SON DƏQİQƏ
XalqXeber.Az » İqtisadiyyat » ABŞ şirkəti Bakıdakı neft payını niyə satır - təfərrüat

ABŞ şirkəti Bakıdakı neft payını niyə satır - təfərrüat

Tarix:

16-10-2019, 15:24

/ 890 dəfə oxundu.
ABŞ şirkəti Bakıdakı neft payını niyə satır - təfərrüat

İlham Şaban: “Layihədəki tərəfdaşların şansı var hələ”
ABŞ-ın neft nəhəngi “Chevron” Azərbaycana məxsus “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsindəki payını satmaq istiqamətində real addımlar atmağa başlayıb. “Reuters” agentliyinin yaydığı xəbərə görə, şirkət öz payını Macarıstanın MOL enerji şirkətinə satacaq. ABŞ nəhəngi layihədəki 9,75 faizlik payını MOL-a 2 milyard dollardan yuxarı bir məbləğin əvəzində dövr edə bilər. Bildirilir ki, hazırda tərəflər arasında alqı-satqı üzrə danışıqlar aparılır.

Agentlik qeyd edir ki, öncə MOL AÇG-nin iştirakçısı olan Amerikanın hər iki neft şirkətinin payı ilə maraqlanıb, lakin yalnız “Chevron”un 9,75 faiz səhminin sövdələşməsində iştirak etməyi qərar alıb. “Chevron” və “MOL” agentliyə məsələni şərh etməkdən imtina edib.

Xatırladaq ki, 2018-ci ilin dekabr ayında “Exxon” və “Chevron” AÇG layihəsindəki paylarını satmaq planları barədə bəyan ediblər. Daha əvvəl SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirmişdi ki, SOCAR və onun “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi layihəsi üzrə tərəfdaşları satışa çıxarılacaq payların alınması ilə bağlı tenderdə iştirak etmək niyyətindədir.

2017-ci ildə AÇG üzrə imzalanmış yeni müqaviləyə əsasən layihədə BP (Britaniya - layihənin operatoru) 30,37 faiz, SOCAR 25 faiz, “Chevron” (Amerika) 9,57 faiz, “ExxonMobil” (Amerika) 6,79 faiz, ONGC (Hindistan) 2,31 faiz, “Inpex Corp.” (Yaponiya) 9,31 faiz, “ITOCHU Oil” (Yaponiya) 3,65 faiz, “Statoil” (Norveç) 7,27 faiz, TPAO (Türkiyə) 5,73 faiz pay sahibidir. Yeni saziş çərçivəsində 2050-ci ilədək yatağa 43 milyard dollarlıq investisiya qoyuluşu planlaşdırılır. Əvəzində yataqdan 500 milyon tondan çox neft hasil olunacağı nəzərdə tutulur.

“Chevron” həm də “Bakı-Tiflis-Ceyhan (BTC) kəmərində 8,9 faizlik payını da satmaq niyyətindədir. Hər iki şirkət bu addımlarını ABŞ-dakı fəaliyyətlərini genişləndirmək planları ilə əsaslandırıblar. Yada salaq ki, ”Chevron"un Azərbaycandakı enerji layihələrindən çıxacağına dair məlumatlar 3 il əvvəl də yayılmışdı. Belə ki, 2016-cı ildə şirkət 2017-ci ilədək Amerikadan kənarda yerləşən 10 milyard dollarlıq aktivlərini satacağını bəyan etmişdi. Buna səbəb kimi korporasiyanın mənfəətinin ciddi şəkildə (2001-ci ildən ən aşağı göstərici) azalması göstərilirdi. Həmin vaxt “Chevron”un Banqladeşdəki aktivlərinin satışı ilə bağlı kommersiya danışıqlarına başladığı aydın oldu. Bu satışın həcminin 2 milyard dollar olacağı gözlənilirdi. Qalan 8 milyardlıq aktivlərin içərisində Azərbaycandakı layihələrdə iştirak paylarının da olduğu bildirilirdi.

