SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dövlətin “Azercell” “yükü”: Hökümət nədən “Azercell”in əsas pay sahibinə çevrildi?

Dövlətin “Azercell” “yükü”: Hökümət nədən “Azercell”in əsas pay sahibinə çevrildi?

Tarix:

6-03-2018, 15:43

/ 1 748 dəfə oxundu.
Dövlətin “Azercell” “yükü”: Hökümət nədən “Azercell”in əsas pay sahibinə çevrildi?

İqtisadçı ekspert: “Əslində bu çox qəribə bir yanaşmadır və bu günə qədər söylənənlərlə təzad təşkil edir”


“Hökümət indi “Azercell”i alıbsa da, bir müddət sonra xarici şirkətlərin iştirakı ilə tender elan edib, nəzarət paketini daha baha qiymətə satması məqsəd uyğundur”.

Bu sözləri Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli hökümətin “Azercell”in əsas pay sahibinə çevrilməsini şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Finlandiya-İsveç telekommunikasiya şirkəti “Telia” Azərbaycanın ən iri mobil rabitə operatoru “Azercell”dəki payını satdığını elan edib. Şirkət bu satışı Mərkəzi Asiya bazarlarını tərk etmək barədə 2015-ci ildə elan etdiyi strategiyaya əsasən həyata keçirib. Şirkətindən yayılan açıqlamada deyilir ki, “Telia” Azərbaycanın mobil rabitə şirkəti “Azercell”dəki 51.3 faizlik səhm payını 273.5 milyon dollara satmağa razılaşıb.

“Azercell”in səhmlərinin 51.3 faizini alan Azərbaycanın “AzİnTelecom” MMC şirkətidir. “AzİnTelecom” şirkəti 2015-ci ilin iyun ayında Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində yaradılıb. Şirkət Azərbaycanla xarici ölkələr arasında səs trafiki mübadiləsi, telekommunikasiya avadanlıqlarının lisenziyalaşdırılması və digər xidmətlərlə məşğul olur.

“Telia” bildirib ki, “Azercell”in səhmlərinin satışına dair sövdələşmə hələ rəsmiləşməyib. Bununla belə “Telia” Avrasiya və Mərkəzi Asiya bazrlarından çəkilməsi bu il başa çatdıracağına ümid edir. Xatırladaq ki, “Telia” Özbəkistan telekommunikasiya bazarında ciddi korrupsiya sövdələşmələrinə girdiyi üçün qalmaqalla üzləşib. Şirkətin mərhum prezident İslam Kərimovun qızı Gülnara Kərimovaya yüz milyonlarla dollar rüşvət verdiyi üzə çıxmışdı. Nəticədə “Telia” milyardlarla dollar cərimə ödəməli olub.

Büdcəyə əlavə gəlir cəlb etmək və iqtisadiyyatın inkişafını stimullaşdırmaq məqsədi ilə hazırda Azərbaycanda dövlət müəssisələrinin özəlləşdirməsi aktual gündəm mövzulardan biridir. Bu durumda hökümətin “Azercell”in əsas pay sahibinə çevrilməsi nə qədər məqsədəuyğun hesab oluna bilər və “Azercell”in nəzarət səhmlərinin hökümətin əlinə keçməsi mobil rabitə bazarında qiymətlərə necə təsir edə bilər?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Respublikaçı Alternativ Hərəkatının (REAL) icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərliyə müraciət edib.

Natiq Cəfərli: “Mobil rabitə operatorlarının gələcəkdə surətli inkişafı ilə əlaqədar müxtəlif problemlərin yaşanacağını indidən söyləmək mümkündür”.

Son illərdə dövlət öz yükünün azaldılmasından, özəlləşdirmə proqramlarının həyata keçirilməsindən danışdığını xatırladan iqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında vurğulayıb ki, bu çox qəribə bir yanaşmadır və bu günə qədər söylənənlərlə təzad təşkil edir:

“Əslində qəribə olan odur ki, Azərbaycan höküməti son iki ildə dəfələrlə vurğuladı ki, biz özəlləşmə həyata keçirəcəyik və çox sahələrdə dşvlətin nəzarətində olan aktivləri yenidən özəlləşdirməyə çıxardıb dövlətin yükünü azaldacağıq. Həmçinin hökümət bildirimişdi ki, xarici investorlar cəlb edəcəklər və xarici investorlar vasitəsi ilə ölkəyə yeni texnologiyaların, yeni investisiyaların gəlməsinə nail olacaqlar. Amma biz bu vədlərin tam tərsini görürük. Yəni biz “Azercell”in özəl payının dövlət şirkəti tərəfindən alınması prosesinin şahidi olduq. Əslində bu çox qəribə bir yanaşmadır və bu günə qədər söylənənlərlə təzad təşkil edir. Çünki son illərdə dövlət öz yükünün azaldılmasından, özəlləşdirmə proqramlarının həyata keçirilməsindən danışırdı, amma sanki birdən-birə, böyük bir şirkətin böyük hissəsinin alınmağına qərar verildi.

Mən hesab edirəm ki, bu doğru yanaşma deyil. Çünki dövlət üzərindən nə qədər çox yükü azaltsa, hətta özəlləşməni daha dərinləşdirsə, əlində olan aktivləri xarici şirkətlərin cəlb olunması vasitəsi ilə sərmayə cəlb etməyə, ya da özəlləşdirməyə çıxarsa, daha doğru bir yanaşma olardı. İndi isə “Azercell”ə lazım olacaq əlavə vəsaitlər, texniki avadanlıqlar, təmir işləri dövlət hesabına görüləcək. Bu da dövlətə əlavə yük gətirəcək. Çünki mobil rabitə operatorlarının gələcəkdə surətli inkişafı ilə əlaqədar müxtəlif problemlərin yaşanacağını indidən söyləmək mümkündür.

Natiq Cəfərli: “Çox böyük ehtimalla investisiyaları dövlət ödəyəcək, bir çox dövlət və hökümət idarələri də ancaq “Azercell”lə müqavil bağlayacaq”.

Bildiyimiz kimi dünyanın hər yerində mobil operatorların gəlirləri azalır. İndi bu sahədə Azərbaycan yükü öz üzərinə götürdü, yəni dövlət öz üzərinə götürdü. İndi də “Azercell”də həm təmir, həm də investisiya xərclərini dövlət özü görəcək ki, bu da doğru yanaşma deyil.

Bu məsələ mobil bazarında da rəqabət mühitinin zəifləməsinə səbəb olacaq. Çünki dövlətin əlində olan bir şirkət daha çox üstünlük qazanacaq. Çünki çox böyük ehtimalla investisiyaları dövlət ödəyəcək, bir çox dövlət və hökümət idarələri də ancaq “Azercell”lə müqavil bağlayacaq. Bu da bazarda haqsız rəqabətə yol açacaq. “Azercell”in sıradan özəlləşməsi daha məqədəuyğun olardı. Yəni hökümət indi “Azercell”i alıbsa da, heç olmasa bir müddət sonra xarici şirkətlərin iştirakı ilə tender elan edib, nəzarət paketini daha baha qiymətə satması məqsəd uyğundur. Əgər hökümət bunu etməyəcəksə, haqsız rəqabətə qapı açmış olacaq”.

Şərhlər

XƏBƏR LENTİ