SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qoşulmama Hərəkatının çoxsaylı təşəbbüsləri pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir

Qoşulmama Hərəkatının çoxsaylı təşəbbüsləri pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir

Tarix:

1-03-2022, 13:01

/ 365 dəfə oxundu.
Qoşulmama Hərəkatının çoxsaylı təşəbbüsləri pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir

 
 
İki ildən artıqdır ki, dünya koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərini gücləndirməklə bu bəlanın sona çatmasını səbirsizliklə gözləyir. Bu gün bütün dünyanı bürümüş bir çox iqtisadi və siyasi sarsıntıların fonunda COVID-19 pandemiyası hələ də ən təhlükəli qlobal təhdidlərdən biri kimi öz aktuallığını saxlayır. Əlbəttə, iki il bundan əvvəlki dövrlə müqayisədə müəyyən irəliləyişlərə nail olunmuşdur. Xüsusilə ayrı-ayrılıqda götürülmüş bəzi ölkələrdə pandemiyanın dağıdıcı təsirini minimum səviyyəyə endirmək mümkün olmuşdur. O cümlədən, Azərbaycan pandemiya ilə mübarizədə istər ölkə daxilində əldə edilmiş nəticələr, istərsə də iqtisadi cəhətdən daha zəif olan digər ölkələrə yardım göstərilməsi baxımından yüksək göstəricilərə malikdir. Fevralın 25-də BMT Baş Assambleyasının “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda keçirilmiş yüksək səviyyəli tematik müzakirələrində dövlət başçısı İlham Əliyevin videoformatda təqdim olunan çıxışında da pandemiya ilə əlaqədar həm ölkə daxilində, həm də beynəlxalq aləmdə həyata keçirilən tədbirlər geniş şəkildə bir daha təqdim olundu.
Qeyd etmək lazımdır ki, pandemiyaya qarşı mübarizə tədbirlərinə başlandığı gündən BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı sayılan Qoşulmama Hərəkatının təşəbbüsləri diqqətdən kənarda qalmır. Qoşulmama Hərəkatının və Hərəkatın sədri kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsən, bu məsələlər ilə bağlı irəli sürdüyü çoxsaylı təşəbbüslər pandemiya ilə mübarizənin qlobal səviyyədə effektiv təşkili baxımından böyük önəm kəsb edir. 2020-ci ilin dekabrında ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi, habelə ötən ilin mart və dekabr aylarında İnsan Hüquqları Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr Qoşulmama Hərəkatına üzv dövlətlər adından irəli sürülmüşdür.
Pandemiyaya qarşı mübarizədə hər bir dövlətin səhiyyə sistemi də əsas rol oynayır. Yaranmış vəziyyət ən inkişaf etmiş ölkələrin səhiyyəsinin pandemiyaya qarşı mübarizəyə tam hazır olmadığını nümayiş etdirdi. Azərbaycanın bu sahədə də təcrübəsi təqdir edilir. Belə ki, ilk gündən insanların sağlamlığının prioritetliyi önə çəkilərək səhiyyənin təkmilləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, peşəkar həkim heyətinin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı. Xaricdən peşəkar həkim heyətinin mübarizəyə cəlb edilməsi də ölkəmizdə insanların sağlamlığına, ümumilikdə  insan amlinə  verilən yüksək dəyəri nümayiş etdirir. Hazırkı dövrün əsas tələbi isə vaksinasiya prosesinin yüksək səviyyədə həyata keçirilməsidir. Qeyd edək ki, Azərbaycan peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlayıb. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi edilib və bu iş davam etdiriləcəkdir. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi davam edir.
Bir sözlə, Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının pandemiyanın tezliklə aradan qaldırılması ilə bağlı təşəbbüsləri davamlılığı ilə diqqət çəkir. Beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərin birləşdirilməsi əsas amil kimi qeyd edilir. Bu fikir də xüsusi qeyd olunur ki, Qoşulmama Hərəkatına üzv dövlətlərin, həmçinin bütün dünyanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda nümayiş etdirdikləri birlik, həmrəylik, səylərin birləşdirilməsi postpandemiya dövründə də əsas çağırışlardan olacaq.

Xanış Abbasov,
Salyan rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri

Şərhlər

XƏBƏR LENTİ