SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » ABŞ Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsində və inkişafında maraqlıdır

ABŞ Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsində və inkişafında maraqlıdır

Tarix:

29-05-2021, 10:38

/ 498 dəfə oxundu.
ABŞ Azərbaycan ilə münasibətlərin möhkəmləndirilməsində və inkişafında maraqlıdır

Azərbaycan dövləti özünün xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Bütün bunların müqabilində ayrı-ayrı milli dövlətlər, o cümlədən dünya siyasətinin güc mərkəzləri kimi çıxış edən geopolitik subyektlər Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal rolunu, praqmatik xarici siyasət kursunu yüksək qiymətləndirirlər.
Bütün ölkələrlə öz milli maraqları çərçivəsində əməkdaşlığa və tərəfdaşlığa yüksək önəm verən Azərbaycanın müasir beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətlərindən sayılan Amerika Birləşmiş Ştatları ilə münasibətləri də hər zaman yükasək əməkdaşlığa və tərəfdaşlığa söykənir. ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevi 28 May -Respublika Günü, bundan əvvəl isə Novruz bayramı münasibətilə təbrik etməsi və xoş arzularını çatdırması bunu aydın şəkildə ifadə edir. Vurğulanmalıdır ki, ABŞ Prezidentinin təbrik məktubu ölkələr arasında etibarlı münasibətlərin inkişafının bariz göstəricisidir. Vurğulamaq gərəkir ki, 28 May- Respublika Günü münasibətilə ölkə Prezidentinə ünvanladığı təbrik məktubunda ikitərəfli münasibətlərin çoxşaxəliliyinə xüsusi önəm verilir. Təbii ki, bu əlaqələr çoxşaxəli və genişdir, təhlükəsizlik, enerji və digər sahələri əhatə edir.
Birmənalı şəkildə qeyd edilməlidir ki, Ağ Ev Administrasiyası Azərbaycanın enerji layihələrini dəstəkləyir və bu layihələrin inkişafında maraqlıdır. ABŞ ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə alqışlayıb. Eləcə də, dünyanı təhdid edən terrorla mübarizədə Azərbaycanın oynadığı rol ABŞ-ın siyasi rəhbərliyi tərəfindən etiraf və təqdir olunur. ABŞ Prezidenti öz təbrik məktubunda Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarlığını bildirir və mövcud istiqamətdəki əməkdaşlığın önəmini vurğulayır.
Bütün bunlar isə ölkələr arasındakı münasibətlərin inkişafı üçün yeni perspektivlərə yol açır. İstər Novruz təbrikində, istərsə də ABŞ-ın dövlət katibi Entoni Blinkenin aprelin sonlarında etdiyi telefon zəngi zamanı aparılmış söhbətlərdə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi ABŞ-ın bu istiqamətdəki siyasətinin prioriteti kimi vurğulanıb. Burada enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlıq, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsi, insan haqlarının qorunması kimi məsələlər xüsusi olaraq qeyd edilir.
Nəticə etibarı ilə, Azərbaycanın otuz il ərzində keçdiyi yol, əldə etdiyi uğurlar göstərir ki, dövlətimiz yalnız regionda deyil, bütövlükdə dünyanın güclü aktorları arasında qərarlaşıb və nüfuz qazanıb. Sadalanan bütün faktlar göstərir ki, Prezident İlham Əliyev xalqımızın milli maraqlarını əsas tutaraq, ölkənin siyasi və iqtisadi potensialını düzgün müəyyənləşdirərək uğurlu addımlara imza atır və bütün bu amillər dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə qarşı münasibətində öz əksini tapır.
 
Xalidə Hüseynova,
Salyan rayon Yenikənd kənd Uşaq musiqi məktəbinin direktoru

Şərhlər

XƏBƏR LENTİ