Qeyd edək ki, prosedura görə, hər iki şirkət öz payını satmaq üçün onu ilk növbədə layihələrin operatoru olan bp şirkətinə və SOCAR-a təklif etməlidir. Macarıstan şirkəti ilə danışıqların aparılması o deməkdirmi ki, AÇG-dəki tərəfdaşlarla razılaşma əldə olunmayıb və “Chevron” digər şirkətlərlə danışıqlara başlayıb? SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Reuters”in məlumatını “Yeni Müsavat”a şərh etməyib. Şirkət sözçüsü “danışıqlar müxtəlif tərəflərlə aparıla bilər” deməklə kifayətlənib.

Enerji məsələləri üzrə mütəxəssis, “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, MOL ilə danışıq aparılması ABŞ şirkətinin payının AÇG-dəki tərəfdaşlar tərəfindən alınmasını istisna etmir: “Prosedur belədir ki, payını satmaq istəyən şirkət konkret bir məbləğ çərçivəsində alıcı tapır, gəlir tərəfdaşlarının yanına ki, bu qiymətə payımı istəyən var. Siz bu qiyməti verirsinizsə, payı sizə verim. Yəni MOL ”Chevron"un payını 2 milyard dollara almağa razılaşırsa, tərəfdaşlar həmin məbləği vermək istəmirlərsə, onda “Chevron” payını Macarıstan şirkətinə satır. Yəni real alıcı və məbləğ müəyyənləşdikdən sonra layihə üzrə tərəfdaşlarla konkret danışıqlar aparılır".

İ.Şabanın sözlərinə görə, 1991-ci ildə yaradılmış MOL şirkəti enerji sahəsində nüfuza malik şirkətlərdəndir: “Macarıstanda olmuşam, kifayət qədər təcrübəli şirkətdir. Böyük layihələri var”.

Ekspertin fikrincə, AÇG-də səhmdarların biri və ya ikisinin dəyişməsinin layihənin gedişinə hər hansı təsiri olmayacaq: “Səhmdarlar layihə üzrə nə əməliyyat, nə də maliyyə məsələlərini həll etmirlər. Onlar rübdə bir dəfə operatorun təqdim etdiyi büdcəyə səs verirlər. Layihə üzrə işləri operator koordinasiya edir. Bu baxımdan, AÇG-də ”Chevron"un yerinə MOL-un gəlməsi layihəyə heç bir təsir göstərməyəcək".

Qeyd edək ki, prosedura görə, hər iki şirkət öz payını satmaq üçün onu ilk növbədə layihələrin operatoru olan BP şirkətinə və SOCAR-a təklif etməlidir. Macarıstan şirkəti ilə danışıqların aparılması o deməkdirmi ki, AÇG-dəki tərəfdaşlarla razılaşma əldə olunmayıb və “Chevron” digər şirkətlərlə danışıqlara başlayıb?

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun “Yeni Müsavat”a dediyinə görə, danışıqlar müxtəlif tərəflərlə aparıla bilər: “Siz dediyiniz məsələ üstünlük hüququdur və həmin hüququn reallaşdırılmasının şərtləri müqavilədə əvvəlcədən müəyyən olunur. “Azəri-Çıraq-Günəşli” konsorsiumunda iştirak edən şirkətlər üçün üstünlük hüququ bu şəkildə tənzimlənir: konsorsium üzvlərindən biri öz səhmlərinin bir hissəsini satışa çıxaranda digər üzv olan şirkətlər həmin səhmləri bazarda mövcud olan təklif qiymətinə ala bilərlər və burada onlar üstünlük hüququna malikdirlər. Bir şirkət öz səhmlərinin hamısını satışa çıxararsa, onu üçüncü tərəflərə də təklif etməkdə və bu satışı reallaşdırmaqda digər konsorsium üzvlərindən asılı deyil. Bu, məsələnin kommersiya tərəfidir. Əlbəttə, zərurət halında Azərbaycanın dövlət maraqlarının təmin olunması baxımından müvafiq hüquqi mexanizmlər də mövcuddur".

“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