XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Pandemiya dövründə Azərbaycan Respublikası tərəfindən mühüm addımlar atılır

Pandemiya dövründə Azərbaycan Respublikası tərəfindən mühüm addımlar atılır

Pandemiya dövründə Azərbaycan Respublikası tərəfindən mühüm addımlar atılır
2-07-2020, 10:13

“Odlar Yurdu” Kollecin tələbəsi, Nərimanov rayonun fəal gənci Nigar Məsimova

Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Bəşəriyyətin artıq tam əminliklə 3-cü Dünya müharibəsi kimi adlandırdığı koronavirus mücadiləsi davam etməkdədir. Həqiqətən, insanlıq 2-ci Dünya savaşından sonra hələ belə böyük fəlakətlə, qorxunc gözəgörünməz düşmənlə üz-üzə qalmamışdı. Problem həm də ondadır ki, COVİD-19 təkcə can almır, həm də ölkələrin yaşam potensialını sarsıdır, milli iqtisadiyyata və bütövlükdə qlobal iqtisadiyyata ağır zərbələr vurur. İş yerləri kütləvi şəkildə bağlanır, fərdlərin, ailələrin gəlirləri azalır, zəruri ərzaq məhsullarına əlçatanlıq getdikcə çətinləşir.
Bu isə artıq ayrı-ayrı dövlətlərin deyil, bütün ölkələrin, bəşəriyyətin, özəlliklə də qabaqcıl, güclü ölkələrin problemidir və çevik qərarlar qəbul edilməsini, təsirli tədbirlər görülməsini diktə edir. Qlobal humanitar fəlakətdən və iqtisadi böhrandan qaçmağın yeganə yolu isə ölkələrin ayrı-ayrılıqda hərəkət etməsi əvəzinə vaxt itirmədən pandemiyaya qarşı birgə və zəruri addımlar atması, effektli “Yol xəritəsi” işləyib hazırlamasıdır. Covid 19 Pandemiya şəraitində Azərbaycan qlobal həmrəyliyə və əməkdaşlığa xidmət edən təşəbbüsləri ilə fərqlənir. Bu zamana qədər Prezident İlham Əliyevin rəhbərliyi ilə koronavirusa qarşı mübarizə çərçivəsində çox mühüm, ardıcıl və məqsədyönlü addımlar atılıb. Eyni zamanda, ölkəmiz COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım göstərib.
Digər tərəfdən, Azərbaycan Prezidenti cənab İlham Əliyev çox əhəmiyyətli təşəbbüslər və ideyalarla çıxış edib, mühüm praktik addımlar atılıb. Dövlətimizin başçısının Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda təşəbbüsü ilə bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşü keçirilib. Xatırlatmaq lazımdır ki, Türk Şurası COVID-19-a qarşı mübarizə mövzusunda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olub.. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edilib. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak ediblər. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Bundan sonra təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisat olan Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. Heç şübhəsiz, BMT-nin 130-dək üzv dövləti tərəfindən bu təşəbbüsün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti göstəricisidir. Ən mühüm məqamlardan biri odur ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirəsalınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat vardır.hu Beləliklə, Prezident İlham Əliyev üçün dünya ölkələri və bütövlükdə bəşəriyyət üçün olduqca həssas bir dönəmdə çox mühüm təşəbbüslərlə çıxış edir, Azərbaycanın nümunəvi təcrübəsini bölüşür və liderlik keyfiyyətini nümayiş etdirir. Başqa sözlə, qətiyyətli Liderin rəhbərlik etdiyi qüdrətli Azərbaycan bir daha qlobal taleyüklü məsələdə öz fəal rolu və liderlik missiyası ilə fərqlənir..Ancaq yazının sonunda daha vacib bir məsələni də vurğulamağı özümə borc bilirəm. Vaxtilə Azərbaycana NATО-ya və ya KTMT-yə üzv olmaq təklifləri vardı. Ancaq Azərbaycan bu qurumların heç birində heç vaxt nəinki birinci, heç ikinci, üçüncü skripka da ola bilməyəcəkdi. Оnda Cənab Prezident strateji seçim edərək Qoşulmama Hərəkatına önəm verdi. Bu gün Azərbaycan Qoşulmama Hərəkatının sədridir, İlham Əliyev Hərəkatın lideridir. Bu gün İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT çərçivəsində, dünya çapında işğalçı Ermənistanı təklədi, mənfur düşməni əzdi, sındırdı, yerlə bir etdi. Bax budur əsil strateq, böyük dövlət xadimi, qlobal lider!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.