər. O cümlədən mənim özümə dəfələrlə təklif olunub ki, pay torpağımı dəyər-dəyməzinə İcra nümayəndəsinə satım. Etiraz edəndən bəri əkin sahələrimə suyun verilməsi dayandırıldı və məhsulum 2 dəfə yandı. Bununla bağlı İH başçsının qəbuluna düşəndən sonra suyum açıldı. Ondan sonra düz sahəmin giriş qapısında quyu qazdırıldı ki, o vaxtdan bəri sahəmə artıq heç bir texnika sala bilmirəm və builki məhsulum da artıq yanmaq üzrədir. Burunlu kəndinin icra nümayəndəsi və onunla qohum olan bələdiyyə sədri isə deyir ki, get məhkəmə yolu ilə sübut et ki, sənin oradan yolun var imiş. Bu, özbaşınalıq deyilsə, bəs nədir?
Eyni üsulla onlar kəndimizin ÖRÜŞ YERİ və ondan sonra örüş kimi istifadə etdiyimiz STADİON, kəndin Sovet dövründən bəri fəaliyyət göstərən Şirə kanalı bir-birinə qohum olan yerli İcra nümayəndəsi və bələdiyyə tərəfindən satılıb. Məqsədsə - şəxsi tamah, otu ancaq onların adamlarından satın almağa və mal-qaramızı onların şəxsi fermasına dəyər-dəyməzə satmağa əhalini məcbur etməkdir.
Bələdiyyənin ixtiyarında pambıq əkmək üçün bir-neçə yüz hektar ehtiyat fondu var idi. Dedik, hec olmasa onu verin örüş yeri kim istifadə edək. Təyinatı dəyişdirilərək, o da satıldı. Bu gün mal-qaramızı ancaq tras yolu ətrafında otarırıq ki, nəticədə hər gün qəza olur və mal-qaramız qırılır.
Hörmətli redaksiya!
Kənd camaatı müxtəlif dövlət orqanlarına bu faktlar barədə yazandan sonra İcra Başçısı Lütvəli Babayev şəxsən gəlib kənddə iclas keçirərək onlardan yazılmış şikayət məktubuna qol çəkən hər kəsin başına oyun açacağını, həyətyanı sahəsində və pay torpağında artıq olan hər bir metrin yoxlanılaraq, əllərindən alınacağını bildirdi.
Bunun ardınca örüş yeri və stadion ərazisini satdıqları adamları İcra Hakimiyyətinin Hüquq İdarəsinə çağıraraq, təcili olaraq alqı-satqını saxta yolla rəsmiləşdirməyə başladılar. O cümlədən həmin ərzilər 2 il əvvəl satılmasına baxmayaraq, güya ki, 15 il əvvəldən bu yerlər həmin şəxslərə hərrac üsulu ilə satılıbmış. Bunun da korrupsiya olduğu gün kimi aydındır.
Bələdiyyənin öz fondunda olan torpaqlarda isə, bir qarış da olsun pambıq əkilmədi ki, hissə hissə satmaq mümkün olsun. Dövlət tapşırığı ilə olan pambığı, çəltiyi məhz ümumən kəndin istifadəsində olan bu tip yerlərdə əkirlər ki, sabah kimsə səsini çıxaranda da, desinlər ki, “biz nə edə bilərik? Prezidentin tapşırığıdı, biz də məcbur olub, onun tapşırığını icra etmək üçün əhalinin payını əlindən almalı olduq”. Halbuki hər şey tərsinə edilir: Prezidentin tapşırığını icra etmək üçün xalqın torpağından istifadə olunur, bu məqsəd üçün ayrılan Bələdiyyə torpaqları isə qarış-qarış satılır.
