SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Çingiz Qənizadə: "Azərbaycanda mənfi halların aradan qaldırılması əsas hədəflərdən biridir"

Çingiz Qənizadə: "Azərbaycanda mənfi halların aradan qaldırılması əsas hədəflərdən biridir"

Tarix:

17-09-2020, 12:44

/ 635 dəfə oxundu.
Çingiz Qənizadə: "Azərbaycanda mənfi halların aradan qaldırılması əsas hədəflərdən biridir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkəmizin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir, şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi mənfi halların aradan qaldırılması əsas hədəflərdən biridir. Respublikamızın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır.

Bu fikirləri AZƏRTAC-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində proqramların, qanunvericilik aktlarının qəbul olunduğunu vurğulayan Ç.Qənizadə deyib ki, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyənləşdirilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. Ciddi qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması, ictimai nəzarət mexanizmlərinin formalaşdırılması və bu sahədə vətəndaş cəmiyyəti institutlarının fəallığının təşviq edilməsi həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Ölkəmizdə korrupsiyaya ilə mübarizə istiqamətində həyata keçirilən əməliyyatlar və onların təfərrüatları barədə ictimaiyyətə məlumatların verilməsi dövlətin bu sahəyə olan münasibətinin göstəricisidir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən deyib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Hüquq müdafiəçisi qeyd edib ki, bu günlərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Məqsəd bu sahədə həyata keçirilən mübarizəni daha da peşəkarlaşdırmaq, səmərəliliyi artırmaqdır. Sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə videoformatda keçirilən ilk iclasında müzakirə olunan məsələlər, irəli sürülən təkliflər mühüm əhəmiyyət kəsb edir. Xüsusi önəm daşıyan məsələlərdən biri də budur ki, iclasda növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə həyata keçirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olundu, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verildi. Milli Fəaliyyət Planı müxtəlif dövlət qurumlarında korrupsiya hallarının aradan qaldırılması istiqamətində qoyulan hədəflərə çatmaq üçün xüsusi rola malikdir. Bundan başqa, Komissiya yanında işçi qrupların yaradılması, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə, innovativ həllərin tətbiqinin genişləndirilməsi, ictimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması, maarifləndirmə tədbirlərinin davam etdirilməsi və s. olduqca vacib məsələlərdir.

Beləliklə, bu gün dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşma, bürokratik əngəllərin, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə əhali tərəfindən təqdir olunur, yeni idarəetmə fəlsəfəsi ictimai rəydə daha çox rəğbət qazanır. Bütün bunlar göstərir ki, qarşıdan gələn dövrdə də yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər davam etdiriləcək.

Şərhlər

XƏBƏR LENTİ