Sonra da hər yerdə yazırlar ki, kəndçilər tənbəldir, işləmək istəmirlər, Bakıya qaçırlar, ona görə əti, taxılı xaricdən idxal edirik. Deyən yoxdu ki, otlaq olmayandan sonra - maldarlıq, su təminatı olmayandan sonra - əkinçilik necə inkişaf edə bilər? Bu gün bizim kəndə hətta 1 milyon manat yardım ayrılsa da, burada maldarlığı inkişaf etdirmək artıq qeyri-mümkündür.Çünki yem bazası məhv edilib. Qərbdə dövlət heç bir sahəyə birbaşa yardım etmir. Nəyi özündə görmək istəyirsə, ona münbit şərait yaradır, sonra o sahə öz-özündən formalaşır. Qədim Mesopatamiya və Misirdə ilk sivilizasiyalar ona görə yaranmışdı ki, orada Dəclə-Fərat və Nil çayları əkinçiliyin və maldarlığın inkişafına kortəbii şərait yaratmışdı. Bizdə də maldarlığın inkişafı üçün örüş yerlərinin tərpənməz fond, müqəddəs yer kimi qorunması, onlara toxunmağın ağac kəsməyə, meşə yandırmağa bərabər cinayət məsulliyyəti yaratması qanunlarla təsbit olunsa, maldarlıqla məşğul olmaq gəlirli sahəyə çevrilər. Yoxsa ki, kənddə otu pulla almaqla, maldarlığı inkişaf etdirmək olar?
Bizim kəndin bu və daha onlarla problemini (subsidiya yeyintisi və s.) onlarla yerə yazsaq da, hamısı axırda fırlanıb gəlir rayon prokurorluğuna. Lakin icra nümayəndəsi və bələdiyyənin yaxın qohumu, icra nümayəndəsi Şamo Hüseynovun əmisi oğlu Aqil Sayad oğlu Hüseynov Ədliyyə Nazirliyində yüksək vəzifədə çalışır. O da məhkəmə vasitəsilə prokurora təzyiq edib, 10-dan artıq bu kimi işi bağlatdırıb. Hər dəfə növbəti işi bu cür bağlatdırandan sonra, özləri də açıq şəkildə etiraf edir ki, nə qədər əmoğlu ordadı, siz bizə heç nə edə bilməyəcəksiniz.
Hörmətli radaksiya!
Sizdən xahiş edirik ki, bu adamların arxasında duran Ədliyyə Nazirliyinin həmin yüksək ranqlı məmurunun bütün formalı təsirini neytrallaşdırmaqla, onun təzyiqindən təcrid formada araşdırılsın və Kəndimiz İndiyə qədər olduğu kimi, örüş yeri və stadionla təmin olunsun. Həmçinin öz addımları ilə bizə bu qədər müddətə maddi-mənəvi ziyan vurmuş şəxslər qanunamüvafiq surətdə cəzalandırılsın, və bizim kompensasiyamızı ödəsinlər. Biz kəndçi olaraq işləmək və məhsul boluğu yaratmaq istəyirik. Lakin Zərdab RİH-in başcısı Lütvəli Babayev və onun əlaltıları buna imkan vermir. Səsimiz və şikayətimiz çatan hər kəsdən xahiş edirik, bizi, kəndlilərə qənim kəsilən bu məmurlardan xilas edin.
Hörmətlə:
Qurbanov Samir Cavanşir oglu,
Burunlu kənd sakini

Əlavə şərhə ehtiyac varmı? Yalnız adları çəkilən nazirlərin və prezident administrasiyası rəhbərliyinin promlemin həlli üçün müdaxiləyə ehtiyacı var.
***
Əks tərəfin mövqeyini öyrənmək üçün Lütvəli Babayevin mobil telefonuna dəfələrlə zəng etsək də, cavab vermədi. Burunlu kənd icra nümayəndəsi Şamo Hüseynovla əlaqə saxlaya bildik. Ş.Hüseynovun məsələyə münasibəti belə oldu: “ Samirin dediklərinin heç bir əsası yoxdur. Başçı heç kimi hədələməyib. Onunla birlikdə adları şikayətçi kimi qeyd olunan 8 nəfərin hamısı bildiriblər ki, o şikayətdən xəbərləri yoxdur. Samirin əkin sahəsinin yolu da bağlanmayıb O qazılan yer pay torpaqlarının bir-birində ayrılması üçündür. Samirin əkin sahəsinə bir yerdən yol var, o isə iki yerdən yol istəyir. Ona dəfələrlə demişəm ki, yol pulunu da verirəm, gedək rayona və probleminin həllini araşdıraq. Ancaq getmək istəmir. Təklif etmişik ki, pay torpaqlarının sahəsini dəqiqləşdirmək üçün Əmlak Komitəsinə müraciət etmək lazımdır, bunu da etmir. Biz ona hər cür kömək eməyə hazırıq. Bir kimsənin pay torpağını da satmaq mümkün deyil. Bunlar yanlış məlumatlardır”.
Daha sonra yazıda adları çəkilən digər insanların da hər birini dinləməyə hazırıq.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